Mahmudovun həbsxanaya yolu göründü

Mahmudovun həbsxanaya yolu göründü

Yanvar 10th, 2017
Cəmiyyət

Sabiq MTN şefi yaxın vaxtlarda həbs oluna bilər

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natəvan Mürvətova, həmçinin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə “METAK” MMC-nin təsisçisi və rəhbəri Alik Kərimov zərərçəkmiş şəxs qismində tanınıb.

A.Kərimov istintaqa ifadəsində bildirib ki, 2015-ci ilin sentyabr ayının 29-30 tarixlərində onun istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı telefondan zənglər gəlməyə başlayıb. O, nömrənin MTN əməkdaşlarına məxsus olduğunu güman edib. Kərimov bundan sonra nömrənin Natiq Alıyevə məxsus olmasını öyrənib. Təhdidlərdən sonra onunla “Naxçıvan” restoranında görüşməyə məcbur olan Alik Kərimov fərqli mənzərəylə rastlaşıb və görüşdə hədələnib: “O, mənə “dövlət mənə silah verib, bu dövlətin “obaxeyesi” mənəm, mən kimə qarşı istəsəm, bu silahı işlədə bilərəm” dedi. Bundan başqa, Natiq Alıyev oğlumu 3 aylıq həbs edə biləcəyini, MMC-nin 5 illik fəaliyyətini yoxlatdıracağını, Fuadın da başına oyun açacağını, dizi üstə qoyacağını bildirdi. Bu sözlərdən sonra Natiq Alıyev işləri yoluna qoymaq və MTN-nin nəzərində təmizə çıxarmaq üçün 500 min manat pulumu alacağını söylədi. Bu məbləğin çox olduğunu dedikdə, Natiq Alıyev mənə “nazir Eldar Mahmudov deyib ki, bir yerə bir dəfə girib, bir dəfəlik götürmək lazımdır, nazirliyin adı var. Ona görə 500 min manatı hazırla” dedi”.

Odioz general hədəfə gətirilir

Alik Kərimovdan əvvəl keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da istintaqa ifadəsində şəxsən keçmiş MTN başçısı Eldar Mahmudov tərəfindən hədələndiyini və hər ay ona paket şəklində pul verməyə məcbur olduğunu etiraf etdi. Kərimov və Abbasovun ifadələrinə qədər davam edən MTN işində bir dəfə də olsun, Eldar Mahmudovun adı açıq formada hallandırılmayıb. Cinayət məsuliyyətinə cəlb olunmuş keçmiş MTN generalları da onun adını çəkməyiblər.

Lakin proseslərdəki son ifadələr fərqli mənzərə yaratmalı, prosesləri ayrı istiqamətlərə yönəltməliydi ki, hələlik bunun şahidi olmuruq.
Yəni, Əli Abbasov və Alik Kərimovun ifadələri kifayət edirdi ki, Eldar Mahmudov barəsində həbs qətimkan tədbiri seçilsin. Hələ Əli Abbasov ifadə verəndə ən azından bir neçə aylıq, məsələnin detallı formada aydınlaşdırılması üçün keçmiş MTN “şef”inin saxlanılacağı gözlənilən idi. Lakin hansısa səbəbdənsə hüquq mühafizə orqanları bu gözləntiyə adekvat hərəkət etmir. Ehtimallar vardı ki, bayram günlərində, yəni yanvarın əvvəllərində Mahmudov saxlanılacaq, amma hələ ki, bu baş vermir.

Gecikmiş etiraflar, yoxsa həbsə hazırlıq?

Amma odioz general ətrafında baş verənlər, şantaj etdiyi nüfuzlu şəxslərin etirafları həbsdən yaxa qurtarmaq üçün manevr imkanlarını məhdudlaşdırır. Bunlar Eldar Mahmudovun həbsinə hazırlıq kimi qiymətləndirilə bilər. Amma bundan əvvəl mediaya sızdırılmış daha ciddi faktlar vardı ki, bu, onun həbs edilməsi üçün dəlillər kimi istifadə oluna bilərdi. Bütün bunların fonunda Eldar Mahmudovun azadlıqda qalması o ehtimalı yaradır ki, hüquq-mühafizə orqanları hansısa səbəbdən keçmiş MTN başçısını həbs etməyə tələsmir.

Əvvəlki yazılarımızda Mahmudovun hökumətdə təmsil olunan bir sıra yüksək rütbəli məmurları şantaj etmək üçün məxfi məlumatların olmasını, həmçinin dövlətə qarşı təxribat imkanlarının olması ehtimallarından yazmışdıq. Qeyd etmişdik ki, həmin vasitələrlə Mahmudov özünü sığortalayır. Lakin baş verən son proseslər və açılan faktlar onu göstərir ki, o, bu imkanlarından məhrum olub.

Əks halda nə Alik Kərimov, nə də Əli Abbasov göstəriş olmadan bu faktları açıq formada dilə gətirməzdilər. Elə Ə.Abbasovun özü ilk dəfə korrupsiya hallarına yol verməkdə, rüşvət almaqda ittiham olunanda deyərdi ki, bunu Eldar Mahmudovun təzyiqləri altında edib, nəticədə özünü dalana dirəməzdi. Görünür ki, Abbasov da, Kərimov da hansısa dairələrlə hesablaşırlar və tapşırıq üzərində hərəkət edirlər. Nəticə etibarilə də son gəlişmələr göstərir ki, artıq Eldar Mahmudovun həbsinə hazırlıq gedir və törətdiyi cinayətlərin ən yüksək səviyyələrdə ifşa olunması işinə start verilib.

Amma Eldar Mahmudovda onu azadlıqdasaxlayan daha ciddi faktların olması da istisna deyil. Hər halda həmin suallara aydınlıq gətirildikdən sonra odioz general ya azadlıqda qalacaq, ya da həbs olunacaq. Bu, tərəflər arasında anlaşma məsələsidir.

Əfqan Ədilov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə