Dərman da “qara bazar”da satılır

Dərman da “qara bazar”da satılır

Yanvar 11th, 2017
İqtisadiyyat

Adil Qeybulla: “Azad rəqabət olsa, qiymətlər düşər, keyfiyyət artar”

2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan olan Tarif Şurası bu preparatlarla bağlı müntəzəm olaraq qiymətləri tənzimləyir. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır.

Ölkədə qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə fərqli rəqəmlərlə satılması hallarına rast gəlinir. Bəzi dərman preparatları tamamilə yoxa çıxıb. Artıq dərmanların da “qara bazar”ı yaranıb ki, bəzi yoxa çıxan dərman vasitələrini orada tapmaq mümkün olur. Bundan əlavə dolların məzənnəsində hər gün artım olduğu üçün sahibkarlar xarici ölkələrdən dərman preparatlarının gətiriləməsinə maraqlı deyillər. Eyni zamanda bu vəziyyətə Tarif Şurasının ayda bir neçə dəfə dərman bazarına müdaxiləsi də təsir edir. Yəni, dərmanların qiymətlərindəki tənzimləmə birdəfəlik oturuşmuş vəziyyətə gətirilmir. Bu isə ölkədə dərman qıtlığının yaranmasına səbəb olur. Hazırda bir qrup dərmanlar satışdan çıxarılıb. Həmçinin, bir qrup dərmanların qiymətlərində kəskin bahalaşma olduğundan onların “əlaltından” satışı, yəni, “qara bazarı”formalaşıb. Ən çox işlənən dərmanların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində onların ölkəyə idxalı demək olar ki, dayanıb.

Dərmanların qiyməti hər gün tənzimlənməlidir

Bu günlərdə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev də məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib. Millət vəkili hesab edir ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi üçün yeni metodun hazırlanmasına ehtiyac var. O, bildirib ki, hazırda dərmanların 95 faizi xaricdən dollarla alınır. Dolların qiymətində isə hər gün dəyişiklik baş verdiyi üçün dərmanların qiymətinin tənzimlənməsi praktiki olaraq hər gün aparılmalıdır, amma bu mümkün deyil. Ona görə də yeni metodika hazırlanmalıdır ki, dollara uyğun olaraq dərman qiymətləri də tənzimlənsin. Deputat bildirib ki, dolların qiymətində artım müşahidə olunduğu üçün sahibkarlar bəzi dərmanları ölkəyə idxal etmirlər:

“Həm həkimlərin öyrəndiyi, həm də xəstələrin tanıdığı bir sıra dərmanlar artıq gətirilmir. Həmin tərkibdə lakin yeni adda dərmanlar gətirilir ki, bu da bəzən həm həkimlər, həm də xəstələr tərəfindən ya tanınmır, ya da xəstədə həmin dərmanın təsirinə inam olmur. Mən təklif etmişdim ki, ən çox tələbat olan 500 dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın”. M.Quliyev hesab edir ki, icbari tibbi sığortanın tətbiqindən sonra vacib dərmanlar icbari tibbi sığorta paketinə daxil olunarsa, vəziyyət düzələr: “Bundan əlavə artıq Azərbaycanda bir dərman zavodunun tikintisinə başlanılıb, yaxın vaxtlarda isə daha bir zavodun təməlinin qoyulması nəzərdə tutulur. Bizim bir neçə dərman zavodumuz olsa, onda dərmanların qiyməti dollardan asılı olmaz və əhali daha ucuz qiymətə dərman vasitələri ilə təmin olunar”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə bildirib ki, dövlət bəzi mühüm istifadəsi olan dərmanların ölkəyə idxalı ilə məşğuldur: “Biznesmenin və ya dərman idxalı ilə məşul olanların gətirdiyi dərmanın qiymətinə müdaxilə etmək yolverilməzdir. Necə olur ki, bunun vergisi, cəriməsi olduğu kimi qalır, amma sahibkara olan gəliri məsələsinə müdaxilə olunur. Nəticədə bəzi dərmanlar aptek şəbəkəsindən yoxa çıxır. Sonrakı etapda da məlum olur ki, bu müdaxilə heç bir effekt vermir.

Digər tərəfdən Azərbaycanda dərman istehsalı sənayesi aparılmalıdır. Ara-sıra bu barədə mətbuatda məlumatlar gedir, amma real bir nəticə yoxdur. Ən azı çox istifadə olunan dərmanlar Azərbaycanda istehsal olunsaydı, bu müəyyən işlərə köməklik olardı. Gələcəkdə icbari tibbi sığorta paketinə əhalinin istehlak etdiyi dərmanları ilk qrupa əlavə edilməlidir ki, ondan istifadə mümkün olsun. Bu dərmanların qiymətinin tənzimlənməsi də çox vacib bir məsələdir. İndiki iqtisadi şəraitdə bu tip müdaxilələr yolverilməzdir. Bunun yolu müdaxilə deyil, monopoliyanı aradan qaldırmaqdır”.

Ekspert hesab edir ki, dərman bazarında azad rəqabət olmalıdır: “Azad rəqabət olsa, qiymətlər düşər və keyfiyyət artar. Biz azad rəqabəti kənara qoymuşuq. Bazar sırf monopoliyadadır. Müəyyən müdaxilələrlə biz bir nəticəyə gələ bilmirik”.

Alçina Amilqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə