Erməni diasporu da Sülh Platformasında

Erməni diasporu da Sülh Platformasında

Yanvar 12th, 2017
Analitika

Erməni hakimiyyətinin pul dayağı sarsılır

Azər Həsrət: “Ağlı başında olan ermənilər vəziyyəti başa düşürlər”

Artıq beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsindən tam məlumatlıdır. Uzun illər ərzində zərərçəkən tərəfin Azərbaycan olması sübut olunmaqdadır. Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir. Artıq Ermənistanın daxilində və xaricində yaşayan ermənilər də həqiqəti etiraf edirlər. Çünki Ermənistanın işğalçı siyasətindən erməni vətəndaşları ziyan çəkir.

Son günlər erməni millətçiləri sosial şəbəkələrdə ABŞ-da yaşayan milliyyətcə erməni yazıçı Anna Paytyana qarşı, gözümçıxdı kampaniyası təşkil edib.Erməni cəmiyyətinin təcavüzkarlıqla köklənmiş hissəsinin bu qəzəbli reaksiyasının səbəbi yazıçının Xocalı soyqırımını ittiham edən cəsarətli bəyanatı və qanlı qətliamı təşkil etmiş cəlladların cəzasını tələb etməsidir. Belə ki, Anna Paytyan “Azərbaycan uşağını öldürən, erməni uşağını da öldürəcək” şəklində bir bəyanat vermişdi.

Yazıçını bu bəyanatdan dərhal sonra erməni xalqının düşməni çıxardılar, Azərbaycan xüsusi xidmət orqanlarının agentinə çevirdilər, həmçinin ruhi xəstə elan etdilər. Bundan başqa, millətçilər Anna Paytyanın ümumi dostları və tanışlarını aşkar edərək onların ünvanına təhdidlər yollamağa başlayıblar. Müzakirələr zamanı azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını təşkil etmək ehtiyacı haqqında təklif irəli sürənlər də tapılıb. Həmçinin yazıçı Anna Paytyanı müdafiə etməyə cəsarət edənlər də tapılıb. Gümrüdən fəal Anna Avetisyan bildirib: “Siz birmənalı haqlısınız. Bunlar isə yalnız təbliğatla məst edilmiş xalqdır, nə arxivi oxuyublar, nə də tarixi. Onlardan hətta birinə cavab vermək kifayətdir ki, ölkəni ümumi hürüş, səs-küy bürüsün”.

Bundan əlavə Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirərkən qeyd edib ki, işğal olunmuş rayonlar geri qaytarılmalıdır: “Rəhbərlik etdiyim konqresin mövqeyi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında son qoyulmalıdır. Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Azərbaycan mənim vətənimdir, mən orada Oğuz rayonunda doğulmuşam. İndi də biz ailə olaraq Azərbaycanı özümüzə vətən hesab edirik. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu münaqişədən erməni xalqı çox əziyyət çəkir, müharibə bitər, sərhədlər açılarsa, Ermənistan bundan iqtisadi cəhətdən çox fayda götürəcək. Bu, tək mənim yox, əksər ermənilərin fikridir”.

Bütün bu olanlardan belə nəticəyə gəlmək olur ki, artıq Sərkisyan rejimi ilə erməni diasporu arasında ciddi problem var. Bəzi ekspertlər hesab edir ki, burda “Ermənistan-Azərbaycan Sülh Platforması”nın faəliyyətini vurğulamaq lazımdır. Həmin tərkibdə olan nümayəndələr həm Ermənistanın daxilində, həm də xaricdə yaşan erməni yazıçılar, erməni milli konqresinin sədrləridir. Ermənilər tərəfindən belə bir səs-küyün yüksəlməsi Sülh Platformasının uğurlu nəticəsinin ehtimalını artırır. Bu gün əksər erməni diasporu Sülh Platformasını dəstəkləyir və açıq-aşkar bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib.

“Başa düşürlər ki, münaqişə onlara fayda verməyəcək”

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət “Cümhuriyət” qəzetinə bildirib ki, bu səslərin yüksəlməsi yaxşı haldır: “Çünki münaqişə başlayandan sonrakı illər ərzində həmişə elə bilmişik ki, Ermənistanda xalqın hamısı məhz həmin işğalın arxasında durur, qanların axmasında günahkardır. Amma ermənilərin arasından cəsarətli adamlar tək-tək çıxıblarsa da, bəlli müddət sonra həmin adamlar ortadan çəkilirdilər.

Bu da öz fikrimizdə qalmağa təkan verirdi. Son aylar ərzində aparılan işlər, xüsusən də bəzi fəal ermənilərin Azərbaycana gəlməsi, bizimlə bir masa arxasında oturması və səsləndirdikləri “Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı bütün torpaqlar Azərbaycana qaytarılmalıdır” kimi ifadələr bizdə ermənilərin hamısının təcavüzkar olmadığı fikrinə gəlməmizə təkan verir. Artıq ermənilər başa düşürlər ki, bu münaqişə nə onlar, nə də bizə fayda gətirməyəcək.

Çünki Azərbaycan tez və ya gec o torpaqları ermənilərin əlində alacaq. Həmin anda mümkün deyil ki, Dağlıq Qarabağdakı ermənilər belə bu torpaqlardan uzaqlaşdırılsınlar. Təbii ki, belə olan halda ermənilər böyük hesabla uduzmuş olacaq. Ona görə də ağlı başında olan ermənilər vəziyyəti başa düşürlər və etiraf edirlər ki, Dağlıq Qarabağ da daxil olmaqla bütün torpaqlar Azərbaycana qaytarılmalıdır ki, həm Azərbaycan, həm də erməni xalqı rahat şəkildə yaşaya bilsin”.

“Sadə ermənilər barışmaq istəyir”

Azər Həsrətin qənaətincə, Sarkisyan rejimi ömrünü uzatmaq üçün o cür adamların səsini kəsməyə çalışır: “Onları vətən xaini elan edir, onlara qarşı kampaniyalar təşkil edir, gözdən salmaq istəyir. Amma bu gözdənsalma kampaniyaları əks effekt verməyə başlayır. Çünki sadə ermənilər- hansılar ki, bu cür münaqişələrdə maraqlı deyillər və ümumiyyətlə, bu münaqişənin əziyyətini məhz onlar çəkir – artıq dözüm limitini keçiblər. Buna görə də səslərini ucaldırlar ki, Azərbaycanla dostluq, qardaşlıq bərpa edilməlidir, torpaqlar geri qaytarılmalıdır və insanlarımız dinc yaşamalıdır.

Əlbəttə ki, bu gerçəyi ermənilərin dərk etməsi üçün keçən zaman bir qədər uzundur. Amma uzun olsa da onlar bu gerçəyi dilə gətirməyə başlayıblarsa, məncə, tunelin sonundakı işıq görünməkdədir. Yəni, ermənilərin normal düşünənləri, ağlı başında olanları, nifrətdən, düşmənçilikdən vaz keçməyi bacaranları səslərini ucaldırlar ki, bu problem həllini tapsın.

Ona görə də Sarkisyan rejimi daha da cılızlaşır, əsəbiləşir, qəddarlaşır və bu cür adamları gözdən salır, onlara qarşı müxtəlif təzyiq kampaniyaları təşkil edir. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti də ermənilərin bu hərəkətlərini düzgün qiymətləndirməlidir, yaxşı və pis erməniləri bir-birindən ayırmağı bacarmalıdır. Biz birmənalı şəkildə iddia etmirik ki, mütləq bütün ermənilər Azərbaycana qarşıdır.

Xeyr, ermənilər arasında elələri var ki, azərbaycanlılarla dinc yaşamaq istəyi. Biz həmin adamlara qucaq açmalıyıq, onların bizimlə normal yaşayışını təmin etməliyik. Bu baxımdan hesab edirəm ki, “Ermənistan-Azərbaycan Sülh Platforması” uğurlu bir formatdır. Bu platformanın davam etdirilməsi münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verə bilrə”.

Yeganə Oqtayqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə