Kasıblar idarəetməyə cəlb edilməli, varlılar…

Kasıblar idarəetməyə cəlb edilməli, varlılar…

Yanvar 12th, 2017
Cəmiyyət

Dövlət, idarəetmə və təbəqələşmə filosofların baxışlarında

Cəmiyyətin təbəqələrə bölünməsi və bu təbəqələşmədə orta təbəqənin rolu hələ antik dövrdən etibarən muxtəlif filosofların, sosioloqların maraq dairəsində olub. Antik yunan filosofu Platon cəmiyyətdə üç təbəqənin bərqərar olduğunu qeyd edirdi. Platona görə, birinci təbəqə yuxarı təbəqə olub, dahilərdən, müdriklərdən ibarətdir və onlar cəmiyyəti idarə edirlər; orta təbəqənin cəmiyyəti xaosdan, iğtişaşlardan qoruyan hərbçilər təşkil edir; aşağı təbəqəyə sənətkarlar və kəndlilər aiddir.

Yuxarı təbəqədəki insanların xeyli üstünlükləri vardısa da, onlar nöqsanlardan xali deyillər. Belə ki, onlar dövləti idarə edərkən hakimiyyətdən öz məqsədləri üçün sui-istifadə edərək bəhrələnirlər. Cəmiyyətdə neqativ hal və və proseslərin baş verməməsi üçün, filosofun fikrincə, insanları şəxsi mülkiyyətdən məhrum etmək lazımdır. Platon bu qənaətə gəlmişdir ki, cəmiyyətin idarə olunmasına ancaq yaşı 50-ni keçmiş, yüksək təhsilli, qabiliyyətli və istedadlı şəxslər iştirak edə bilər. Həmin şəxslər ciddi həyat tərzi keçirməli və əyləncə, eyş-işrətə aludə olmamalıdırlar.

Digər bir antik dövr filosofu Aristotel isə cəmiyyətdə orta təbəqədən başqa, zəngin plutokratiya və mülkiyyətdən məhrum olunmuş proletariat haqqında bəhs edirdi. Aristotelin fikrincə, cəmiyyətin normal idarə olunması üçün aşağıdakı prinsiplərin gözlənilməsi böyük səmərə verə bilər:

-kasıblar idarəetmədə iştirakdan uzaqlaşdırılmamalı;
-varlıların eqoist maraqları məhdudlaşdırılmalı;
-digər iki təbəqəyə nisbətən orta təbəqə daha çoxsaylı və güclü olmalıdır. Filosofun fikrincə, orta sinfin nümayəndələrinin çoxluq təşkil etdiyi dövlət güclü dövlət olar və burada normal inkişaf prosesi gedə bilər. Əksinə olduqda isə, yəni sərvəti bol olanlar çoxluq təşkil edərsə, yaxud kasıblar çox olarsa, onlar arasında daim konfliktlər baş verər ki, bunun nəticəsində də ya xalis demokratiya, ya xalis oliqarxiya , ya da tiraniya yaranar.

Böyük Azərbaycan filosofu Nəsirəddin Tusinin dövlətin meydana gəlməsi haqqında fikrini açıqlayarkən qeyd edirdi ki, insan tənha yaşaya bilməz, bütün ömrü əzab-əziyyət içində keçər. İnsanlar bir-birinə kömək edir, hərəsi müəyyən işləri yerinə yetirir, tarazlıq əmələ gətirir, özünü və növünü müdafiə edir, sistem yaradır.Tusiyə görə, cəmiyyət mürəkkəb struktur elementlərindən ibarətdir: ailə, məhəllə, şəhər icması, böyük xalqlar icması, dünyəvi icma. “Hər adam bir evin (ailənin) tərkib hissəsi olduğu kimi, hər ev bir məhəllənin tərkib hissəsi kimi, hər məhəllə bir şəhərin tərkib hissəsi kimi, hər şəhər bir xalqın tərkib hissəsi kimi, hər xalq bütün dünya əhalisinin tərkib hissəsi olar”. Burada Tusi cəmiyyəti bir tam kimi götürür.

Daha sonra Tusi belə bir fikrə gəlir ki, insan dövlətdən kənarda yaşaya bilməz. Dövlətin insanların aktiv fəaliyyətinə, insanların isə dövlət tərəfindən qorunmasına ehtiyac var. Tusi “ideal dövlət” nəzəriyyəsində cəmiyyətdəki təbəqələrin dörd olduğunu söyləyirdi: qələm əhli, qılınc əhli, müamilə əhli, ziraət əhli. Filosof bu dörd təbəqə arasında qarşılıqlı fayda verən əməkdaşlığın mövcud olmasını zəruri hesab edirdi. Məhz bu əlaqə nəticəsində dövlət uzun müddət fəaliyyət göstərir. Tusi böyük ustalıqla göstərirdi ki, əgər dövlət bir tamdırsa, təbəqələr onun hissələridir. Bu tam daxilində hər hissənin öz yeri var.

Hər hissə özünəməxsus funksiya yerinə yetirir. O, buna görə də bir hissənin funksiyasının əlindən alınıb başqa birisinin əlinə verilməsinin əleyhinə çıxırdı. Onun fikrincə belə hal tamın pozulmasına gətirib çıxarar. Tusi dahiyanə şəkildə götərirdi ki, dörd ünsür (od, su, torpaq, hava) təbiətin mövcud olması üçün nə qədər zəruridirsə, söylənilən dörd təbəqənin mövcudluğu da cəmiyyət üçün o qədər zəruridir. Nüfuzlu alman filosofu Hegel vətəndaş cəmiyyətini burjua cəmiyyəti kimi qiymətləndirərək, ayrı-ayrı adamların şəxsi maraq və və məqsədlərinin həyata keçirilməsi sferası kimi baxırdı. Şəxsi maraqlara görə insanlar arasındakı çəkişmələr vətəndaş cəmiyyətində həqiqi azadlığın bərqərarına imkan vermir.

O, vətəndaş cəmiyyətində üç təbəqənin olduğunu bildirirdi: 1) əkinçilər (zadəgan və kəndlilər); 2) sənaye (fabrikantlar, tacirlər, sənətkarlar); 3) ümumu (məmurlar).

Hegel dövləti “Allahın Yerdəki təntənəsi) adlandıraraq vətəndaş cəmiyyətinin dövlətin mövcudluğu üçün vacib olduğunu bildirirdi. Ç.S.Millsin fikrinə görə, yeni orta sinif və ya “ağ yaxalıqlar”, amerika cəmiyyəti üçün təyin edicidirlər. O, köhnə və yeni orta sinif arasında əsas fərqləri müəyyənləşdirdi: 1) əmək bazarında mülkiyyət alqı-satqısından fərqli olaraq, yeni orta sinif tərəfindən xidmətlərin satılması imkanları; 2) böyük mülkiyyəti təkzib etsə də, yeni orta sinfin böyük strukturlardan asılılığı; 3) yeni orta sinif nümayəndələri tərəfindən bəzi fəaliyyət istiqamətlərində digər işçi və əməkdaşlar üzərində birbaşa nəzarəti; nəhayət 4) “ağ yaxalıqlara” birbaşa mülkiyyətə deyil, o yerdə hakimiyyətə malik olma imkanı verildi.

Sonralar Amerika sosioloqları U.Uorner və P.Lant müştərək işlərində ilk dəfə olaraq orta sinfin tam təsvirini verdilər: gəlirin əsas səviyyəsi və mülkiyyətin həcmi; müəyyən şəxsi muxtariyyat; təşəbbüskarlıq və yüksək iqtisadi fəallıq; yüksək səviyyəli təhsil almaqla bağlı irsi mədəni sərmayə; ailənin dəyər kimi yüksək qiymətləndirilməsi. Onlar tərəfindən həm də ilk dəfə olaraq yüksək və aşağı təbəqəli orta sinif arasında dəqiq sərhədlər müəyyən edilmişdir. Belə ki, birinciyə onlar yüksək gəlirli yuxarı ranqın işçilərini, mütəxəssisləri, menecerləri aid etmişdirlər. Onlar karyerada inkişafa can atır, ictimaiyyətdə fəallıq göstərir, uşaqlarına elit məktəb və kolleclərdə təhsil vermək imkanlarına malikdirlər və şəhərin prestijli yerlərində yaşamağa üstünlük verirlər. İkinciyə – orta və aşağı təbəqəli dövlət çinovnikləri, ixtisasçıları, kiçik sahibkarları, ticarətçiləri, fermer və digər orta təhsilli qeyri-fiziki işlə məşğul olan mütəxəssisləri aid edirdilər.

Ötən əsrin 50-80-ci illərində – ümumi rifahın əsas olduğu dövlətin formalaşdığı və inkişaf etdiyi dövrdə – alimlər arasında ixtisaslaşdırılmamış fiziki əməyin ləğv edilməsinə inam yarandı. Buna çox ciddi səbəblər var idi: bütün industrial ölkə-lərdə xidmət sahələrində məşğul olanların sayı artdığı halda, işçi sinfin ənənəvi sayı kəskin azaldı.

Tədqiqatçıların qənaətincə orta təbəqənin say etibarı ilə müəyyən edilməsinin əsas meyarı orta gəlirlilikdir. 1970-ci ildə ABŞ-da bu ölkədə orta gəlirli ailələrin sayı ümumi ailələrin 65, 2007-ci ildə 44 faizini təşkil etmişdir. Rusiyaya gəldikdə isə qeyd edək ki, bu ölkə 2008-ci ildən yoxsulluqla mübarizə konsepsiyasından imtina edərək prinsipcə yeni – orta təbəqənin sayının artımına istiqamətlənən konsepsiya formalaşdırmışdır. Orta müddətli perspektiv üçün cəmiyyətin strukturunda onların sayının 50, hətta 70 faizə çatması nəzərdə tutulmuşdur.

Rusiyada aylıq gəliri 2 min dollar olan əhali orta təbəqəyə aid edilir. Ancaq bu ölkədə həyatın qiymətinin daha yüksək olduğunu vurğulayırlar. İqtisadçıların hesablamalarına görə, Moskvada orta təbəqəyə aylıq gəlirlərin 2-2,5 min, regionlarda isə 1-1,5 min avro olanlar aid edilməlidir. 2010-cu ildə aparılmış sorğu nəticəsində müəyyən olunmuşdur ki, Rusiyada əhalinin 17 faizi könüllü olaraq özünü orta təbəqədə görür. Ancaq rus alimi E.Kuznetsov yazır ki, əgər Avropa standartlarına əsaslansaq, indi Rusiyada orta sinfə əhalinin ancaq 2-3 faizi aid ola bilər. Son illərdə Rusiyaya tətbiq olunan sanksiyalar ölkə əhalisinin gəlirlərinə ciddi surətdə təsir etmiş və orta təbəqəyə aid olan insanların cox hissəsi yoxsullar təbəqəsinə yerini dəyişmişlər.

İstənilən cəmiyyətdə demokratiyanın inkişafı azad rəqabətin təmin olunması, vətəndaş cəmiyyəti institutlarının formalaşması, söz və seçim azadlığının təmin olunması orta təbəqənin inkişafına əhəmiyyətli dərəcədə təsir edən faktorlardır. Orta təbəqə hakimyyəti təyin edən əsas qüvvədir. Əgər gəlirlilik meyarı ilə qiymətləndirsək cəmiyətimizdə orta təbəqənin olmadığı qənaətinə gələ bilərik. Bəlkə də bu gün cəmiyyətimizdə üzləşdiymiz problemlərin əsas səbəblərindən biri orta təbəqənin olmamasıdır.

İlham Soltanov, AMEA-nın Fəlsəfə İnstitunun elmi işçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə