Manatı qorumaq üçün xərclənən milyardlar

Manatı qorumaq üçün xərclənən milyardlar

Yanvar 12th, 2017
İqtisadiyyat

Milli valyutanı qorumaq mümkün olacaqmı?\r\n\r\nÖtən gün prezident İlham Əliyevin fərmanıyla Dövlət Neft Fondunun 2017-ci il büdcəsi təsdiq olundu. Təsdiq olunan büdcəyə görə, 2017-ci ildə Fondun gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 milyon 856 min manat olacaq. Dövlət Neftin Fondunun xərcləri aidiyyatı üzrə dövlət büdcəsinə transfert 6 milyard 100 milyon manat; makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfert 7 milyard 500 milyon manat və digər sahələrə ayrılan vəsaitlərdən ibarətdir. Fondun gəlirlərində isə əsas qaynaq karbohidrogenlərin satışıdır ki, Fondun 2017-ci il ərzində bundan 7 milyard 550 milyon 705,3 min manat xalis gəlir əldə edilməsi nəzərdə tutulur.\r\n\r\nMaraqlıdır ki, Neft Fondu bir müddət öncə Azərbaycan Mərkəzi Bankına transfertlər və hərraclarda aktiv iştirak etməyəcəyini bəyan etmişdi. Bunu isə dünya bazarında neftin kəskin ucuzlaşmasıyla əlaqələndirmişdilər. Ancaq indi görünür ki, hökumət yenə də əvvəlki siyasətinə qayıdıb və manatın gücünü saxlamaq üçün Fondun gəlirlərindən istifadə edir. Qeyd edək ki, 2016-cı ildə manatın məzənnəsini saxlamaq üçün Fond 11 milyard dollar xərclədi ancaq bunun elə də ciddi nəticəsi olmadı.\r\n\r\nManat ötən 1 il ərzində ən az 2 dəfə ucuzlaşdı. Doğrudur, hökumət 11 milyardı xərcləməsəydi, manat bugünkü qiymətindən daha ucuz olardı. Əslində AMB-nin üzən məzənnə rejiminə keçməsi də öz maliyyə resurslarını qorumağa hesablanmışdı. Ancaq bu proses də qaydalara uyğun aparılmadı və manat real dəyərinə çatmadı. Manatı hazırkı səviyyədə saxlamaq üçün AMB zaman-zaman valyuta bazarına müdaxilələr etdi və manatın məzənnəsini inzibati qaydada müəyyənləşdirdi. Hal-hazırda gedən proseslərə nəzər saldıqda isə görünür ki, hökumət yenə də əvvəlki maliyyə siyasətinə geri dönüb. Ümumiyyətlə, Dövlət Neft Fondunun büdcəsi mövcud duruma adekvatdır? Fondun AMB-yə transfert etdiyi 4.2 milyard dollar manatın möhkəmlənməsinə necətəsir göstərəcək?\r\n\r\nİqtisadçılar bildirirlər ki, hökumətin bu addımı manatı kəskin ucuzlaşmadan qorumağa hesablanıb. İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, Dövlət Neft Fondunun Mərkəzi Banka 4.2 milyard dollar transfert etməsi “qara bazar”ın əhəmiyyətini azaldacaq və banklar yenidən dollar satışına başlayacaq: “Neft Fondu Mərkəzə Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək. Bu təxminən ayda 352 milyon dollar edir. Hesablamalara əsasən, valyuta bazarının aylıq kəsirinin 300-400 milyon dollardır. Deməli, bu transfert gözlənilməz hadisələr neftin kəskin ucuzlaşması, siyasi böhran, maliyyə panikası baş verməsə bazarı 2017-ci ildə sakitləşdirə biləcək. Bankların dollar satışı bərpa ediləcək. “Qara bazar”ın əhəmiyyəti azalacaq. Mərkəzi Bank yəqin ki vəsaitləri bir neçə istiqamətdə istifadə edəcək: Ehtiyac yarandıqca hərraca əlavə vəsait çıxaracaq, dövlət zəmanətli və bəzi bankların (məsələn, Beynəlxalq Bankın) xarici öhdəliklərini qarşılayacaq, banklara dollar likvidliyi (kredit və ya depozit vasitəsilə) verəcək”.\r\n\r\nEkspert deyir ki, Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına dollar çatışmazlığını müvəqqəti olaraq aradan qaldırmaq mümkündür: Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür. Mərkəzi Banka 4.2 milyard dollar köçürülməsi nəticəsində hökumət təxminən 1 il vaxt qazandı. Hətta bu təşəbbüsdən sonra da manatın tam üzməsini iddia etmək olmaz”. \r\n\r\nVilayət Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə