Yuxarı

Nazirliklərin sayı azaldılır

Nazirliklərin sayı azaldılır

[caption id="attachment_1931" align="alignleft" width="387"]mutellim rehimli Mütəllim Rəhimli: “Bu proses 2-3 ilə yekunlaşdırılmalıdır”[/caption]

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verənlər hadisələrdən sonra ölkədə yenidən struktur və kadr islahatlarının aparılacağı ilə bağlı fikirləri səsləndirilir. Bəzi versiyalara görə, prezident hökumətdə ciddi islahatlar aparacaq.

Qeyd edək ki, ölkədəki durum və bundan çıxış yolu üçün islahatlar vacibdir. Hələ bir neçə ay bundan öncə bu istiqamətdə ümidli fikirlər səsləndirənlər daha çox idi. Bildirilirdi ki, hakimiyyət islahatlara gedəcəksə, ilk öncə bu addımı parlament seçkiləri zamanı atmalıdır. Amma görünən odur ki, parlament seçkisi əvvəlki seçkilərlə eynilik təşkil etdi. Bundan sonra islahatların olacağı ilə bağlı ümidlər tükəndi.

Milli təhlükəsizlik nazirinin işdən azad edilməsi, yüksək rütbəli əməkdaşların həbsindən sonra yenidən islahatın olacağı ilə bağlı  fikirlər səslənməkdədir. Bəzi ekspertlər MTN olayını həm də islahatların bir hissəsi kimi qələmə verirlər. Amma əks düşüncədə olanlar da az deyil. Bəzi fikirlərə görə isə, MTN ətrafında baş verən hadisələrin islahatlara heç bir aidiyyəti yoxdur və hökumətdə ciddi addımlar olmayacaq. Ekspert Oqtay Haqverdiyev “Sputnik”-ə açıqlamasında deyib ki, Azərbaycanda effektiv idarəetmə sistemini formalaşdırmaq üçün struktur və kadr islahatlarına ciddi ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan prezidenti Nazirlər Kabinetinin son iclasında idarəetmədə müəyyən problemlərin olması ilə yanaşı, struktur və kadr islahatları ilə bağlı fikirlər də səsləndirdi: “Ölkə başçısı struktur islahatlarının aparılacağını bildirdi. Bu proses çoxdan başlamalı idi. Yəqin indi artıq hamı başa düşür ki, bu formada idarəetmə mümkün deyil. Ona görə də islahatların reallığı gündəmə gəlib.”

Ekspert hesab edir ki, bu gün Azərbaycanda 20-dək nazirlik, bundan əlavə dövlət komitələri və digər strukturlar var və bunların bir çoxu eyni funksiyanı həyata keçirir və yaxud fəaliyyətlərində bir-birini təkrarlayırlar: “Hesab edirəm ki, ölkədəki nazirliklərin sayı 20-dən 10-12-yə endirilməli, bir çox komitə və digər strukturlarda da islahatlar aparılaraq optimal idarəetmə modeli formalaşdırılmalıdır. Bu proses tədricən davam etməli və 2-3 ilə yekunlaşdırılmalıdır. Burada tələskənliyə yol vermək olmaz. 2-3 il ərzində idarəetmə modeli kökündən dəyişməli və optimal, effektiv idarəetmə modeli yaradılmalıdır. Bunu son illərdə dünyada gedən proseslər də zəruri edir.”

Ekspert onu da əlavə edib ki,  struktur islahatı ilə yanaşı, kadr hazırlığı və islahatı prosesi də sürətləndirilməlidir: “Düzdür, kadr siyasəti bir az başqa mövzudur. Burada digər amillər də mövcuddur. Ancaq optimal effektiv idarəetmədə kadr siyasəti müstəsna rol oynayır. Çox müasir standartlara cavab verən optimal bir struktur yaradıla bilər, ancaq peşəkar və dövrün tələblərinə cavab verən kadr olmazsa, o zaman yaradılan bu optimal sistemin effektiv idarə edilməsi mümkün olmayacaq və bu, lazımi nəticəni verməyəcək. O baxımdan kadr siyasəti həm mürəkkəbdir, həm də bu istiqamətdə indidən ciddi hazırlıq işləri aparılmalıdır.”

Ekspert Mütəllim Rəhimli isə “Cumhuriyət”ə deyib ki, ölkənin milli təhlükəsizliyini təmin etməli olan MTN-də baş verənlər haqqında yayılan son informasiyalar təəccüb və təəssüf doğurur. Onun sözlərinə görə, bu, sadəcə olaraq, ifadə etsək, prezidentə və dövlətə qarşı xəyanətdir: “Ölkə prezidentinin qəti qərar verərək Milli Təhlükəsizlik Nazirliyində köklü dəyişikliklər aparması cəsarətli addımdır və təqdirəlayiqdir. Düşünürəm ki, xalqımız və dövlətimizi sevən bütün strukturlar prezidentin bu addımını müdafiə edir. Çünki bütün bunlar ölkədə müşahidə olunan nöqsanların aradan qaldırılması yolunda təşəbbüslərdir. Baş verənlərin analizi göstərir ki, prezidentin vəzifəyə irəli çəkdiyi və etibar etdiyi bir sıra şəxslər dayanıqlı olmurlar. Onlar ya təsir altına düşür, ya da malik olduqları səlahiyyətlərdən şəxsi məqsədlər üçün istifadə edir, qeyri-qanuni hərəkətlərə yol verirlər”.

M.Rəhimli diqqətə çatdırdı ki, belə şəxslərlə isə ciddi islahatlara getmək mümkün deyil: “Həmin şəxslər islahat dönəmində prezidenti arxadan vura bilərlər ki, bu da ölkədə özbaşınalığa və vəziyyətin nəzarətdən çıxmasına gətirər. Ona görə də düşünürəm ki, ilk növbədə kadr islahatları həyata keçirilməlidir. Azərbaycan dövlətini sevən, dövlətə xidmətdən yüksək amalı olmayan, xəyanətdən uzaq, sözü ilə əməlinin üst-üstə düşdüyünü təsdiq etmiş şəxslər vəzifəyə gətirilməlidir. Belə şəxslərin Milli Məclisdə təmsil olunması da islahatların başlanacağına bir anons ola bilər. Amma təəssüf ki, öz ailəsinə, dostlarına xəyanət edən, xüsusi qabiliyyəti ilə seçilməyən şəxslər bəzən favoritə çevrilməkdədirlər. Axı bunlar sabah hər kəsə, hətta dövlətimizə belə xəyanət mövqeyi tuta bilərlər”.

Cavad





Həftənin ən çox oxunanları