Yuxarı

Oliqarxlar təhlükəyə çevrilir

Oliqarxlar təhlükəyə çevrilir

[caption id="attachment_1994" align="alignleft" width="345"]aslanismayilov Aslan İsmayılov: “Hər birinin klanı, qoçu dəstəsi var”[/caption]

Azərbaycanın  idarəetmə sistemində  kök salmış  oliqarx təbəqəsinin mövqeləri sürətlə zəifləməyə başlayıb. Bu, özünü son aylar hakimiyyət daxilində baş verən ziddiyyətlərdə və bir sıra vəzifə sahiblərinə qarşı inzibati tədbirlərdə göstərir. Ancaq hadisələrin gedişi vəzifə və maliyyə maqnatlarına qarşı mübarizənin konkret bir neçə şəxslə başa çatmayacağını, daha geniş şəbəkəni əhatə edəcəyini xəbər verir. Çünki tutduğu vəzifə nazirlərə, komitə sədrləri və icra başçılarına səlahiyyətlərindən istifadə etməklə böyük maliyyə resursları toplamaq  imkanı verib.

Rüşvət və korrupsiya yolu ilə əldə edilən bu sərvət tezliklə  hökumət nümayəndələrinə iqtisadiyyatın ayrı-ayrı sahələrini inhisara almağa da kömək etdi. Qanunla, dövlət qurumlarını təmsil edən vəzifəli şəxsin biznes fəaliyyəti ilə məşğul olması cinayət hesab edildiyi halda, məmurların qeyri-qanuni ticarət və kommersiya obyektləri yaratması ənənəyə çevrildi. Əslində, bütün bunlar nəinki yaxın tarixin, hətta günümüzün reallığıdır. Hətta  bu səlahiyyət sahiblərinin idxal monopoliyası yaratması, tikinti biznesi ilə məşğul olması, bank açması, otel biznesi qurması, torpaq satması, siqaret  biznesi və s.  həyatda hər gün rastlaşdığımız və Azərbaycan vətəndaşları üçün adiləşmiş hala çevrilib. Əldə etdikləri gəlirlər Azərbaycanın hakimiyyət strukturlarında uzun illərdir kök atmış  bu insanlara maliyyə resurslarını və siyasi dayaqlarını genişləndirməyə şərait yaratdı. Şəxsi biznesdən əlavə, klançılıq,  saraydaxili rəqabət, öz yaxınlarının müxtəlif vəzifə və deputat mandatı ilə təmin olunması həmin şəxslərin siyasi səhnədə də oliqarxa çevrilmək iddiasını artırırdı. Azərbaycanda 2005-ci ildən sonra neft gəlirlərinin sürətlə artması isə oliqarxların mövqeyini bir qədər də gücləndirdi.  Gəlirlərinin artımı sadə vətəndaşlardan daha çox vəzifəli şəxslərin həyatında özünü göstərdi. Hökumət nümayəndələrinin, deputatların, idarə rəislərinin adları artıq milyonçular sırasında deyil, milyarderlərlə bir cərgədə və ya işbirliyində çəkilməyə başlayıb. Azərbaycan vətəndaşı ən yaxşı halda 300 manat maaşa günəmuzd işlədiyi vaxtlarda  pula pul deməyən oliqarx övladları 500 000 dollarlıq bahalı avtomobilləri ilə əyləncəli şəkillərini sosial şəbəkələrdə paylaşırdılar. Əslində, bu problemi qaldıran, ilk dəfə  bütün yerli və beynəlxalq ictimaiyyətə açıqlayan Azərbaycan mediası olub. Ona görə də bu gün bir sıra jurnalist həmkarlarımız ya həbsdə yatır, ya da məhkəmə çəkişmələrindədir. Ancaq bütün proseslər xalqın gözü qarşısında baş verib və baş verməkdə davam edir.  Hər bir Azərbaycan vətəndaşı bir yolun asfalt döşəndikdən  sonra 6 aydan, 1 ildən  sonra qazınıb daha bahalı layihələr hesabına yenidən döşəndiyini görürdü. Təkcə sərnişindaşıma ilə məşğul olan “Transqeyt” şirkətinin kimə məxsusluğunu önə çəkməklə, yüzlərlə belə fakt göstərmək olar...

Hüquq-mühafizə orqanlarının,  vergi müfəttişlərinin qanunsuz yoxlamaları Azərbaycanda xırda və orta sahibkarlığın bu gün ölü vəziyyətinə düşməsinə səbəb olub.  Azərbaycan kəndlisinə becərdiyi məhsulu bazara çıxatmağa imkan verməyən oliqarxlar  xaricdən meyvəni, tərəvəzi, əti, taxılı idxal edib baha qiymətə satmaqla sərvət toplayırlar. Səhiyyə və təhsil sistemində rüşvətxorluq əsas problem olaraq qalır. Bütün bu problemləri prezident, az qala bütün müşavirələrdə qaldırsa da, yenə də heç bir tədbir görülmürdü.  Ona görə ki, adi bir dönər satışı məntəqəsindən tutmuş böyük marketlərə, holdinqlərə  qədər hamısı vəzifəli şəxslərə məxsusdur.

Bunun nəticəsidir ki, ölkə bir qrup həddindən artıq varlanmış məmur korpusu və böyük əksəriyyəti kasıblıq həddində yaşayan xalqla üz-üzə qalıb.

Beynəlxalq Bankın vəsaitlərinin maxinasiya yolu ilə talanması, bu işdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və bir qrup generalın himayədarlıq etməsi, nəqliyyat  naziri Ziya Məmmədovun 500 milyon dollar kredit götürüb “Azərinşaatservis” şirkətini yaratması və sonra həmin pulları geri qaytarmamasına dair informasiyalar qlobal iqtisadi böhran şəraitində problemlərlə qarşılaşan Azərbaycanı daha təhlükəli situasiyalarla üzləşə biləcəyindən xəbər verir. Bu üzdən də oliqarx sisteminin qısa müddətdə, bəlkə də  mərhələlərlə aradan qaldırılması yeganə çıxış yolu kimi görünür. Eldar Mahmudovun vəzifədən çıxarılması ilə başlanan həbslər dalğası artıq bu prosesin başlanğıcı hesab edilə bilər. Prezident İlham Əliyevin gömrük sahəsində bəzi yoxlamalarıın sadələşdirilməsi haqqında sərəncamını bu islahatın davamı da adlandırmaq olar. Növbəti hədəfdə daha böyük maliyyə imperiyasına və siyasi klana malik  vəzifəli şəxslərin olacağı istisna deyil. Çünki Azərbaycan artıq post-neft erası dövrünü yaşayır.  Bu mərhələdə ölkəni yeni siyasi və iqtisadi reallıqlara uyğun şəkildə irəli apara biləcək  kadrlara ehtiyac var. Köhnə oliqarxik idarəetmə sistemi postindustrial cəmiyyətin tələblərinə nəinki cavab vermir, hətta ölkəni geriyə atır.  Azərbaycandan fərqli olaraq, Gürcüstanda, Qazaxıstanda iqtisadiyyatın bütün sahələrində həyata keçirilən liberallaşma, idarəetmənin texnokratlara həvalə edilməsi bütün sahələrdə inkişafa təkan verib. Siyasətin iqtisadiyyata təsirinin azalması ölkədə azadlıqların, o cümlədən azad sahibkarlığın inkişafına təminat yaradıb. İyul ayında Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyə qəbul olunması barədə qərar Astananın bütün öhdəlikləri yerinə yetirməsi hesabına baş verdi. Azərbaycan isə iki ildən çoxdur ki, ÜTT ilə danışıqları dayandırıb və iqtisadi islahatların həyata keçirilməsi barədə şərtlərdən imtina edib. Həmin öhdəliklər məmur oliqarxların biznes maraqlarına cavab vermədiyindən bu prosesin həyata keçirilməsinin qarşısı alınıb.  Gürcüstanda hökumətin tərkibi Qərb təhsilli 28-40 yaşında cavanlardan ibarətdir. Faktiki olaraq, Azərbaycanın idarəetmə sistemində durğunluq müşahidə olunur.  Bu problemə son qoymağın yeganə yolu kimi oliqarxiya sisteminin dəyişdirilməsi üçün əlverişli fürsət yaranıb.  Həm iri  korrupsioner kimi ad çıxarmış şəxslərin, həm də pensiya yaşı çatmış köhnə kadrların cavan, yeni peşəkar texnokratlarla əvəz edilməsi vaxtı artıq yetişib. Kadr bazasına gəlincə, hazırda hakimiyyət düşərgəsində də, müxalifət və vətəndaş  cəmiyyəti qurumlarında da kifayət qədər savadlı potensiala malik mütəxəssislər var. Üstəlik, 10-15 il öncəki vəziyyətdən fərqli olaraq, bu gün Azərbaycanda xeyli sayda Avropa və ABŞ-da təhsil almış, təcrübə toplamış peşəkar kadrlar yetişib. Lakin bu potensialdan təyinatı üzrə istifadə olunmur. Azərbaycanın dövlət strukturlarında müəyyən qədər Qərb təhsili almış bacarıqlı gənc kadrlar yer alır. Lakin onlar mövcud qanunvericilik çərçivəsində və inzibati üsullarla işləməyə uyğunlaşa bilmir. Ona görə də texnokratların  Azərbaycanın idarəetmə sisteminə cəlb edilməsi dinamikliyi təmin etmək üçün  struktur islahatlarının həyata keçirilməsini, qanunvericiliyin yüngülləşdirilməsini zəruri edir. Gerçəkdə həmin oliqarxlar özləri də bu dəyişikliyin vacibliyini görür. Hətta əldə etdiyimiz məlumatlara görə, həmin oliqarx nazirlərdən biri özünün Azərbaycanda çox məhşur olan holdinqinə alman meneceri rəhbər gətirib. Məqsəd isə öz şirkətlərinin fəaliyyətinin daha müasir metodlarla idarə olunmasına nail olmaqdır. Ancaq dövlət idarəçiliyi sahəsində o, öz monopoliyasını saxlamağa çalışır.

Bütün bunların təmin olunması üçün real zəmin formalaşıb. MTN-lə bağlı hadisələr  sübut edir ki, əgər “oliqarxiya islahatı” davam etdirilməsə, həmin  “vəzifə və pul maqnatları” ağır iqtisadi problemlər şəraitində öz varidatını qorumaq üçün dövlət çevrilişinə getməyə belə hazırdır. Yəni onlar sərvəti, qoçu dəstələri, klanları ilə indiyə qədər xidmət etdikləri mövcud rejimin özü üçün təhlükə mənbəyinə çevrilib. Bu təhlükənin qarşını almağın yeganə yolu isə rejimi saxlamaq yox, çevik islahatlar yolu ilə dəyişdirilməsidir

Bu məsələni qəzetimizə şərh edən hüquqşünas Aslan İsmayılov hesab edir ki, oliqarx qruplar Azərbaycan dövlətçiliyi üçün təhlükəyə çevrilib. Ona görə də həmin şəxslər mütləq təqaüdə göndərilərək, cavan, müasir bilikli kadrlarla əvəz edilməlidir: “2011-ci ildə korrupsiyaya qarşı mübarizə kampaniyasına start veriləndə mən demişdim ki, Azərbaycan dövlətçiliyi üçün ən böyük təhlükə bugünkü oliqarx qurumlardır. Hər birinin özünün klanı, ordusu, qohumbazlığı  olan bu oliqarxlar bir-birilə birləşib ölkə üçün təhlükə mənbəyinə çevrilib. Mən sosial şəbəkələrdə yazmışdım ki, indi baş verənlər cüzi bir hadisədir. Əsl mərəkə isə bu oliqarx qruplar bir-birinə girişəndə olacaq.  Bu gün kiçik  və orta sahibkarlardan əmlakı alan oliqarxlar onlar tükənəndən sonra bir-birinin əmlakının əlindən almaq üçün hücuma keçəcəklər. Artıq bu proses başlayıb.  Ona görə situasiya daha da çətinləşəcək. Son günlər baş verən hadisələrlə bağlı bu yaxınlarda mənim böyük bir yazım olacaq və orada vəziyyəti təhlil edərək öz təkliflərimi verəcəm.  Xarici İşlər Nazirliyində diplomatların qiyamı baş verəndə mən yazmışdım ki, bu ölkədə nə isə baş verir. Bugünkü hadisələr o baş verənlərin əlamətidir”.

Aslan İsmayılovun fikrincə, son günlər milli təhlükəsizlik nazirinin işdən çıxarılması və bir qrup vəzifəli şəxsin həbs edilməsi hələ islahat kimi qiymətləndirilə bilməz. Çünki hələ də hakimiyyət daxilində yaşanan gərginliyin məzmunu tam açılmayıb: “İslahatın getməsi üçün pensiya yaşını ötmüş, kürsülərə yapışmış vəzifədən azad edilməli, ölkənin idarəçiliyinə xaricdə təhsil almış 35-40 yaşında gənc kadrlar gətirilməlidir. Belə kadrlar Azərbaycanda minlərlədir. Xaricdə də belə savadlı, bacarıqlı gənclərimiz var. Ölkədə normal hakimiyyət qurulsa, onlar idarəetmə işində iştirak etməyə razılıq verərlər. Əks təqdirdə, bu islahat deyil, yerdəyişmə olacaq.   Gürcüstanda orta yaş 30-32-dir. Ona görə də Gürcüstanda inkişaf var. 70-80 yaşında olan insan gələcəyi görə bilməz. Mən bu yaxınlarda prezidentin keçirdiyi müşavirəyə baxdım. Həqiqətən müşavirə iştirakçılarına yazığım gəldi. Ona görə ki, onların bu yaşında uzun-uzadı müşavirlərdə iştirak etmək yox, nəvə-nəticə ilə oynamaq vaxtıdır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları