Yuxarı

Sistemdaxili oyun qaydaları pozulur

Sistemdaxili oyun qaydaları pozulur

[caption id="attachment_854" align="alignleft" width="325"]Natig Ceferli Natiq Cəfərli: “Əsas oyunçuların vurulması təxribat olması ehtimalını xeyli yüksəldir” [/caption]

Noyabrın 16-da Azərbaycanda internetin fasiləsiz təminatında yaranmış problem ölkənin milli təhlükəsizlik sistemi üçün  bir sıra təhdidləri üzə çıxardı.  Məlum oldu ki, Azərbaycanın  internet şəbəkəsinin fəaliyyətinin sıradan çıxması idarəetmə orqanları arasındakı əlaqəni, informasiya təhlükəsizliyi, bank sektoru, pulköçürmə sistemləri və bir çox sahələri ifilc vəziyyətinə sala bilər.

Belə bir təhlükənin baş verməsi ehtimalı isə indiyə qədər kimlərinsə ya yadına düşməyib, ya da bu sahədə edilən təkliflərə səhlənkar yanaşılıb. İnformasiya cəmiyyəti dövründə belə bir problemin yaşanması dövlət strukturları ilə cəmiyyət arasında əlaqələrin kəsilməsi deməkdir ki, bu da ölkədə sabitlik üçün real təhlükə hesab oluna bilər. Çünki istənilən dövlətdə siyasi təxribatlar, hakimiyyət çevrilişi etmək, xarici hərbi müdaxilə, irimiqyaslı terror aktları həyata keçirmək, ölkənin maliyyə sistemini çökdürəcək kibercinayətlər törətməyə internet resurslarının ələ keçirilməklə asanlıqla nail ola bilər. Müasir dünyanın təcrübəsi göstərir ki, təxribatçı qüvvələr bu üsula əl atmaqla həm dövlət strukturlarına qarşılıqlı əlaqəsini kəsməyə, cəmiyyəti informasiya məkanından təcrid etməyə, həm öz aralarında geniş əlaqə qurmaq məqsədilə istifadə edir. Məsələn, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2001-ci ilin 11 sentyabr faciəsi baş verməzdən öncə terrorçular bir-birilə internet vasitəsilə əlaqə saxlayıb və həmin gün terrorçuların çox yüksək virtual fəallığı qeydə alınıb. Ona görə də hazırda internet şəbəkəsinin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi hər bir dövlətin milli təhlükəsizlik sisteminin vacib tərkib hissəsi sayılır. Artıq informasiya texnologiyaları o qədər inkişaf edib ki, haker hücumları ilə bir neçə dəqiqə ərzində nəinki saytları, hətta bütövlükdə hər hansı internet şəbəkəsini dağıtmağa qadirdir.  Azərbaycanda da istər dövlət qurumlarının, istərsə də xəbər saytlarına dəfələrlə hucum olur. Artıq internet dələduzlarının əməllərinin qarşısını almaq bütün dünyada aktual problemlərdən birinə çevrilib. İnternet vasitəsilə bank hesablarından pulların çıxarılması, görücü virusların şəbəkəyə buraxılması, eyni zamanda, dövlət və kommersiya əhəmiyyətli informasiyaların əldə olunması, gizli danışıqların izlənilməsi, şəxsi informasiyaların oğurlanması halları da geniş yayılıb. Diqqəti çəkən daha bir məqam bu yöndə mütəşəkkil cinayətkarlıqdan fərdi formaya keçidin artmasıdır. Bu gün ayrı-ayrı hakerlər, proqramçılar təkbaşına istədiyi sifarişi yerinə yetirib təxribat törədə bilər. Bu isə daha təhlükəli hal sayılır. Artıq dünyada informatika ilə bağlı olan prinsiplərə əsaslanan “hərbi əməliyyatların” keçirilməsi barədə məlumatlar yayılır. Bəzi ekspertlər hesab edirlər ki, yaxın illərdə silahlı münaqişələr, müharibələri informasiya sistemləri ilə əlaqəli olan hərbi əməliyyatlar - “kibermüharibələr” əvəz edə bilər. Belə mürahibələr isə bəşəriyyət üçün silahlı münaqişələrdən daha təhlükəlidir. Başqa sözlə, kibercinayətkarlıq müasir dövrdə terrorçuluğun yeni formalarından biri hesab olunur. Kibercinayətlərin əsas qurbanı iqtisadiyyat sahəsi olsa da, bu cinayətlərdən dövlət qurumları və siravi vətəndaşlar da sığortalanmayıb.

Bütün bunları nəzərə alan ekspertlər informasiya təhlükəsizliyinə diqqətin artırılmasını vacib sayır. Konkret olaraq  noyabrın 16-da baş verən olaya gəlincə,  nə rəsmi dövlət orqanları, nə də ölkənin baş provayderi “Delta Telekom” bu barədə hələlik rəsmi açıqlama verməyib.  Əldə edilən ilkin məlumatlara görə, hadisə “Delta Telekom”un “Databaza”sında baş verib. Amma bunun ana naqilin qızması və yoxsa təxribat nəticəsində baş verməsi hələ dəqiqləşməyib. Ekspertlər isə KİV-ə açıqlamasında təxribat ehtimalı üzərində dayanırlar. Səbəb kimi internet şəbəkəsində uzunmüddətli fasilənin yaranması göstərilir.

Ekspertlər problemin hansı səbəbdən baş verməsindən asılı olmayaraq, mobil şəbəkə sistemində yaranmış böhranlı durumu monopoliyanın olması ilə də izah edirlər. Belə ki, ölkənin bütün internet istifadəçiləri bir provayderdən asılıdır və son hadisə təsdiq etdi ki, onun sıradan çıxması Azərbaycanı təcrid duruma sala bilər. Ona görə də internet bazarında təchizatçı mənbələrin diversifikasiyasına ciddi ehtiyac var.

Yaranmış problemi şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, istehlak bazarının 1/3-dən artığına nəzarət edən şirkət inhisarçı sayılır və ona qarşı antiinhisar qanunları tətbiq olunmalıdır.  Buna baxmayaraq, “Delta Telekom”un inhisarçılığının qarşısının alınması istiqamətində heç bir tədbir görülmədi və Azərbaycanın internet provayderlərinin 90 faizinə internet eyni mənbədən paylanmaqda davam edib: “Nəticədə, Azərbaycanın bank sektoruna, turizm sisteminə, kommunal təsərrüfatların ödəniş sisteminə ziyan vurdu. Bundan başqa, siyasi risklər də yaratdı. Çünki ölkə informasiya blokadasına düşdü. Saytların, informasiya ilə işləyən  qurumların fəaliyyəti pozuldu. Yəni inhisarçılığın vurduğu ən böyük ziyanlardan birini bir neçə saatın işində hiss etdik. Bununla bağlı hökumətə dəfələrlə xəbərdarlıq edilmişdi ki, bir şirkətə bu qədər səlahiyyətin verilməsi ölkənin informasiya təhlükəsizliyi baxımından düzgün addım deyil. Heç olmasa bundan nəticə çıxarılmalı, hökumət təşviq proqramları və ya tenderlər ilə bir neçə internetpaylayıcı şirkətin bazara cəlb olunmasına çalışmalıdır. Bu, təhlükəsizlik məsələsi olduğu üçün şirkətlər bir-birini əvəz edə bilməlidir. Əgər bu istiqamətdə ciddi addımlar atılmasa, deməli, hökumətin özü “Delta Telekom” kimi şirkətlərin bazarda olmasında maraqlıdır. Bu da hökumətin böyük bir hissəsini hökumətin üzərinə atır”.

Natiq Cəfərli hesab edir ki, zərər çəkmiş hüquqi şəxslər məruz qaldıqları ziyanın məbləğini ictimaiyyətə açıqlamalıdır. Bunu qısa müddətdə hesablamaq çətin olsa da, iqtisadçının fikrincə, Azərbaycan iqtisadiyyatına milyonlarla manat ziyan dəyib.

İnternet probleminin qəza, yoxsa təxribat nəticəsində baş verməsi ehtimalları ilə bağlı suala cavab verən   Natiq Cəfərlinin fikrincə, hər iki səbəb mümkündür: “Son zamanlar baş verən siyasi hadisələr sistemdaxili oyun qaydalarının pozulduğunu deməyə əsas verir. Sistemin daxilində əsas oyunçuların vurulması  təxribat olması ehtimalını xeyli yüksəldir. Ona görə də hakimiyyət orqanları Sovetdən qalma üsullarla deyil, insanları inandırıcı şəkildə bu hadisənin nədən qaynaqlandığını açıqlamalıdır. Yox, əgər bu hadisənin ört-basdır edilməsi siyasəti aparılacaqsa, o zaman belə hadisələrin olması ehtimalı artacaq”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları