Yuxarı

AXCP sədrinin təşəbbüsü müxalifəti hərəkətə gətirdi

AXCP sədrinin təşəbbüsü müxalifəti hərəkətə gətirdi

[caption id="attachment_624" align="alignleft" width="382"]Serdar Celaloglu Sərdar Cəlaloğlu: “YAP təqdim olunduğu qədər də güclü deyil”[/caption] [caption id="attachment_731" align="alignleft" width="288"]tural abbasli Tural Abbaslı: “Müxalifət yeni simalar ortaya çıxmalıdır”[/caption]

Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslər təmərküzləşmiş müxalifətin qurulması zərurətini ortaya qoyur. AXCP sədri Razi Nurullayev də bir müddət əvvəl Azərbaycanda yenilənmiş müxalifətə ehtiyacın olduğunu diqqətə çatdırdı. R.Nurullayev yeniləşmə prosesinin ümumi formulunu da verdi. AXCP sədri qeyd etdi ki, yeni mərhələdə siyasi uğurlara nail olmanın ilkin şərti kimi müxalifət təmərküzləşməli, siyasi düşərgədə ziddiyyətlərə son qoyulmalıdır.

KXCP sədri Mirmahmud Mirəlioğlu və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin son görüşündə də, bu məsələ diqqət mərkəzində oldu. Müxalifət təmsilçiləri siyasi partiyaların birləşərək, yeni format müxalifətin qurulmasının vacibdliyini vurğuladılar.

Azərbaycan müxalifətini təşkil edən kifayət qədər siyasi partiya var. Uzun illərdir vahid mərkəzdən çıxış edə bilməyən bu partiyalar 20 ildən çoxdur uğursuzluq zolağından çıxa bilmir. Noyabrda keçirilən son parlament seçkiləri də bunu əyani şəkildə göstərdi. Məhz bu cür məğlubiyyətləri və hakimiyyətin balansında kifayət qədər çox təzyiq rıçaqlarının olmasını nəzərə alaraq, kiçik partiyaların daha nüfuzlu partiyalarda bilərəşərək, ana müxalifəti yaratmaları daha məqsədəuyğun hesab edilə bilər. Paralel olaraq, yeniləşmə prosesi yeni adların ortaya çıxması və uzun illərdir xalqa müxalifət kimi təqdim edilən ad və soyadların (İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı və s.) könüllü olaraq kənara çəkilməsi ilə müşahidə olunmalıdır. ADR Hərəkatının sədri Qubad İbadoğlu, AXCP sədri Razi Nurullayev, “Ağ Blok” Hərəkatının rəhbəri Tural Abbaslının atdığı addımlar bu prosesin başlanğıcı kimi qəbul edilməli və demokratik düşərgəni tərk etmək tələbləri irəli sürülən uğursuz liderlər yerlərini yeni nəsilə verməklə buna dəstək nümayiş etdirməlidirlər. Yəni daha güclü 2, yaxud 3 partiya yeni və güclü ana müxalifəti təşkil etsə bu, Azərbaycan demokratiyası adına tarixi uğur olacaq.

“Mübarizəyə başlayan kimi qabağımıza polis çıxır”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə açıqlamasında, hakim Yeni Azərbaycan Partiyasının (YAP) göründüyü qədər böyük gücə sahib olmadığını deyib. S.Cəlaloğlunun sözlərinə görə, ayrı-ayrı dövlət məmurları və saxta yollarla Parlamentə düşmüş bəzi deputatların ara-sıra verdiyi bəyanatlardan başqa YAP-ın mövcudluğu görmək mümkün deyil: “Əgər YAP demokratik qaydada mübarizə meydanına çıxsa, qarşısında güclü müxalifəti görəcək. Seçkilərin saxtalaşdırılması müxalifətin məğlubiyyəti deyil. Hakimiyyət müxalifətin xalqla ünsiyyətinə imkan vermir. AzTV, İTV və digər telekanallarda müxalifət partiyalarının çıxışlarını görə bilmirik. Faktiki olaraq, müxalifət partiyaları hakimiyyət tərəfindən informasiya blokadasına alınıb. İndiki halda, əksinə partiyaların çox olması imkan verir ki, hərə öz imkanı daxilində müəyyən qədər bu blokadanı yarmağa nail olur. Bütün dünyada belədir, iqtidar və müxalifət biri-birinə əksiklik təşkil edən tərəflərdir. Əgər əksiklərin bir tərəfi tənəzzülə uğrayırsa, digər tərəf də tənəzzülə uğrayır. Azərbaycan müxalifətinin zəifləməsinin səbəbi hakimiyyətin yürütdüyü anti-demokratik siyasətdir. Biz mübarizəyə başlayan kimi qabağımıza polis çıxır. Heç vaxt hakimiyyət qarşımıza tərəf müqabili kimi çıxmayıb, son nəticədə iqtidarın tənəzzülü müxalifətin də tənəzzülünə səbəb oldu. Azərbaycan müxalifətinin güclənməsi, hakim partiyanın güclənməsindən keçir”.

Sərdar Cəlaloğlu hesab edir ki, demokratik müxalifəti səhnədən vurub çıxaran hakimiyyət onun yerində özünə qarşı radikal müxalifət formalaşdırıb. ADP sədrinin sözlərinə görə, cəmiyyət Nardaran hadisələrində bunu gördü: “Hakimiyyət demokratik müxalifəti qeyri-qanuni yollarla sıradan çıxardı, o normal mübarizə meydanında bunu edə bilməzdi. Fiziki cəhətdən bunu edə bilər, amma ideoloji cəhətdən bacarmaz. Bu gün Nardaran hadisələrini digər bölgələrdə də təkrarlaya biləcək, yüz minlərlə adam var. Vəhabilərin, nurçuların, radikal şiələrin, qeyri-ənənəvi dini qruplaşmaların təsiri altında olan insanlar var ki, bunlar kənardan əmr verilsə, ölkənin başına oyun açacaqlar. Bunun da günahı iqtidarın apardığı siyasətdədir ki, demokratik müxalifəti sıxışdırıb kənara çıxardı”.

“Xərclənməmiş müxalifət yaranmalıdır”

“Ağ Blok” siyasi Hərəkatının rəhbəri, Müsavat Partiyasının üzvü Tural Abbaslı “Cümhuriyət”ə bildirdi ki, müxalifətin uzun illərdir üzləşdiyi uğursuzluqlar, proseslərə təsir edə bilməmək imkanları xalqın müxalifət anlayışına olan inamını qırıb. T.Abbaslı hesab edir ki, xalq daha çox müxalifət kimi insanların yadına qalan bəlli partiyalara inanmır: “Artıq bələdiyyələrdə belə müxalifət təmsilçiliyinin az olması, orta məmur təbəqəsində müxalifətçilərin sayının kəskin azalması, hətta orta məktəblərdə belə müxalifətçilərin müəllim işləyə bilməmələri müxalifəti xalqın gözündən saldı. Düşünmürəm ki, hansısa partiyalar birləşib ana müxalifəti yaratsalar, xalqın inamını qazanacaqlar. Cəmiyyət uzun illər partiya sədri daşıyan adları, soyadları, enerjiləri tükənmiş şəxsləri müxalifət kimi görmək istəmir. 20 ildir müxalifət eyni ad, soyadla xatırlanır. Müxalifət olaraq yeni simalar ortaya çıxmalıdır. Müxalifət adına danışan yeni düşüncəli insanlar cəmiyyətə təqdim olunmalıdırlar. Yeni təşkilatlara yox, yeni insanlara ehtiyac var. Xalqın inamını qazanmaq üçün xərclənməmiş müxalifət yaranmalıdır. İndiki müxalifətin bu hakimiyyətdən heç bir fərqi yoxdur. Necə ki, uzun illərdir Artur Rəsizadə hakimiyyətin baş naziridir, eyni anda bir çox adlar uzun illərdir ki, müxalifətin liderləri hesab olunurlar. Bu tendensiyaya son qoyulmalıdır”.

Mənsur





Həftənin ən çox oxunanları