Yuxarı

Nazirlərin görüşü nə vəd edir?

Nazirlərin görüşü  nə vəd edir?

Natiq Miri: “Xəzər hövzəsinin təhlükəsizliyi diqqət mərkəzində olacaq”

Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri aprelin 7-də Bakıda görüşəcəklər. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparacaqlar. O cümlədən "Şimal-Cənub" və digər nəqliyyat dəhlizlərinin  inkişaf perspektivləri, Xəzər dənizində çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edilməsi nəzərdə tutulub.

Politoloq Natiq Miri “Cümhuriyət”ə açıqlamasında bildirib ki,İran, Rusiya və Azərbaycan üçlüyü formatı indiki şəraitdə tranzit olaraq Şimal-Cənub Dəhlizi geosiyasi xarakterli maraqlara xidmət edir: “Çünki belə bir dəhlizin yaradılması həm Rusiyanın, həm də İranın geosiyasi maraqlarına xidmət edir. Artıq Rusiya bundan sonra çox asanlıqla Azərbaycan və İrandan keçməklə az müddətdə Asiya ölkələrinə ticari iqtisadi əlaqələrini və satışını təmin edə biləcək. Eyni zamanda İranda Azərbaycan və Rusiya üzərindən digər postsovet ölkələrinə öz məhsullarını asanlıqla daşıya və sata biləcək. Bu dəhlizdə Rusiya və İranı birləşdirən faktor məhz Azərbaycandır.

Bu da Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bundan əlavə Azərbaycan həm də İpək Yolu nöqteyi-nəzərindən Avropanı Asiyaya birləşdirən körpü rolundadır. Bu üçlük və digər formatlar Azərbaycanın geosiyasi əhəmiyyətini artıran faktorlardır. Hesab edirəm ki, bu görüşdə əsasən Şimal-Cənub Dəhlizinin fəaliyyətə başlaması məsələsi ciddi müzakirə olacaq. Çünki Azərbaycan ilin sonuna qədər dəmiryolunu İrana qədər tamamilə bərpa etməyi vəd edib. Zənnimcə, Azərbaycan ilin sonuna qədər öz öhdəliyini yerinə yetirəcək”.

Politoloqun fikrincə, görüşdə regional təhlükəsizlik, xüsusilə də Xəzər hövzəsinin təhlükəsizliyi ciddi müzakirə obyekti olacaq: “Çünki həm Rusiya, həm də İran Xəzər hövzəsinə üçüncü bir ölkənin müdaxilə etməsini istəmir. Azərbaycan vasitəsi ilə Avropa və ABŞ-ın Xəzər hövzəsində müəyyən geosiyasi maraqları var. Ancaq Rusiya və İran bu istiqamətdə maraqlı olmadıqları üçün Xəzərin təhlükəsizliyi baxımından üçüncü bir ölkənin hövzəyə müdaxiləsini istəmir. Buna görə də bu cür təhlükəsizlik məsələləri də müzakirə obyekti olacaq. Hər bir halda bu cür üçlük formatlarının mümkünlüyü və Azərbaycanın da bu prosesə cəlb olunması dövlətimiz adına müsbət hadisədir. Çünki Azərbaycan həm qərb dünyası, həm də regional nöqteyi-nəzərindən  əhəmiyyətli geosiyasi faktora çevrilir. Bu baxımdan görüş çox əhəmiyyətlidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları