Yuxarı

“Keçmiş qardaşlar”ın Rusiya qorxusu

“Keçmiş qardaşlar”ın  Rusiya qorxusu

 

Sülhəddin Əkbər: “MDB-dən hansısa dəstək gözləmək yersizdir”

Elxan Şahinoğlu: “Bizə lazımdır ki, onlar qəti mövqe bildirsinlər”

Əli Orucov: “Rusiyanı çıxmaq şərtilə...”

Ermənistan və Azərbaycan arasında başlanan silahlı qarşıdurmaya beynəlxalq ictimaiyyət və dünya dövlətlərindən cavab reaksiyaları gəlməkdə davam edir. Qərb və ABŞ-dan səsləndirilən bəyanatların əksəriyyəti ənənəvi xarakter daşıyır. Dövlətlər Ermənistan və Azərbaycanı atəşkəs rejiminə riayət etməyə və məsələni dinc yolla həll etməyə çağırır. Pakistan, Belarus və Türkiyə istisna olmaqla Azərbaycana müttəfiq, tərəfdaş sayılacaq dövlətlər də eyni mövqeni sərgiləyirlər. Türkdilli dövlətlər (Qazaxıstan, Özbəkistan, Qırğızıstan) dəfələrlə Azərbaycanla müttəfiq, dost olduqlarını bildirsələr də, qəti fikir deməkdən çəkindilər.

Xüsusilə Rusiya istisna olmaqla keçmiş Sovet respublikalarının, rus işğalına məruz qalmış Ukrayna, Moldova və Gürcüstanın ümumi bəyanatlarla çıxış etmələri təəccüblə qarşılandı.

Rusiya qoxusu

Keçmiş Sovet respublikalarından Azərbaycana qarşı olan bu mövqesizlik bir neçə amillə izah olunur. Əsas faktor Rusiya qorxusudur. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir. Həmin dövlətlərə görə, Azərbaycanı dəstəkləmək Rusiya təhlükəsini özləri üçün qarantiya etmək deməkdir. Lakin ortada Belarus nümunəsi də var ki, KTMT daxilində Ermənistanın müttəfiqi olsa da, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Digər yandan bu mövqesizlikdə erməni lobbisi və diasporunun adı hallanır. Lakin Azərbaycan diasporu və lobbisinin ən güclü olduğu yeganə məkanlardan biri keçmiş SSRİ əraziləridir. Bu isə o deməkdir ki, məsələnin rəsmi səviyyəyə qaldırılması üçün Azərbaycan diasporu və lobbisi passivdir. İşğala məruz qalmış Moldova, Gürcüstan və Ukraynaya gəlincə, bu dövlərlər Rusiyadan zərbə alan kimi “balans siyasət”inə qayıtdılar. Rusiyanı özlərindən uzaq tutmağa çalışırlar. Onların təəbirincə desək, indiki halda Azərbaycanı dəstəkləmək Rusiyada qıcıq yarada bilər və eyni ssenari onların özlərinə qarşı oynanıla bilər. Necə ki, Azərbaycan prezidentinin uğurlu ABŞ səfərindən və siyasi məhbusların azadlığa çıxmasından sonra istiləşən Qərb - Azərbaycan münasibətlərini pozmaq üçün Rusiya cəbhə xəttində Ermənistan vasitəsilə təxribat törətdi. Halbuki işğal altında olan ərazilərinin rus-erməni birləşmələrinin nəzarətində olduğu vaxt Azərbaycan dəfələrlə bu dövlətlərin ərazi bütövlüyünü dəstəkləyib. Türkdilli dövlətlərin dəstək verməməsi isə bu ölkələrin Rusiyanın siyasi-hərbi nəzarəti altında olmasından qaynaqlanır. Həmin dövlətlərin daxili və xarici siyasət kursunun Moskvadan təyin olunduğu heç kəsə sirr deyil.

“Türk siyasi birliyi yoxdur”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət”ə keçmiş Sovet respublikalarının münaqişənin həll prosesində Azərbaycana dəstək verməmələrinin təsadüf olmadığını deyib. S.Əkbər qeyd edib ki, dəstək almaq üçün Azərbaycan siyasi diplomatiyası aktiv iş aparmalıdır: “Həmin ölkələrdə hansısa hadisə baş verərsə, buna aktiv reaksiya verilməlidir ki, belə zamanlarda da onlardan siyasi, diplomatik dəstək ala bilsin. İkincisi, belə məqamlarda Azərbaycan aktiv formada işləməlidir ki, öz strateji tərəfdaşlarından dəstək alması mümkün olsun. Digər yandan MDB formal xarakter daşıyan qurumdur. Bu qurumun arxasında MDB-nin lider ölkəsi olan Rusiya dayanır. Rusiya faktorunu nəzər alanda MDB-dən hansısa dəstək gözləmək yersizdir. Türkdilli dövlətlərə gəlincə, təəssüf ki, bu dövlətlər 90-cı illərdə öz müstəqilliklərini əldə etsələr də ciddi siyasi birlik yarada bilmədilər. Bu gün türk siyasi birliyi yoxdur. Nəticədə birləşmiş cavab reaksiyalarını da gözləmək düzgün deyil”.

“Bizə ənənəvi bəyanatlar lazım deyil”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Cümhuriyət”ə bildirib ki, yetərlidir ki, heç kəs Azərbaycana mane olmasın. E.Şahinoğlu qeyd edib ki, cəbhədə vəziyyət gərginləşəndən indiyədək heç bir dövlət Azərbaycanı ərazilərini işğaldan azad etməyə görə qınamayıb: “Ermənistanın strateji müttəfiqi olan Rusiyanın mediası birtərəfli, yalan məlumatlar yaysa belə, rəsmiləri hələlik mənfi münasibət bəslədiklərini bildirmirlər. Ruslar bilirlər ki, söhbət indiki halda Dağlıq Qarabağ ətrafı rayonların boşaldılmasından gedir, Moskva da bu əraziləri Azərbaycanın suverenliyi tərkibində qəbul edir. Amma Azərbaycanın müttəfiqləri var, onlardan qəti münasibət gözləyirik. Türkiyə və Pakistan qəti mövqe bildirdilər. Azərbaycanın strateji müttəfiqləri olan Ukrayna və Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirməlidirlər. Bizə lazım deyil ki, desinlər məsələ dinc yolla həllini tapmalıdır, yaxud atəşkəs rejiminə riayət edilməlidir. Bizə lazımdır ki, onlar qəti mövqe bildirsinlər. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanın müttəfiqi olsa da, çox yaxşı hal idi ki, bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Ukrayna və Gürcüstandan da eyni mövqeni gözləyirik”.

“Özbəkistan və Rusiya istisnadır”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə deyib ki, cəbhə xəttində ermənilərin təxribatına Azərbaycan ordusunun layiqli və tutarlı cavabı beynəlxalq ictimaiyyəti silkələdi. Ə.Orucovun sözlərinə görə, sanki dünya ictimaiyyətinın yadına düşdü ki, illərlə həll edilməmiş belə bir problem var: “Səsləndirilən əksər bəyanatlarda işğal faktoru dilə gətirildi. Bu Milli Ordunun hərbi meydandakı uğurunun siyasi davamı idi. Qərblə, Türkiyə və Rusiya ilə yanaşı Ukrayna, Belarus və Türkmənistan öz mövqelərini açıq şəklidə ortaya qoydular. Baltikyanı dövlətlər də dəstəyini ifadə etdi. Qazaxıstan da dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Hələ tam mövqe sərgiləməyən Özbəkistandır. Lakin bunula belə rəsmi Daşkənd də bir vaxtlar GUAM-a üzv kimi Azərbaycanın haqq işini müdafiə edib. Hesab edirəm ki, keçmiş ittifaq respublikalarından Rusiyanı çıxmaq şərtiylə bütün müttəfiq respublikalar Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı olduğunu təfələrlə bəyan edib və dəstəyini bildiriblər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları