Yuxarı

Sarkisyan devriləcək

Sarkisyan devriləcək

Elxan Şahinoğlu: “Ordunun məğlubiyyəti müxalifəti ayağa qaldıracaq”

Azərbaycan ordusunun işğal altındakı torpaqların azad edilməsi istiqamətində apardığı əməliyyatlar Ermənistan prezidenti Serj Sarkisyanı məğlub duruma salıb. Dağlıq Qarabağdakı məğlubiyyət ölkədə siyasi reytinqi aşağı olan S.Sarkisyanın mövqelərini sarsıda, prezidentə qarşı etiraz aksiyalarını gücləndirə bilər. Digər tərəfdən,  Azərbaycan cəbhə xəttində əldə etdiyi uğurlar münaqişə bölgəsində status-kvonun dəyişməsi üçün əsas yaradır. Nəticədə  Azərbaycan Ermənistanla aparılan danışıqlar prosesində diplomatik üstünlük şansı qazanmış olar.

Rusiya hazırkı status-kvonun qalmasında maraqlı olduğundan  Sarkisyan rejiminin məğlub vəziyyətə düşməsi Kreml üçün problem yaradır. Bu baxımdan, Ermənistanda vəziyyət gərginləşsə və ya Sarkisyan güzəştə getmək məcburiyyətində qalsa, Rusiya  özünün geosiyasi mövqelərini qorumaq üçün bu ölkədə hakimiyyəti dəyişməyə çalışa bilər. Belə hallar 1997-cı ildə Levon Ter-Petrosyanın “Mərhələli həll planı”na razılıq verməsindən sonra istefaya göndərilməsi və Robert Koçaryanın çevriliş yolu ilə hakimiyyətə gətirilməsi, 1998-ci ildə isə Ermənistan parlamentində müxalifət liderlərinin gülləbaran edilməsi ilə baş verib. 2008-ci ildə də  Ermənistandakı prezident seçkilərində məxməri inqilabın baş verməsinə baxmayaraq,  Rusiyadan gətirilmiş xüsusi təyinatlı qüvvələr dinc aksiyanı atəş açmaqla dağıtmış,  Serj Sarkisyanı saxta yolla hakimiyyətə gətirmişdi. İndi isə Sarkisyanın mövqeləri Qarabağdakı əməliyyatlar fonunda laxlayıb. Bu da Rusiyanın geosiyasi maraqlarını təhlükə altına atır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ermənistan-Azərbaycan cəbhə xəttində hərbi əməliyyatlarla yanaşı, informasiya savaşı gedir. Burada eyni zamanda, böyük dövlətlərin maraqlarının toqquşması müşahidə olunur. Bu baxımdan, Qarabağ cəbhəsində gedən döyüşlərin nəticəsi Ermənistanda daxili siyasi situasiyanı dəyişə bilər: “Mən xatırlayıram ki, 1990-cı illərin əvvələrində Azərbaycan ordusu Gülüstanda, Ağdərədə qələbə qazanaraq irəliləyəndə Ermənistan rəhbərliyindən siqnallar gəlirdi ki, mədəni muxtariyyətə belə razıyıq. Amma o vaxt Surət Hüseynov başda olmaqla Azərbaycanda satqın qüvvələrin dövlət çevrilişi etməsi buna mane oldu. Yəni ermənilər güc görəndə geri addım atırlar. İndi isə vahid ordu komandanlığı altında hərbi uğurlarımz var. Həqiqətən bu da Ermənistan hakimiyyətinə ciddi problemlər yarada bilər. Azərbaycan bu müharibəyə hazırlaşırdı və ruh yüksəkliyi var idi. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımız tam azad olunana qədər irəliləmək istəyir. Müəyyən itkilərimiz də var, amma buna hazırıq. Ermənistandan Qarabağa gətirilən erməni gəncləri isə nəyin uğrunda döyüşdüklərini bilmirlər. Ona görə də düşünürəm ki, Ermənistanın itkiləri artsa, orada müxalifət fəallaşacaq. Onsuz da müxalifətin prezident Sarkisyanın əleyhinə sərt bəyanatları olub. Sarkisyanın mövqeləri onsuz da zəifdir. Əgər indi Ermənistan işğal etdiyi torpaqları itirirsə və Ermənistan vətəndaşı olan gənclər arasında itkilərin sayı artırsa, bu yaxın dövrdə ictimai narazılığın artmasına və müxalifətin fəallaşmasına gətirib çıxaracaq. Bu proseslər artıq qaçılmazdır”.

Politoloq bildirdi ki, hazırda Rusiyanın proseslərə qarışmaması diqqəti cəlb edir ki, bu da müsbət haldır. Çünki ikitərəfli müqaviləyə görə, Rusiya Dağlıq Qarabağın deyil, Ermənistanın təhlükəsizliyinə cavabdehdir. Eyni zamanda, Elxan Şahinoğlu onu da qeyd etdi ki, Kreml Ermənistanda  özünə yaxın olan bir nəfəri hakimiyyətə gətirməyə çalışacaq: “Bu, artıq bizim problemimiz deyil, Ermənistanlın problemidir.  Bizim əsas işimiz işğalçıları Dağlıq Qarabağdan çıxartmaqdır. Orada vəziyyətin necə olması və Rusiyanın hakimiyyətə kimi gətirməsi Ermənistanın daxili işləridir”.

Politoloq Dağlıq Qarabağda status-kvonun dəyişməsi ehtimalının getdikcə artdığını dedi: “Çox yaxşı haldır ki, artıq Qərbdə də işğal olunmuş torpaqların boşaldılmasının vacibliyinə dair fikirlər artır. Bu da əsas şərtlərdən biridir. Qərb mediası əvvəllər ətraf rayonların işğalı faktından danışmırdı, məlumatsız idi. İndi dəqiq məlumata malikdirlər və torpaqların azad olunması məsələsini qaldırırlar. Ona görə də status-kvonun dəyişilməsi qaçılmazdır. Mənim özümə bu günlərdə Qərb ölkələrinin kütləvi informasiya vasitələri müraciət edir. Hiss olunur ki, 25 illik informasiya blokadası aradan qalxır. Xeyli obyektiv informasiyalar yayılır. Bu da Azərbaycana siyasi danışıqlarda diplomatik müstəvidə uğurlar əldə etmək imkanı verir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları