Yuxarı

Azərbaycan-Türkiyə hərbi sazişi

Azərbaycan-Türkiyə hərbi sazişi

Natiq Miri: “Çox yerinə düşən və məqsədəuyğun olardı”

Elxan Şahinoğlu: “Azərbaycanın buna tam haqqı var”

Cəbhə xəttində baş verən son hadisələr zamanı bir sıra MDB və Qərb dövlətləri tərəfindən Azərbaycana müəyyən qədər dəstək verildi. Ən böyük dəstək isə qardaş Türkiyədən gəldi. Ermənistanın hərbi və strateji müttəfiqi olan Rusiya isə Azərbaycana qarşı təzyiq və təhdidləri ilə yadda qaldı. Rusiyanın Ermənistanla arasında hərbi yardım müqaviləsi var. Və eyni zamanda Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da Ermənistana dəstək verir.

Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Ali Şahin ermənilərin işğalçı olduğunu bildirərək, onlara dəstək verən dövlətlərin də məhsuliyyət daşıdığını qeyd etmişdi. Sədr müavini bildirmişdi ki, biz də problemlərin silahsız və insan itkisi olmadan həll edilməsini istəyirik. Ancaq biz Türkiyə olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bilirik və Azərbaycanın yanındayıq. Hər zaman qardaş ölkəyə xüsusi dəstək verməsi ilə seçilən Türkiyə ilə Azərbaycana arasında hərbi yardım sazişinin imzalanması mümkündürmü?

“Cümhuriyət”ə şərhində politoloq Natiq Miri bu addımın atılmasının məqsədəuyğun hesab edib. Politoloq deyib ki, son günlərdə də göründüyü kimi, bu iki qardaş ölkənin özlərindən başqa heç kimi yoxdur:

“Əslində, belə bir yardım nəzərdə tutulur. Bu gün də hər iki dövlət arasında belə bir müqavilə mövcuddur. Bir növ strateji əməkdaşlıq kontekstində, hətta qarşılıqlı hərbi yardımların olunması da bu sənədin içərisində özünü ehtiva edir. Hesab edirəm ki, ancaq müttəfiq olaraq birbaşa hərbi sazişin imzalanması əlavə olaraq həm münasibətlər kontekstində, həm də bu müttəfiqliyi arzulamayan digər dövlətlərə ciddi bir mesaj olardı. Bu iki qardaş ölkənin özünə müəyyən təəhhüdlər, öhdəliklər yaradırdı. Bu da hər iki dövlətin toplumunda əminlik yaradardı. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, son hadisələr çərçivəsində və xüsusi ilə Türkiyənin böyük şəhərlərində törədilən terror aktlarında, eyni zamanda Qarabağ uğrunda 4 günlük savaşda da göründü ki, bu iki qardaş ölkənin bir-birindən başqa dostu yoxdur. Ən çətin məqamda məhz bu iki qardaş ölkə birmənalı olaraq bir-birinə dəstək vermək istəyindədirlər. Bunu konkret əməllərlə ortalığa qoymuş oldular. Və bunu bir daha hərbi saziş müqaviləsi ilə təzədən ortaya qoymaq məqsədəuyğun olardı. Belə bir sənəd var ancaq birbaşa iki dövlət arasında hərbi sazişin imzalanması hesab edirəm ki, çox yerinə düşən və məqsədəuyğun addım alardı”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın genişlənməsinə ehtiyac var. Politoloq hesab edir ki, yaxın zamanlarda ölkə prezidentinin Türkiyə səfərində bu məsələ müzakirə olunacaq:

“Azərbaycanın buna tam haqqı çatır. Çünki Rusiya Ermənistanın hərbi, strateji müttəfiqidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də dəstək verir. Eyni zamanda silah-sursat verir. İndi cəbhə bölgəsindəki gərginliyi nəzərə alaraq Azərbaycan-Türkiyə hərbi əməkdaşlığın genişlənməsinə ehtiyac var. Üstəgəl indi Ermənistan Naxçıvan tərəfdə təxribatlarla məşğuldur. Naxçıvana görə də Qars müqaviləsindən çıxış edərək Türkiyəni təhlükəsizlik baxımından məsuliyyəti var. Dövlət başçısı İlham Əliyevin yaxın zamanlarda İslam Konfransı Təşkilatı çərçivəsində Türkiyəyə səfəri olacaq. Düşünürəm ki, səfər zamanı bu məsələlər müzakirə olunacaq. Hərbi sahədə əməkdaşlığın inkişafı və hərbi yardım sazişinin imzalanması mümkündür”.

Vilayət Muxtar Cebhe.info





Həftənin ən çox oxunanları