Yuxarı

Ermənistan təşvişdə: “İsrail-Azərbaycan hərbi ittifaqı”

Ermənistan təşvişdə: “İsrail-Azərbaycan hərbi ittifaqı”

Arye Gut: “Bunu gizlətməyə ehtiyac yoxdur”

1 news.am xəbər saytı Azərbaycan Silahlı Qüvvələrinə məxsus “Dron” pilotsuz kamikadze qurğularının aprelin 27-dən 28-ə keçən gecə Ermənistan üzərində uçmasına dair məlumat yayıb. Xatırladaq ki, “Dron” aparatları havadan dəqiq nişan aldıqdan sonra düşmən hədəfinə çırpılaraq məhv edir. Aprelin əvvəlində Qarabağ cəbhəsində baş verən “4 günlük müharibə” zamanı ermənilər Azərbaycan ordusunun “Dron” qurğularından istifadə etdiyini bildirmiş və İsraili Azərbaycana silah satmaqda ittiham etmişdilər.

Hətta Ermənistan rəsmiləri yaranmış vəziyyətə etiraz olaraq İsraildən silah-sursat almaqdan imtina etdiyini bildirmişdi. Azərbaycan isə İsraillə əməkdaşlığı dərinləşdirməyə qərar verib. Hətta əməliyyatlardan sonra mediada rəsmi Bakının İsraildən xeyli sayda “Dron” qurğuları almaq qərarına gəldiyinə dair məlumat yayıldı. Bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu raket atan pilotsuz təyyarələrin də İsrail istehsalı olduğu bildirilir. İsrailin nüfuzlu “Haaretz” qəzetinin bu günlərdə yaydığı bir məlumat isə rezonansa səbəb oldu. Adıçəkilən mənbə aprelin 2-dən 6-a qədər keçirilən hərbi əməliyyatlar dövründə Azərbaycana məxsus İl-76 hərbi yük təyyarəsinin İsrailə uçuş etdiyini yazıb.

“Haaretz”in yazdığına görə, “İl-76” iki dəfə Türkiyə və Kiprdən keçməklə İsrailin Naqe şəhərindəki hərbi hava limanına eniş edib və bir neçə saatdan sonra geri qayıdıb. Aprelin 27-də isə bəzi media orqanlarında Azərbaycanın İsraildən lazerlə idarə olunan döyüş texnikasını məhv edən “Lahad” raketləri almasına dair xəbərlər yayıldı. O da bildirildi ki, Azərbaycan “Lahad” raketlərini alan ilk xarici dövlətdir. Bu silaha sahib olmaq Azərbaycanın hərbi qüdrətini xeyli artıra bilər.

Azərbaycanın İsraillə hərbi əməkdaşlığının dərinləşməsini Ermənistan özünün milli təhlükəsizliyi üçün təhdid kimi təqdim edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycan yalnız İsraillə hərbi əməkdaşlıq etmir. Azərbaycanın hərbi əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiya, Türkiyə, Pakistan və digər dövlətlər də var. Region ölkələrinə ən çox silah satan dövlət isə Ermənistanın hərbi müttəfiqi Rusiyadır.

Azərbaycan-İsrail hərbi əlaqələrinə dair Ermənistanın belə sərt mövqe nümayiş etdirməsi bölgədə əsas silah ixracatçısı sayılan Rusiyanın narahatçılığının da ifadəsi sayıla bilər. Rusiya baş nazirinin müavini Dmitri Raqozinin “Biz Azərbaycana silah satmasaq, dərhal bazara başqa dövlətlər girəcək”deməsi isə Kremlin Cənubi Qafqazdakı silah-sursat biznesini əldən vermək istəmədiyinə işarə idi. Ona görə də Ermənistanla yanaşı, Rusiyanın da İsrail-Azərbaycan hərbi əməkdaşlığına siyasi qısqanclıqla yanaşdığını söyləmək olar.

İsrailin beynəlxalq münasibətlər üzrə eksperti Arye Gut hesab edir ki, Azərbaycanla İsrail arasındakı əlaqələr strateji tərəfdaşlıq xarateri daşıyır və bir çox sahələri əhatə edir. Məsələ ilə bağlı fikrini “Cümhuriyət”lə bölüşən ekspertin sözlərinə görə, hərbi sahədəki əməkdaşlıq Ermənistanın əleyhinə yönəlməyib:

“Azərbaycanla İsrail arasında çox yaxşı siyasi, iqtisadi və hərbi əməkdaşlıq mövcuddur. Bunu gizlətməyə ehtiyac yoxdur. Bu əməkdaşlığın bazasını isə humanitar əlaqələr təşkil edir. Çünki hazırda İsraildə 70 min nəfərə qədər azərbaycanlı, Azərbaycanda isə 20 min nəfərə yaxın yəhudi yaşayır. Ona görə də hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Əlaqələrimizin belə inkişaf etməsi Ermənistanı qorxutmaya bilməz. Ermənistanın bu işə qarışmağa heç bir hüquqi əsası yoxdur. Biz bilirik ki, Ermənistanla Rusiyanın strateji əlaqələri nə qədər güclüdür. Azərbaycan torpaqlarının işğal olunması Rusiyanın hərbi dəstəyi sayəsində baş tutub. Bu gün də Rusiya faktiki olaraq, Ermənistanı dəstəkləyir. Mən hesab edirəm ki, Azərbaycanın xarici siyasəti öz bəhrəsini verir. İki ölkə arasında əlaqələrin inkişafı həm Azərbaycanın, həm də İsrailin maraqlarına uyğundur. İsraillə Ermənistan arasında əlaqələr sıfır səviyyəsindədir, heç hava nəqliyyatı belə yoxdur. Amma İsraillə Azərbaycan arasında illik ticarət dövriyyəsi 3,5-4 milyard dollara yaxındır.

İsrail Azərbaycandan ən çox neft alan ölkədir. İsraildə istehlak etdiyi benzinin 45 faizini Azərbaycandan alır. İsraillə Azərbaycan arasındakı strateji dostluq Ermənistana qarşı yönəlməyib. Bu strateji dostluq hər iki ölkənin siyasi, iqtisadi və hərbi maraqlarına cavab verir. İsrail Qafqaz regionunda Azərbaycanı strateji müttəfiq hesab edir. Biz də deyə bilərik ki, Ermənistan Rusiyadan silahları ödənişsiz, yəni həbi əməkdaşlıq çərçivəsində alır. Amma Azərbaycan bunu söyləmir və başa düşür ki, Rusiya Qafqazda güc sahibi olan bir ölkədir. Bun da sirr deyil ki, Azərbaycanın müdafiə sənayesinin qurulmasında İsrail şirkətlərinin rolu böyükdür. Düşünürəm ki, Azərbaycan coxtərəfli xarici siyasətini davam etdirməlidir. Bu münasibətlər Rusiya ilə necə qurulubsa, İsraillə də elə davam etdirilməlidir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları