Yuxarı

Qarabağ üçün tarixi şans

Qarabağ üçün tarixi şans

Fərrux Məmmədov: “Ermənistan nə edirsə, özünə qarşı çevrilir”

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan parlamentinə qondarma Dağlıq Qarabağ Respublikasının müstəqiliyinin tanınmasını nəzərdə tutan qanun layihəsinin tənqid olunması ilə bağlı bəyanat yayıb. Sənəddə qeyd edilir ki, kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Ermənistan Respublikasının hökuməti cari ilin 5 mayında keçiriləcək iclasında “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” adlandırılan qanun layihəsini nəzərdən keçirmək niyyətindədir:

“Müzakirələrin nəticələrindən asılı olmayaraq, Ermənistan bu cür təxribatçı əməli ilə beynəlxalq hüququn norma və prinsipləri, 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasınn müvafiq qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq sənəd və qərarlarını növbəti dəfə kobud şəkildə pozmuş olur. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu birmənalı olaraq təsdiq edib və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Mütəmadi olaraq təxribatçı əməllər həyata keçirməklə, o cümlədən atəşkəs rejimini pozmaqla, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti, iki ölkənin sərhədi boyunca Azərbaycanın şəhər və kəndlərini atəşə tutmaqla Ermənistan vəziyyətin dondurulması və danışıqlar prosesində hər hansı irəliləyişin əldə edilməsinin qarşısının alınmasına nail olmaq məqsədi güdür.

Öz silahlı təxribatlarına sarsıdıcı cavab alan, Azərbaycanın hərbi sahədə artan gücünə tab gətirmək və status-kvonun saxlanmasını davam etdirmək qabiliyyətində olmadığını dərk edən Ermənistan rəhbərliyi öz məsuliyyətsiz hərəkətlərinin nəticələri haqqında düşünmədən vəziyyətin siyasi partlayışına və münaqişənin sülh yolu ilə həllinin pozulmasının hazırlığına başlayıb. Ermənistan tərəfi başa düşür ki, münaqişənin həlli prosesində işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qaçılmazdır.

Bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır.

Əgər məhdud xudbin məqsədlər sağlam düşüncədən üstün olarsa və bu təxribat həyata keçirilərsə, bunun nəticələri ilə bağlı bütün məsuliyyət Ermənistan və onun rəhbərliyinin üzərinə düşəcək”.

Xatırladaq ki, hakim Respublika Partiyasından olan deputatlar Hrant Baqratyan və Zarui Postancyan “Dağlıq Qarabağın Tanınması haqqında” qanun layihəsini müzakirə olunmaq Ermənistan Milli Məclisinə təqdim ediblər.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə Azərbaycanı hədələyən açıqlama verib. O bildirib ki, əgər Azərbaycan yeni hərbi əməliyyatlara başlayarsa, (O, bunu təcavüz adlandırıb) Dağlıq Qarabağın tanınması qaçılmaz olacaq. Lakin erməni diplomat Dağlıq Qarabağın tanınmasının sonrakı şəraitdən asılı olduğunu deyib.

Siyasi müşahidəçilərin fikrincə, Ermənistanın belə bir qərar qəbul etməsi regionda geniş miqyaslı münaqişənin başlanmasına səbəb ola bilər. Çünki rəsmi İrəvan Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil dövlət kimi tanımaqla de-yure sülhyaratma prosesindən imtina etmiş olar. Hadisələrin belə inkişafı bir tərəfdən Azərbaycana işğal altındakı əraziləri azad etmək üçün siyasi və hüquqi əsas yaradır. Digər tərəfdən, Ermənistanın rəsmi Bakını şantaj etməklə anti-terror əməliyyatlarından çəkindirməyə çalışır. Ancaq Azərbaycan XİN-in bəyanatı Ermənistanın son addımlarının çox təhlükəli vəziyyət yaratdığını və prosesin gərginləşmə ehtimalının böyük olduğunu göstərir.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Ermənistanın işğal etdiyi Daglıq Qarabağla baglı atdığı istənilən siyasi addımı özünə qarşı böyük bir silaha cevrilir. Bu həm beynəlxalq aləm tərəfindən qınaqla qarşılanır, digər tərəfdən isə Azərbaycanın mövqeyini daha da gücləndirir:

“Ermənistan anlamır və ya anlamaq istəmir ki, bu gun hansi siyasi gediş edirsə-etsin özünə qarşi cevrilir. Yəni əgər sabah rəsmi İrəvan Dağlıq Qarabağı müstəqil dövlət kimi taniyarsa, o zaman BMT-nin və beynəlxalq birliyin qaydalarını kobud şəkildə pozmuş olacaq. Bu o deməkdir ki, onlar da Rusiya kimi separatçı dövlətlər sırasına daxil olacaqlar. Məsələnin ikinci tərəfi isə ondan ibarət olacaq ki, Ermənistana olunan beynəlxalq yardımlar dayandırılacaq. Çünki Ermənistan agressiv dövlət olaraq xarakterizə olunacaq.

Əgər Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil dövlət olaraq tanıyarsa bu, ATƏT-in Minsk Qrupu üçün də utancverici hadisə olacaq. Bu isə o deməkdir ki 23 ildən artıq gedən danışıqlar nəinki nəticəsiz qalıb, hətta Avropa və ABŞ isğalçı, separatçı Ermənistana məglub oldular. Əslində hazırda baş verən bütün prosesler Azərbaycanın xeyrinə işləyir. Sadəcə olaraq, burada vacib olan əsas məsələ Azərbaycana qarşı yönəlmiş bütün şantaj və hərbi prosesləri BMT başda olmaqla dünyaya car çəkməkdir. Bunu isə koordinasiyalı şəkildə başlamaq lazımdır. Bunu həmçinin bir hərəkat kimi də formalasdırmaq olar.

Hazırda dünyanın xəritəsi yenidən hazırlanır və bəzi bölgələrdə xüsusi dəyişikliklər olacaq. Yaxın 25 il bizə yeni dövlətlərin və yeni BMT üzvlərinin olacağından xəbər verir. Ona görə də, bizim üçün yaranmiş tarixi şansdan istifadə etmək lazımdır. O ki qaldı Ermənistanın Azərbaycanı şantaj etməsinə, bu məsələdə bir addım belə geri atmaq lazım deyil. Azərbaycan işğalçı tərəf deyil və bir milyondan artıq qaçqın və məcburi köçkünü olanı da bizik.

Azərbaycan Dağliq Qarabağ məsələsində tam haqlı mövqedədir və bizi bütün dünya birliyi dəstəkləyir. Ermənistanın durumu o qədər ağırdır ki, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə üzv olduğu Ermənistanı dəstəkləmir. KTMT bu mövqeyini Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə əsaslandırır və bu prosesə qarışmaq istəmir. Bu baxımdan, Azərbaycan həm diplomatik, həm də hərbi sferalarda Ermənistandan bir neşə addım öndədir. Ancaq bu prosesləri sürətləndirməyə və yaranmış tarixi şəraitdən lehimizə istifadə etmək lazımdır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları