Yuxarı

Azərbaycan Qarabağ danışıqlarından imtina edəcək

Azərbaycan Qarabağ danışıqlarından imtina edəcək

Rayonlar qaytarılmasa payızda müharibə başlaya bilər

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunmur. Mayın 16-da Vyanada bərpa olunan danışıqlar prosesi üzrə iki istiqamətdə konkret nizamlanma variantı formalaşıb. Birincisi, Azərbaycanın ilkin şərt kimi işğal olunmuş ən azı 5 ətraf rayonun qaytarılmasını nəzərdə tutan mərhələli həll planıdır. İkinci təklifin müəllifi qismində, Ermənistanın deyil, Rusiyanın çıxış etməsidir. Yəni bu prosesdə Kreml Ermənistanın maraqlarını demək olar ki, nəzərə almır.

Putin adminstrasiyası Rusiya qoşunlarının sülhməramlı adı altında Azərbaycan ərazisinə yerləşdirilməklə münaqişənin mərhələli şəkildə həllinə razılıq verir. Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağla, həmçinin qaytarılması ikinci mərhələyə saxlanılmış Laçın və Kəlbəcər rayonları ilə Azərbaycanın ordusunun təmas xətti boyunca yerləşdirilməsi münaqişənin de-fakto yeni dondurulmuş fazaya keçməsi deməkdir. Ona görə də həmin ərazilərin sonradan işğaldan azad olunacağı kifayət qədər şübhə doğurur. Beləliklə, Rusiya status-kvonu hüquqi çərçivəyə salmaqla münaqişənin siyasi rekonsruksiyasına nail olmağa çalışır. Bu isə Rusiyaya Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməklə yanaşı Azərbaycanı özünün siyasi orbitinə salmaq imkanı yarada bilər.

Hazırda Kreml rəsmi Bakının bu təkliflə bağlı mövqeyini öyrənməyə çalışır. Rusiyanın son diplomatik təşəbbüsləri də 5 rayonun qaytarılması qarşılığında Azərbaycanı münaqişənin yenidən dondurulmuş mərhələyə keçməsinə razı salmağa hesablanıb. Ancaq rəsmi Bakının bu məsələdə güzəştə gedəcəyi inandırıcı görünmür. Qeyd edildiyi kimi, danışıqlar prosesində demək olar ki, konkret “yol xəritələri” müəyyənləşib.

Böyük ehtimalla indi həm Azərbaycan həm də Rusiya növbəti görüşlərdə öz təklifini qəbul etdirməyin mümkünlüyü üzərində düşünür. Çünki münaqişə tərəfləri ilə yanaşı vasitəçilər də yaxın zamanda konkret nizamlanma modeli qəbul edilməsə, hərbi əməliyyatların yenidən başlayacağını yaxşı anlayır.

Redaksiyamıza mötəbər mənbədən daxil olan məlumata görə, Azərbaycan Ermənistanın və beynəlxalq vasitəçilərin qarşısında konkret şərtlə çıxış edib. Daha doğrusu, rəsmi Bakı işğalçı tərəfə sentyabr ayına qədər işğal altındakı ətraf rayonların 5+2 formatında boşaldılmasına başlamaq barədə möhlət verib. Söhbət əvvəlcə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndinin, ikinci mərhələdə isə Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz verməklə Laçın rayonunun digər ərazilərinin və Kəlbəcər rayonunun qaytarılmasından gedir. Ermənistan bu tələbi yerinə yetirməyəcəyi təqdirdə, avqustun sonu, sentyabrın sonlarında cəbhə xəttində döyüşlər yenidən başlaya bilər. Xatırladaq ki, İlham Əliyevlə Serj Sarkisyan arasında mayın 16-da Vyanada aparılmış müzakirələrdən sonra isə rusiyalı politoloq Sergey Markov Azərbaycanın 6,5 rayonun qaytarılması şərtini irəli sürdüyünü açıqlamışdı.

Görünür, rəsmi Bakı aprel döyüşlərindən sonra irəli sürdüyü tələbdən geri çəkilmək istəmir. Azərbaycan hazırda status-kvonun danışıqlar vasitəsilə dəyişilməsinə çalışır. Əgər bu baş verməsə, rəsmi Bakı cəbhədə növbəti uğurlar əldə etməklə məqsədinə çatmağa çalışa bilər. Əks halda, Rusiyanın təklifləri status-kvonu yenilənmiş variantda saxlamaq üçün tutarlı siyasi və arqumentə çevriləcək.

Bir neçə gün öncə isə Vaşinqtondakı Karnegi Fondunun Dağlıq Qarabağ münaqişəsi üzrə eksperti Tomas de Vaal da danışıqların müsbət nəticə verməyəcəyi təqdirdə regionda qarşısıalınmaz qanlı müharibənin baş verəcəyini yazıb:

“Azərbaycan tərəfi münaqişənin nizamlanmasında perspektiv görməsə, daha çox əraziləri tutmaq və vəziyyəti öz xeyrinə dəyişmək üçün yeni hərbi əməliyyatlara başlaya bilər. Eləcə də Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanımaqla təhlükə törədə bilər. Bu, İrəvanın növbəti danışıqları davam etdirmək imkanlarını pozur və Minsk prosesinə son qoyur.

Bir şey aydındır: Döyüş əməliyyatlarının yeni mərhələsini dayandırmaq çətin olacaq. Çox güman ki, döyüşlərin coğrafiyası genişlənəcəyi halda, ağır texnikadan istifadə olunacaq və daha çox qan töküləcək”.

Rusiya Elmlər Akademiyasının Qafqazşünaslıq üzrə eksperti Aleksandr Krılov aparılan danışıqları imitasiya diplomatiyası adlandıraraq, sadəcə, prosesin davam etdirilməsi görüntüsü yaratdığınlı deyib:

“Qarabağ problemi ətrafında imitasiyalı danışıqlar prosesi getdiyindən tərəflər mövcud şəraitdə münaqişənin qarşılıqlı kompromiss yolu ilə həllinin prinsipcə mümkün olmadığını başa düşürlər. Hazırda belə kompromisə nail olmaq hər hansı şərait yoxdur. Təmas xətti boyunca genişmiqyaslı döyüşlərin ağır texnikanın iştirakı ilə vaxtaşırı kəskinləşməsi səbəbindən zəif müharibənin yenidən daha tez-tez və şiddətli döyüş xəttinə çevrilməsi baş verir. Erməni və Azərbaycan cəmiyyətlərində düşmənçilik daima artır. Belə şəraitdə ATƏT-in Minsk Qrupunun həmsədrləri problemin həllinə yönəlməmiş, vəziyyəti nəzarətdə saxlamaq və münaqişə tərəflərinə təsir məqsədilə imitasiyalı danışıqlar prosesi aparmağa məcbur olurlar”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları