Yuxarı

Avropa Məhkəməsindən qərəzli mövqe

Avropa Məhkəməsindən qərəzli mövqe

Kəlbəcərli girovlardan “sağlamlıq arayış”ı istənilir Akif Nağı: “Ədalətsiz və qərəzkar yanaşmadır” İki ildən çoxdur erməni əsirliyində saxlanılan kəlbəcərli girovlar Dilqəm Əsgərovun səhhəti ilə bağlı ailəsi tərəfindən Avropa Məhkəməsinə göndərilən müraciətə qarşı tərəfdən ilginc cavab verilib. Qeyd edək ki, quruma Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov müraciət edib. Avropa Məhkəməsi qəribə cavab verib: “Sübut edin ki, Dilqəm Əsgərovun səhhətində problem var”. (?) Avropa Məhkəməsinin bu məsələdə qərəzli mövqe tutduğunu vurğulayan girovun oğlu deyib ki, atasının səhhətindəki vəziyyəti öyrənmək istənilən qurum üçün çətin deyil - deyə bildirib. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Avropa Məhkəməsi, ümumiyyətlə beynəlxalq təşkilatlar bu məsələdə çox ədalətsiz və qərəzli mövqe nümayiş etdiriblər: “Bu nə deməkdir ki, “sübut edin”? Bu adam əsirlikdədir, ermənilərin zülmü altındadır. Heç sübut etməyə də ehtiyac yoxdur. Normal düşünən insan, beynəlxalq təşkilat nümayəndəsi bilir ki, ermənilərin əsarəti altında azərbaycanlı hansı vəziyyətdə ola bilər. Sadəcə olaraq bu məsələyə reaksiya vermək və erməniləri ittiham etmək istəmirlər. Ermənistanın əleyhinə olan prosesi başlamaq istəmirlər. Bunu birmənalı şəkildə biz bilməliyik ki, beynəlxalq təçkilatlar heç vaxt ədalətli mövqe tutmayacaqlar. Onların əsas məqsədi Dağlıq Qarabağı Ermənistana hədiyyə etməkdir. Son dövrlərdə bunu prezident də açıq bəyan etdi ki, bağlı qapı arxasında bu təşkilatlar prezidenti məcbur etməyə çalışır ki, Dağlıq Qarabağın müstəqilliyi tanınsın”. “Qaçqınkom heç nə etmədi” Qarabağ Azadlıq Təşkilatı girovların azad edilməsi ilə bağlı məsələdə son vaxtlar susqunluq nümayiş etdirir. Akif Nağı bu məsələyə də toxunub. O, deyib ki, girovların azadlığı üçün dəfələrlə meydanda çıxışlar,nümayişlər edən məhz Qarabağ Azadlıq Təşkilatı oldu: “Dəfələrlə bizim təşkilat öz mövqeyini ortaya qoydu və BMT-nin ofisi qarşısında təkrar aksiyalara başladı. Ayrıca qadınların da aksiyasını keçirdik. Yaxınları ilə görüşdük. Bunun həlli yolları necə görünür, onu da dedik. Bir həftə aclıq aksiyası keçirdik. Düzgün yol seçmişdik. BMT və Qırmızı Xaç Komitəsini hədəf tutmaqla nəticəyə tezliklə nail olmağı düşünürdük. Amma Dilqəm Əsgərovun yaxınları mətbuatda dedilər ki, “bu məsələdə Akif Nağının marağı var”. Böyük ittihamlarla çıxış etdilər. Ona görə də biz müvəqqəti kənara çəkildik. Çox təəssüflər olsun ki, o vaxtlar Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu məsələni öz nəzarətinə götürdü və onun vasitəsilə Dilqəm Əsgərovun qohumları bizə qarşı təzyiq elədi. Bu məsələdə guya ki, o komitə nəsə edəcəkdi, amma onlar da heç nə etmədilər”. “Hökumət sərt mövqe qoymalıdır” Akif Nağı onu da əlavə edib ki, girovların azad olunması məsələsi konkret olaraq dövlət başçısı və Xarici İşlər Nazirliyi səviyyəsində həll oluna bilər: “Hesab edirəm ki, Azərbaycan rəsmi qaydada bildirməlidir ki, əgər girovlar azad edilmirsə, Azərbaycan beynəlxalq təşkilatların vasitəçiliyi ilə heç bir danışığa və görüşə getməyəcək. Yəni, Azərbaycan ortaya sərt mövqe qoymalıdır. Hətta prezidentlərin son görüşündə İlham Əliyev bildirmişdi ki, mən bağlı qapı arxasındakı görüşdə Ermənistan və Rusiya prezidentlərinə müraciət etmişəm ki, nə üçün girovları qaytarmırsız, qaytarın. Bu səviyyədə prezident bunu deyirsə və bunu eşitmirlərsə, Rusiya vasitəsilə danışıqlara getməyin mənası yoxdur. Belə götürəndə bu çox xırda məsələdir. Əgər bu məsələdə güzəştə getmirlərsə, danışıqların davam etdirilməsinin əhəmiyyəti yoxdur”. Xatırladaq ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Dağlıq Qarabağda qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlarla birlikdə Kəlbəcərə getmiş üçüncü azərbaycanlı - Həsən Həsənov isə öldürülüb. Alçina Amilqızı





Həftənin ən çox oxunanları