Yuxarı

Qarabağa təhlükə: Prezident SOS siqnalı verdi

Qarabağa təhlükə: Prezident SOS siqnalı verdi

Əli Əliyev: “Hakimiyyətə güclü basqı var” Üzeyir Cəfərov: “Prezidentin səsləndirdiyi fikirlər siyasiləri hərəkətə gətirməlidir” Sərdar Cəlaloğlu: “Minsk Qrupunun fəaliyyətindən imtina olunmalıdır” Ehtiram Mehtiyev: “Prezidentin çıxışı etiraf idi” Azərbaycan prezidenti İlham Əliyevin 9 ayın yekunlarına dair müşavirədə çıxışı zamanı səsləndirdiyi fikirlər maraqla qarşılanıb. Prezident çıxışında bildirib ki, Qərb Qarabağ məsələsində güzəştə getməyimiz üçün bizə təzyiqlər edir. “Biz niyə müsəlmanları sıxışdıran, islamı terror dini adlandıran Avropaya inteqrasiya etməliyik?” Prezidentin səsləndirdiyi bu fikirləri xalqa müraciət kimi qəbul etmək olar. Xalq da artıq Qarabağ məsələsində öz vahid fikrini ortaya qoymalıdır. Qeyd edək ki, bir müddət öncə daha dəqiq desək, aprel döyüşləri zamanı da Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qarabağ məsələsinin həllində xalqın vahid mövqeyini ortaya qoyması üçün Vahid Qərar Şurasının (VQŞ) yaradılmasını təklif etmişdi. AXCP-nin bu təklifi ictimaiyyətdə böyük rəğbətlə qarşılanmışdı. Prezident də müşavirədə çıxışı zamanı Qarabağ münaqişəsinin həlli yönündə səsləndirdiyi fikirlər bu məsələni yenidən gündəmə gətirib. Prezidentin səsləndirdiyi fikirləri xalqa müraciət kimi qəbul etmək olarmı? “Münaqişə hər an alovlana bilər” Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət”ə şərhində deyib ki, Qarabağ məsələsini ümumi platformaya çevirmək hakimiyyətin vəzifəsidir. Onun sözlərinə görə, bunu bəyanatlarla deyil, konkret addımlara etməlidir: “Bu, Dağlıq Qarabağ ətrafında yürüdülən səhv siyasətin nəticəsidir. Prezidentin son çıxışında bu fikirləri səsləndirməsi guya xalqın məlumatlandırılmasıdır. Amma əslində biz hər zaman deyirdik ki, Qarabağ məsələsi bir hakimiyyətin, bir partiyanın, bir prezidentin işi deyil. Bu ümumxalq məsələsidir. Bu məsələ ətrafında iqtidar-müxalifət ayrımı aparmaq da yanlışdır. Biz dəfələrlə bildirmişik ki, bu mövzuda qurultayın, ümumxalq səsverməsinin keçirilməsinə ehtiyac var. Amma təəssüflər olsun ki, hakimiyyət bunu uzun müddətdir eşitmir. Mən istisna etmirəm ki, hal-hazırda hakimiyyətin üzərində böyük basqı var. Bu da gözlənilirdi. İndi bunu üstü örtülü şəkildə ifadə etmək yanlışdır. Aprel hadisələri göstərdi ki, Qarabağ münaqişəsi bitməyib, konseptləşdirilmiş vəziyyətdədir. İstənilən vaxt bu münaqişə alovlana bilər. Dağlıq Qarabağ məsələsini isə ümumi platformaya çevirmək hakimiyyət vəzifəsidir. Belə bəyanatlar formasında deyil, konkret addımlar şəklində. Həqiqətən də bu cəmiyyətin xalq hissəsi var və həmin xalqın bir hissəsinin dəstəklədiyi hakimiyyət və müxalifət var. Qarabağ ümumxalq problemi olduğundan, hakimiyyət bunu xalqın bütün senqmentlərilə müzakirə etməlidir. Və məsuliyyəti cəmiyyətə açıq formada ifadə etməlidir”. “Vəziyyət düşündüyümüzdən də qəlizdir” Hərbi-siyasi ekspert Üzeyir Cəfərov isə vəziyyətin daha da ağır olduğunu vurğuladı: “Prezidentin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər bu gün Azərbaycan cəmiyyətində bir nömrəli məsələ olmalı idi. Azərbaycan ictimai-siyasi həyatında aparıcı qüvvələr, başda Yeni Azərbaycan Partiyası (YAP) olmaqla digər siyasi partiyalar üçün bir mesaj olmalı idi ki, bağlı qapılar arxasında bəzi diplomatlar Azərbaycana Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün təzyiq edirlər. Azərbaycan xalqının buna sərt reaksiyası olmalıdır. Ən azından ATƏT-in Minsk Qrupuna, Amerikaya, Rusiyaya, Fransaya ən sərt şəkildə reaksiya göstərməlidirlər ki, biz təkcə sözdə deyil, öz vətənimizi müdafiə etmək üçün ölümə də hazır olan bir xalqıq. Siyasilər gözləyirlər ki, hansısa aparıcı qüvvənin səhvi olsun və onu əllərində bayraq etsinlər. Mən heç bir siyasi qurumun üzvü deyiləm, amma bu cür münasibət şəxsən məni çox narahat edir. Azərbaycan xalqı əgər ölkə başçısına dəstək olmayacaqsa böyük dövlətlər öz istəklərini həyata keçirmək üçün çalışacaqlar və buna ciddi şəkildə cəhd edəcəklər. Vəziyyət düşündüyümüzdən də qəliz və mürəkkəbdir. Çünki prezident o fikri səsləndirdi ki, Qarabağla bağlı çox təhlükəli gedişlər var və nə Ruisyaya, nə Amerikaya, nə də Fransaya inanmaq olmaz. Bunlar hamısı özlərinin maraqlarından çıxış edirlər və Azərbaycanı da çox pis vəziyyətə salmağa çalışırlar. Ona görə də, mən hesab edirəm ki, sanki payış yuxusuna getmiş siyasilər prezidentin o çıxışından sonra toplantılar keçirməlidirlər, tələblər irəli sürməlidirlər, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Bakı Hava Limanından geri qaytarmalıdırlar ki, ikibaşlı yox, üçbaşlı oyunlar oynayırsız. Bunlar hamısı olunmalıdır. Yoxsa bunlar vaxt uzadırlar, yeni görüşlər üçün min hoqqadan çxırlar. Mən yenə də deyirəm ki, bu məsələdən çox narahatam. Son dövrlər Amerika dövlət katibinin səsləndirdiyi o fikirlər ki, Qarabağ məsələsinin həlli indiki məqamda mümkün deyil sözləri Azərbaycan cəmiyyətini yerindən oynatmalı idi. İndi prezidentin də səsləndirdiyi o fikirlər Azərbaycan siyasi elitası üçün hərəkət istiqaməti olmalıdır və ona uyğun olaraq öz işlərini qurmalıdırlar”. “Onların məqsədi Qarabağı Ermənistana verməkdir” Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, təzyiqlərin arxasında Qarabağı müharibəsiz şəkildə Ermənistana vermək niyyəti dayanır: “Hakimiyyət bunu indi deyir, ancaq biz Minsk Qrupu yaradılanda açıq şəkildə deyirdik ki, bu qurumun yaradılmasında məqsəd birmənalı olaraq Dağlıq Qarabağı bizdən alıb Ermənistana verməkdir. Sadəcə, Azərbaycan prezidenti bunu çıxıb vaxtında elan etməli idi. Minsk Qrupu deyirdi ki, Qarabağ məsələsi haqqında gedən danışıqları xalqa demək olmaz. Elə bundan bilinirdi ki, Qarabağı bizdən almaq istəyirlər. Dağlıq Qarabağ məsələsində Ermənistana Rusiyanın, Amerikanın və Fransanın verdiyi dəstək də bunu sübut edir. Minsk Qrupunun yalnız bir məqsədi var, müharibəsiz şəkildə Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana verməkdir. Çünki dünyada yüzlərlə bu kimi münaqişələr var, amma onların heç birində Mins Qrupu kimi bir qurum yaradılmayıb. Lissabon samitində bizi məcbur etdilər ki, Dağlıq Qarabağı “mübahisəli zona” kimi tanısın və Azərbaycan Moldova, Gürcüstanla eyni siyahıya düşməsin. O vaxt da təzyiq olub, indi də təzyiq edirlər ki, Qarabağı Ermənistana verin. Hökumətdən ciddi güzəştlər qoparmaq istəyirlər. Artıq Azərbaycanın nə Qərblə, nə də digər böyük dövlətlərlə alver etməyə siyasi kartı yoxdur”. “Xalqa güvənsək...” ADP sədri əlavə edib ki, prezident təzyiqlərdən yaxa qurtarmaq üçün ATƏT-in Minsk Qrupundan imtina etməli və Azərbaycan xalqını arxasına almalıdır. S.Cəlaloğlu vurğulayıb ki, bunlar baş versə heç kim bizdən bir qarış torpaq belə ala bilməz: “Minsk Qrupu Dağlıq Qarabağı dinc yolla Azərbaycandan alıb Ermənistana vermək üçün Avropanın bir planıdır. Azərbaycan hökuməti də buna razılıq verməklə böyük bir yanlışlığa yol verib. Bu vəziyyətdə əgər Qarabağı ermənilərə vermək istəmiriksə, açıq siyasət aparılmalıdır. Azərbaycana edilən hər-hansı bir təzyiqdə xalqa müraciət edilməlidir. Bu baxımdan da müxalifət olaraq biz hər zaman prezidentin yanında olmağa hazırıq. Amma müxalifətlə düşmənçilik etmək, xalqdan gizli siyasət aparmaq, həm Qarabağ məsələsini örtülü şəkildə həllinə cəhd hökuməti bundan sonra da təzyiqlərə məruz qoyacaq. Bunun başqa yolu yoxdur. Əgər bunu istəmirlərsə Qarabağ məsələsində aşkarlığı təmin etməlidirlər.  Bu halda da heç kim bizdən bir qarış torpaq qopara bilməz. Rusiya və Amerikanın dəstəyilə də heç nə edə bilməzlər. Bizim ərazilərimizdə onsuzda “Ermənistan” dövləti yaradılıb, Azərbaycan əzəli torpaqlarında Gürcüstan yaradılıb, Dağıstanı Rusiya bizdən qoparıb. Daha bundan artıq nə istəyirlər? Onsuzda uzun illər ərzində Azərbaycan torpaqlarını 4 dəfə əlindən alıblar və yenə də o proses davam edir”. “Hakimiyyət Qarabağ siyasətini dəyişməlidir” Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev prezidentin çıxışında səsləndirdiyi fikirlərin bir etiraf olduğunu deyib. Onun sözlərinə görə, hakimiyyət artıq Qarabağ siyasətini dəyişməli və xalqla hesablaşaraq ciddi addımlar atmalıdır: “MDB məkanında 2 siyasi və iqtisadi güc var. Tarix boyu Azərbaycan bu iki gücün həm Avropanın, həm də Rusiyanın maraq dairəsində olub. Uzun illər Azərbaycan torpaqlarının işğal olunaraq bölünməsi, ayrı-ayrı dövlətlərə verilməsi halları baş verib. İndi də Qarabağ münaqişəsinin həlli dalana dirənib. 25 ildir ki, bu məsələ həllini tapmır. Prezidentin müşavirədə səsləndirdiyi fikirlər isə bir etiraf idi. Əslində Qarabağla bağlı aparılan siyasət xalqdan gizlədilməməlidir. Azərbaycan xalqı hər zaman Qarabağ probleminin həllində birləşib, hakimiyyətin, dövlətin yanında olub. Biz aprel döyüşləri zamanı bunu gördük. O, zaman da Azərbaycanın tam olaraq uğur qazanmasına Rusiya, Amerika, Fransa və digər  dövlətlər mane oldular. ATƏT-in Minsk Qrupu da hər zaman Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərib. Bunu zaman-zaman hakimiyyətdə təmsil olunan siyasilər də etiraf edib.  Amma hələ də Minsk Qrupu fəaliyyət göstərir. Nəticə isə göz qabağındadır. Prezidentin Nazirlər Kabinetinin son müşavirəsində səsləndirdiyi fikirlər göstərdi ki, Qarabağ münaqişəsinin həllində Qərb maraqlı tərəf deyil. Düşünürəm ki, hakimiyyət artıq Qarabağ siyasətini dəyişməlidir və xalqla hesablaşaraq daha ciddi addımlar atmalıdır. Qeyd edim ki, biz AXCP olaraq hələ aprel döyüşləri zamanı Qarabağ münaqişəsinin həlli üçün Vahid Qərar Şurasının yaradılmasını təklif etmişdik. Hesab edirəm ki, hal-hazırda hakimiyyətin tutduğu yol və elə doğru olan da elə budur”. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları