Yuxarı

Razi Nurullayev: "Siyasi partiyaların yenidən şəkillənməsinə ehtiyac var".

Razi Nurullayev:

 

50 il bundan sonra da Əli Kərimli AXCP sədri qalmalıdır?

11225433_1099856876747780_1441473543300805003_n AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev Kanal- 13 internet televiziya kanalına müsahibə verib. O, AXCP-də üzvlərin Əli Kərimlini ittiham etməklə ondan uzaqlaşması və Azərbaycan Xalq Cəbhəsi Partiyasının gələcək aqibətindən tutmuş bir çox beynəlxalq proseslərə münasibətini açıqlayıb. "Cümhuriyət" qəzeti sözügedən buraxılışın yazılı formasını öz oxucularına olduğu kimi təqdim edir.   -Ama qərarınız gecikir. Məsələn, Əli Kərimli boykot qərarı verib bir müddət əvvəl. Sizcə, hansı halda normal sayıla bilər siyasi partiyaların boykot eləməsi?   -Heç cür normal hal deyil. Mən əgər seçkidə iştirak etməsəm də, boykot da etməyəcəm. Belə bir ifadə işlətməyəcəm. Əgər düşünürlərsə ki, Azərbaycanda azad və demokratik seçkinin  keçirilməsi üçün şərait yoxdur, hesab edirəm ki, 2015-ci ildə olan şərait 2010-cu ildə heç yox idi. Nəyə görə 2010-cu ildə seçkiyə qatıldıq? Nəyə görə 2005-ci ildə seçkiyə qatıldıq? Nəyə görə 2000-ci ildə qatıldıq? Ondan öncəki, illərdə niyə qatıldıq?  O zaman azad və demokratik seçkinin keçirilməsi üçün ortada zəmanət var idimi? Yox idi. Maraqlar var idi. Onun üçün o vaxt qatıldılar və bu il boykot edirlər ki, seçki azad və demokratik deyil?! Və sonda 2013-cü ildəki şərait bundan daha yaxşı idimi? Nəyə görə prezident seçkilərinə qatıldıq? Bu yalanları demək xalqı bezdirib. Hər bir zaman siyasi oyunlar olub. Həmin o siyasi oyunların tərkib hissəsi olaraq seçkilərdə iştirak olunub. Bu il yəqin ki, heç kim heç kimə "qarmaq" atmadı. Yəqin ki, ortada hər hansı bir siyasi oyun olmadı, maraq olmadı. Onun üçün də iştirak edilmədi. Səbəbi budu. Mənə belə gəlir ki, hər bir kəsin deyək ki, seçkidən öncə müəyyən bir qarantiyası olur.  Kimsə deyir ki, ver, bəlkə də seçilə bilərsən, çalışacağıq ki, kömək edək. Bu il yəqin ki, onlara bunu deyən olmadı. Bax bu qeyri-səmimilikdir. Xalqa bu cür yalanlar demək insanları da seçkilərdən və ümumiyyətlə, belə deyək ki, siyasi proseslərdən iyrəndirir. Hesab edirəm ki, siyasi partiya varsa, seçkidə iştirak etməlidir.  Əks halda siyasi səhnədən çəkilməlidir. Təbii ki, azad və demokratik seçkinin keçirilib-keçirilməməsi var, amma bunun məsələyə dəxli yoxdu. Azad və demokratik seçki keçirilsə də, keçirilməsə də uduzan patiya siyasətdən çəkilməlidir. Onda məntiqlə belə çıxır ki,  YAP seçkini 50 il bundan sonra da saxtalaşdıracaq, 50 il bundan sonra da Əli Kərimli AXCP sədri qalmalıdır? Bunda məntiq varmı? Dəxli yoxdur, sən bir siyasət qur, nəsə  bir dəyişiklik et, nəsə bir  gediş et və onun qarşısını al. Ala bilmirsənsə, çəkil. Çünki mən bunu ona görə deyirəm ki, Əli Kərimlinin hər zaman bir sözü var ki,  "mən potensialımı aça bilməmişəm, çünki azad və demokratik seçki keçirilmir. Keçirilsə idi, mən o zaman uduzsam çəkilərdim". Belə çıxır ki, heç bir zaman bu olmayacaq və sən də hər bir zaman AXCP sədri qalacaqsan? Məntiq varmı burda? Məntiqsizlikdir. Onun üçün də mən partiyaların siyasi boykot qərarına çox mənfi yanaşıram. Və hesab edirəm ki, onlar bu tribunadan istifadə edib xalqla daha yaxşı təmas qura bilərdilər.   - YAP seçki siyahısını açıqladı. Və əksəriyyət bu fikirdədir ki, YAP yenə "döyüşə qocalarnan gedir". Siz qısaca necə qiymətləndirərdiniz həmin siyahını? -Açığı mən heç onu analiz etmədim. Mənim üçün maraqlı olan dairələrə baxdım. Təəssüf hissi keçirdim ki, YAP ənənəsinə sadiq qalır. Daha çox ciddi dəyişiklik gözləmək olardı. Ama mən onları görə bilmədim. Yenə də YAP deyək ki, ortaya maraqlı bir siyahı qoya bilmədi. YAP-ın siyahısı təəssüf doğurur. Əgər orada yeni insanlar olacaqsa, yəni ən azından daha çox yeni insanlar seçiləcəksə, o zaman bəlkə də yaxşı ola bilər. Azərbaycanın ümumiyyətlə siyasi sistemində bir problem var. İnsanların siyasi tərbiyəsində problem var, siyasi kültüründə bir problem var.  Bu baxımdan, tək müxalifətdə deyil, YAP-ında içərisində çox ciddi şəkildə siyasi kültürdən uzaq insanlar var. Və eyni zamanda siyasi mədəniyyətin formalaşmasına əngəl törədən insanlar var. Ümumiyyətlə YAP-ın fundamenti elə qurulub ki, orada belə deyək ki, qərarlar müəyyən şəxslərə bağlıdır. Yəni orda partiyanın içərisində də demokratik ab-hava yoxdur. Yəni Azərbaycan cəmiyyəti necədirsə, o da elədi. Azərbaycan müxalifəti necədirsə, deyək ki, Əli Kərimli necədirsə, YAP rəhbərliyi də elədir. Yəni AXCP necə idarə olunursa, YAP da o cür idarə olunur. Burada ciddi bir fərq yoxdur. Azərbaycan cəmiyyətində siyasi prosesslər problemlidir. Siyasi sistem problemlidir. Təbii ki, əgər biz bunu dəyişməyə nail ola bilsək, bunun da dəyişilməsi üçün ortaya yeni-yeni simalar çıxmalıdır, yeni siyasətçilər çıxmalıdır. YAP  bu ölkəni xilas edə bilməz. YAP-ın siyasi quruluşu, siyasi konsepsiyası bu ölkəni xoşbəxtliyə apara bilməz. Və eyni zamanda bu gün Azərbaycan müxalifəti olan və prezidentlik iddiasında olan insanlara hakimiyyəti vermək olmaz. Bax bu problem də var. Onun üçün cəmiyyətə yeni-yeni insanlar lazımdır. Yeni kültürlü, yəni oxumuş və təmiz qəlbli, saf düşüncəli siyasətçilər gəlməlidir ki, yavaş-yavaş, mərhələ-mərhələ Azərbaycan siyasətinin sistemini dəyişsinlər.   - Avropa Parlamenti sentyabrın 10-da qətnamə qəbul elədi Azərbaycanla bağlı, çox sərt qətnaməydi. Bunu ekspertər bu cür dəyərləndirir. Sizcə hər seçki qabağı verilən Qərbin, xarici ölkələrin verdiyi bəyanatlardan fərqli olacaqmı bu dəfə? Hansısa bir sanksiya olacaqmı Azərbaycanla bağlı? -Ümumiyyətlə, düşünmürəm ki, bu gün Azərbaycan Avropa  Birliyi ilə hesablaşır və onların qərarlarını, qətnamələrini ciddi sayır. Çünki Azərbaycan prezidenti də qeyd etdi ki, mənim üçün Avropa Parlamentinin qətnaməsi kağız parçasından başqa bir şey deyil. O baxımdan, Avropa Birliyinin Azərbaycana təsir imkanları zəifdir. Deyək ki, Azərbaycan Avropa  institutlarından çox ciddi maliyələşmir. Azərbaycanın özünün nefti və pulu var və təbii ki, Azərbaycan hakimiyyəti də, İlham Əliyev də, bu şəkildə danışır. Digər bir tərəfdən deyim ki, Avropa Birliyini də, Avropa Parlamenti də təklif və tövsiyyə verir, amma Avropa Parlamenti sanksiya tətbiq edə bilməz. O baxımdan, qətnaməni Avropa Birliyi Komissiyası qəbul edə bilər. Amma, sanksiya tətbiq edə bilməzlər. Çünki o zaman Azərbaycanla bütün dialoq pəncərələri bağlanacaq. Avropa buna maraqlı deyil. Çünki Avropa Birliyi Azərbaycana sanksiya tədbiq edəndən sonra onu necə yerinə yetirmək, necə davam etdirmək haqqında da konsepsiyaya malik deyil. Sanksiya Rusiyanı yolundan çəkindirdimi? Yox!  Azərbaycana da sanksiyanın tətbiq edilməsi Azərbaycanın daha da aqressivləşməsi deməkdir. 1959-cu ildən bəri Avropa, ABŞ Kubaya sanksiya tətbiq etmişdi, sanksiyanı qaldırdı. Kuba daha pis oldu. Kuba insanları əziyyət çəkdi. Fider Kastro yenə hakimiyyətdə qaldı. Daha sonra hakimiyyəti qardaşı  götürdü və bu gün də artıq Amerika Kubanın qarşısında sındı desək, yanılmarıq. Bu gün də eyni zamanda Belarusiyaya tətbiq edilmiş sanksiyalar yumşaldılır. Belarusiya dəyişmədi. Lukaşenko da hakimiyyətdə qaldı. Bu gün Azərbaycana tətbiq olunan sanksiyalar da Aərbaycanı dəyişməyəcək. Hesab edirəm ki, Avropa Birliyi yenidən Azərbaycana güzəştli bir mövqe tutacaq. Heç də təsadüfi deyil ki, Avropa komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəsmisi  "Azərbaycan Avropa Birliyinin strateji tərəfdaşıdır" sözünü prezidentin Avopa Birliyi ilə bağlı tənqidindən sonra işlətdi. Azərbaycan hakimiyyəti istədiyi seçkini keçirəcək. Azərbaycan hakimiyyəti hazırda hakimiyyəti əlində saxlamaq üçün bütün mexanizmlərə, yollara hazırdır. Bunun qarşısını almaq üçün Azərbaycanda tamamilə müxalifət yenidən şəkillənməlidir. Bunun üzərində çox ciddi işləyirəm. Tərəfdarlar toplayıram və heç bir iddiam da yoxdur. Sadəcə olaraq, Azərbaycanda hazırda ciddi şəkildə siyasətin yenidən şəkillənməsini istiyirəm ki, YAP-ın bu müəssisələrinin, fikirlərinin və təşəbbüslərinin qarşısını ala bilək. Amma, yaxın gələcəkdə indiki, siyasi vəziyyətlə və müxalifətlə bunu etmək mümkün olmayacaq. Çünki YAP gündən-günə  güclənəcək, aqressivləşəcək və ümumiyyətlə, Azərbaycan siyasi müxalifəti tamamilə, demək olar ki, yoxa çıxa bilər.   -Tamam. Son oalaraq soruşum. Razi Nurullayev təzə komandasıyla İlham Əliyev iqtidarına qarşı ilk çıxışını nə zaman etməyi planlaşdırır?   -Biz hər zaman edirik. Mən sualın bu cür qoyuluşunu qəbul etmirəm.   -Onda ilk gedişini deyək... -Mən hər zaman İlham Əliyevin siyasətini tənqid edirəm. İlham Əliyevin, YAP-ın siyasətini tənqid edirəm.  Çünki hesab edirəm ki, Azərbaycanın bütün bu günkü problemlərinin bu şəklə gəlməsində birinci növbədə YAP günahkardır. Və biz onların üzərinə gedirik. Sadəcə olaraq bir az fərqli format seçəcəyik. Hal-hazırda müəyyən proqramlar da hazırlanır, müəyyən təşəbbüslərimiz var və biz YAP-la öz proqramlarımızı, davranışlarımızı  müqayisəli şəkildə cəmiyyətə təqdim edəcəyik. Yəni, qoy insanlar bilsin ki, YAP nə istəyir, biz nə istəyirik. Fərq nədir. Xalq seçim edə bilsin. Təbii ki, xalqın indi inamı qalmayıb. İnam çox azalıb siyasətə. Hələ xalqın siyasətə  marağını da artırmaq, qaytarmaq lazım gələcək. Amma istənilən halda biz bu gün də YAP-ın siyasəti ilə razı deyilik. Azərbacyan üçün YAP-ı bir bəla  hesab edirik və düşünürük ki, Azərbaycandakı problemləri heç bir zaman YAP həll edə bilməz. Bu mümkün deyil.





Həftənin ən çox oxunanları