Yuxarı

Qarabağ düyünü: həll yolu görünmür

Qarabağ düyünü:  həll yolu görünmür

 

ABŞ-Rusiya gərginliyinin artması nizamlanmanı çətinləşdirir

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik İrəvanda verdiyi açıqlamada Ermənistanı işğal olunmuş əraziləri dazad etməyə çağırıb. “Azadlıq” radiosunun erməni bürosunun suallarını cavablandıran diplomat münaqişənin nizamlaması üçün işğal edilmiş ərazilərin qaytarılmasının başlıca şərtlərdən biri olduğunu deyib: “Nizamlanmanın bütün komponentləri masa üzərində olmalı və müzakirə olunmalıdır. Siz hansısa bir sualı götürüb onu konteksdən çıxara bilməzsiniz. Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müzakirə edilməli, eyni zamanda Dağlıq Qarabağın yekun statusu açıq şəkildə müzakirə olunmalıdır.

Başqa suallar da var, biz qaçqınlar və daxildəki məcburi köçkünlərin qayıtması məsələsini də müzakirə etməliyik. Açıq deməliyik ki, beynəlxalq sülhməramlı qüvvələr hansı formada və hansı səlahiyyətli olmalıdır. Həmçinin dəhliz məsələsi müzakirə olunmalıdır. Bütün bunlar sistemli həllin tərkibidir”-Uorlik bildirib. Amerikalı həmsədr beynəlxalq vasitəçilərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil eləməyə çalışdığını bildirib.

Səfərin yekunlarına dair həmsədrlərin yaydığı bəyanatda ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, ilk imkandaca prezidentlərin görüşünün təşkil olunması məsələsini müzakirə edəcəkləri bildirilir. “Prezidentlər görüşməyə hazır olarsa, biz hər an bunu təşkil edə bilərik”-Uorlik belə deyib. Azərbaycan və Ermənistan prezidentləri Minsk Qrupunun həmsədrləri ilə görüşdə problemin sülh yolu ilə həlli prosesinə sadiq qaldıqlarını bəyan ediblər. Ancaq masaya müzakirə predmeti ola biləcək konkret təkliflər çıxarılmadan İlham Əliyevlə Serj Sarkisyanın görüşünün baş tuta biləcəyini söyləmək çətindir.

Son günlər rəsmi Bakı kompromis xarakterli müəyyən mesajlar verir. Prezident İlham Əliyevin mediaya açıqlamasında Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət status və həmin ərazidə yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat vəd etməsi rəsmi Bakı tərəfindən irəliyə doğru atılmış addım hesab oluna bilər. Hətta Ceyms Uorlik İlham Əliyevin statusdan danışaraq təkliflə çıxış etməsini alqışladığını deyib. Buna baxmayaraq, Ermənistan rəhbərliyi İrəvanda keçirilən görüşlərdə kifayət qədər sərt ritorika nümayiş etdirib və anlaşmaya hazır olmadığını nümayiş etdirib. Rəsmi İrəvanın belə mövqe tutması son aylar Rusiya tərəfindən ağır silahlar əldə etməsi, eyni zamanda prezident Serj Sarkisyanın hakimiyyət daxilində həyata keçirdiyi dəyişikliklərdən dolayı siyasi mövqeyinin güclənməsi ilə izah oluna bilər. Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan həmsədrlərlə görüşündə Azərbaycanı cəbhədə atəşkəsi pozmaqda və gərginlik yaratmaqda ittiham edib. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıb. Təbii ki, rəsmi Bakının kompromis təkliflə çıxış etdiyi bir vaxtda Ermənistan tərəfindən belə bəyanatların səslənməsi Azərbaycanın irəli sürdüyü təkliflərdən imtina edilməsi kimi başa düşülə bilər. Bu halda Ermənistanın status-kvonu saxalamaq cəhdi həmsədrlərin danışıqlar prosesini yenidən canlandırmaq təşəbbüsünün baş tutacağını şübhə altına alır. Ekspertlərin fikrincə, amerikalı vasitəçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasının genişlənməsini “doğru istiqamətdə atılmış düzgün addım” adlandırması atəşkəsin uzunömürlü olması və beləcə işğalın davamının uzanması deməkdir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir. Danışıqlar prosesini hazırkı mərhələdə əngəlləyən digər amil beynəlxalq geosiyasi vəziyyətin Dağlıq Qarabağ probleminin nizamlanmasına təsiri ilə bağlıdır. Xüsusilə də son dövrlər ABŞ və Rusiya arasında geosiyasi qarşıdurmanın dərinləşməsi Dağlıq Qarabağ probleminə münasibtdə də özünü göstərir. Suriya böhranın aradan qaldırılmasında və beynəlxalq nüvə təhlükəsizliyi məsələsində ABŞ-la Rusiyanın qarşılıqlı əməkdaşlıqdan imtina etməsindən başlanan gərginlik özünü digər münaqişələrin həllinə münasibətdə də büruzə verir. “Normand dördlüyü”nün son görüşündə ciddi nəticənin əldə olunmaması Ukrayna cəbhəsində Rusiya-ABŞ münasibətlərini gərginləşdirib. İraqda isə ABŞ-ın dəstəklədiyi anti-terror koalisiyası Mosulu və Raqqanı İŞİD-dən azad etmək uğrunda başladığı geniş miqyaslı hərbi əməliyyat Vaşinqtona bu regionda mövqeyini möhkəmlətmək imkanı yaradır.

ATƏT-in Minsk Qrupunda təmsil olunmasına baxmayaraq, Amerika ilə Rusiya arasında geosiyasi və geostrateji qütbləşmənin artdığı bir vaxtda Dağlıq Qarabağ probleminin nizamlanmasına dair ortaq mövqeyə gəlməsi real görünmür. ABŞ-ın dövlət katibi Con Kerrinin də sentyabr ayında Dağlıq Qarabağ münaqişəsinin hələ vaxtının çatmadığı barədə bəyanatını ekspertlər məhz Vaşinqtonla Moskva arasında yaranmış fikir ayrılığı ilə izah etmişdilər. Ona görə də Rusiyanın Ermənistanın “İskəndər” raketləri satması əslində Kremlin yalnız Azərbaycana deyil, həm də NATO-ya qarşı Cənubi Qafqazda güc nümayiş etdirməsi kimi dəyərləndirilir. Dağlıq Qarabağ ətrafında geosiyasi mübarizənin belə qızışması danışıqlar prosesində yaxın vaxtlarda ciddi dönüş olacağını deməyə əsas vermir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları