Yuxarı

Azərbaycan təhdid altında

Azərbaycan təhdid altında

Ölkəmizi kimlər və necə təhdid edir?

Elxan Şahinoğlu: “Suriya, İraq bizdən o qədər uzaqda deyil”

Üzeyir Cəfərov: “Təhlükə ermənilər və onların havadarlarından gəlir”

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin Moskvada toplantısı Birliyin 25 illiyi münasibətilə keçirilsə də, çox mühüm məsələlərə həsr edilib. N.Məmmədov bildirib ki, həqiqətən də müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil. Düşünürəm ki, bu təhdidlərə qarşı birgə fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya mübadiləsi və təhlükəsizliyi və digər məsələlər ətrafında müzakirələr çox faydalı oldu.

“Moskva qonşularını yanında görmək istəyir”

“Cümhuriyət” qəzetinə şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu gün Azərbaycana əsas təhdidlər Suriya və İraqda fəaliyyət göstərən terror qruplarının tərkibində olan azərbaycanlılardır: “Təhlükəsizlik Şurasının iclasının Moskvada keçirilməsinin simvolik əhəmiyyəti var. Novruz Məmmədovun dediklərilə razılaşmaq olar. Bu tədbirin Rusiyanın paytaxtında keçirilməsi ondan xəbər verir ki, Moskva öz qonşularını yanında görmək istəyir. Həm böyük dövlətlərlə münasibətlərin gərgin olduğu ərəfədə, həm də ki, İŞİD və digər terror qruplaşmaları ilə mübarizədə ətraf qonşu dövlətlərlə dialoq, təmas içində olmaq istəyir. Azərbaycan üçünsə əhəmiyyəti ondan ibarətdir ki, Suriyada, İraqda baş verən hadisələr heç də uzaq məsafədə deyil. Bunun da bizə müəyyən təsirləri var. Belə ki, İŞİD-in tərkibində Azərbaycan vətəndaşları da var. Onların bir qismi müəyyən zamanlarda Azərbaycana qaydır. Onların hansı məqsədlə Azərbaycana qayıtması məlum deyil. Ona görə də, informasiya mübadiləsinə Azərbaycanın ehtiyacı var. Amma təkcə Rusiya ilə deyil, strateji müttəfiqimiz Türkiyə, Pakistan və hətta Amerika ilə də informasiya mübadiləsinin davam etdirilməsinə ehtiyac var”.

“Azərbaycanın haqqına girməyə çalışırlar”

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov isə Azərbaycana təhdidlərin və təzyiqlərin daha çox olduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycana əsas təhdidlər Ermənistanı silahlandıran havadarları tərəfindədir: “Diplomatlar adətən demək istədiklərini diplomatik şəkildə, siyasi terminlərlə ifadə edirlər. Əslində Novruz Məmmədovun dediklərini incələsək görərik ki, səslənən fikirlərdə dərin mənalar var. Həqiqətən də MDB məkanına çox ciddi təhdidlər var. O təhdidlər içərisində Azərbaycan öndə durur. Azərbaycanın haqqına girmək üçün çalışırlar. Bunu Novruz Məmmədov da gözəl bilir. Ölkə prezidenti də Nazirlər Kabinetinin iclasında bu haqda öz fikrini bildirdi ki, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi barədə heç də xoş olmayan niyyətlər mövcuddur. Cənubi Qafqazda, Orta Asiyada bir sıra münaqişə ocaqları var ki, onlar istənilən an alovlana və bu gün bir çox suveren ölkələrin maraqlarını ayaq altına ala bilər. O, təhdidlər isə günü-gündən artır. Azərbaycana təhdid isə birbaşa Ermənistan və onu silahlandıran havadarlarındadır. Bu da narahatedici məqamdır. Sabah bunun çox ağır nəticələri ola bilər. Təhlükəsizlik Şurasının iclasından sonra ictimaiyyətə nələrin açıqlanacağını demək çətindir. Amma Azərbaycan üçün olan təhdidlər realdır. Unutmamalıyıq ki, bədnam qonşularımız bu gün Azərbaycan maraqlarına zidd addımlar atırlar”.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları