Yuxarı

İsrail Qafqazda möhkəmlənir

İsrail Qafqazda möhkəmlənir

Fərhad Mehdiyev: “İsrail Cənubi Qafqazda İran amilinə görə güclənir”\\İsrail prezidenti Reuven Rivlin Gürcüstana rəsmi səfər edib. Reuven Rivlin Tbilisidə Gürcüstanın prezidenti, baş naziri və parlamentin spikeri ilə görüşlər keçirəcək. Gürcüstan prezidentinin administrasiyasından verilən məlumata görə, müzakirələrin gündəliyinə iqtisadi, ticarət, turizm, mədəniyyət və təhlükəsizlik sahəsində məsələlər daxildir. Bundan başqa, İsrail prezidenti yəhudi sinaqoquna baş çəkəcək, Gürcüstanda yaşayan soydaşları ilə görüşəcək.\\Qeyd edək ki, Gürcüstanla İsrail arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılıb. 2013-cü ildə Gürcüstanın baş naziri Bidzina İvanişvili, 2015-ci ildə isə prezident Georgi Marqvelaşvili Təl-Əvivə səfər edib. İki ölkə arasında viza rejimi qarşılıqlı şəkildə ləğv olunub. Hazırda İsraildə 60 min nəfər gürcü yəhudisi yaşayır. Gürcüstanda isə dörd min nəfər yerli yəhudi icması yaşayır. İki ölkə arasında birbaşa aviareyslər də fəaliyyət göstərir.\\Prezident Reuven Rivlinin səfəri İsrailin Cənubi Qafqazda fəallığının artması yönündə növbəti addım hesab edilir. Xatırladaq ki, dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana, 14-də isə Qazaxıstana səfər etmişdi. Siyasi müşahidəçilərin fikrincə, B.Netanyahunun Bakıda və Astanada apardığı müzakirələr İsrailin Cənubi Qafqaz və Xəzər regionunda geosiyasi və geoiqtisadi fəallığının genişlənməsi istiqamətində yeni mərhələ açır. İranın üzərindən beynəlxalaq sanksiyaların götürülməsindən sonra regional proseslərdə fəallığının artması İsrailin maraqlarına cavab vermir. Bu proses yalnız Yaxın və Orta Şərqdə deyil, həm də Cənubi Qafqazda və Mərkəzi Asiyada müşahidə olunur. Ona görə də İsrailin Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələrlə əlaqələri genişləndirməsi İranı qonşu bölgələrdə geosiyasi mövqeyini möhkəmlətmək imkanı verir.\\Eyni zamanda, İsrail Xəzər regionundakı enerji layihələrində iştirak imkanlarını artırmağa çalışır. Xüsusilə də baş nazir Netanyahu Bakıya səfəri zamanı İsrailin “Cənub qaz dəhlizi” layihəsinə qoşulmaq niyyətində olduğunu bildirdi. Azərbaycanın Türkiyə üzərindən Avropaya çıxan enerji kəmərləri həm də Gürcüstan ərazisindən keçdiyindən Təl-Əvivlə Tiflis enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın qurulmasında maraqlıdır.\\Politoloq Fərhad Mehdiyevin sözlərinə görə, İsrail Bakı-Ceyhan-Tiflis kəməri ilə ixrac olunan neftin 40 faizə qədərini hazırda İsrail alır. Ona görə də regionda enerji təhlükəsizliyi İsrail üçün prioritetdir. Digər tərəfdən, Qazaxıstanın istehsal etdiyi neft tankerlərlə daşınaraq Azərbaycan üzərindən Bakı-Tiflis-Ceyhan kəmərinə vurulur: “Gürcüstana gəldikdə isə, İsrail “Traseka” layihəsinin canlandırılmasında maraqlıdır. İsrail də Çin məhsullarının Avropaya daşınmasını nəzərdə tutan bu böyük regional layihədə yer almaq istəyir. Eyni zamanda, burada İran amilini də nəzərə almaq lazımdır. \\Gürcüstan İranla sərhəd olmasa da Cənubu Qafqaz dövlətidir. İsrail də öz maraqlarını bölgədə gücləndirməyə çalışır. İsrail həmişə öz siyasətini quranda başqa dövlətlərin maraqlarını nəzərə alıb. Məsələn, İsraillə Rusiya hər zaman münasibətləri pozmamağa çalışıb. Putin gələndən sonra münasibətlər kifayət qədər isti deyil. Bununla bərabər İsraillə Rusiya bir-birinin maraqlarına müəyyən qədər hörmət edirlər. Amma İsrailin Qafqaz regionunda öz maraqlarını gücləndirmək istəyi daha çox İranla bağlıdır”.\\Müşfiq