Yuxarı

Erməniləri qorxudan Qarabağ planı

Erməniləri qorxudan Qarabağ planı

Hoqland planına qarşı Markarov prinsipləri

Ermənistan prezidenti Serj Sarkisyan son vaxtlar Dağlıq Qarabağ problemi ilə bağlı aparılan müzakirələrdə irəli sürülən təkliflərdən danışıb.Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşdən söz açan Serj Sarkisyan müzakirələrin yüksək səviyyədə keçdiyini deyib. "Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsinin Rusiya prezidenti ilə müzakirə olunduğu barədə deyilənlər doğrudurmu” sualına Ermənistanın dövlət başçısı belə cavab verib: "Biz sülhməramlıların yerləşdirilməsini nəinki ayrılıqda, ümumiyyətlə müzakirə etmədik. Mən yalnız təmas xəttindəki vəziyyəti qısaca olaraq təqdim etdim.Mən qonşumuzun niyyətini açıqladım.Başqa heç nə”.

Prezident Sarkisyan ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair irəli sürdüyü prinsiplərə münasibətini bildirib. Qeyd edək ki, amerikalı diplomatın irəli sürdüyü prinsiplər işğal olunmuş ətraf rayonların Azərbaycana qaytarılmasını, məcburi köçkünlərin öz evlərinə qaytarılmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini, Laçın rayonundan keçməklə Ermənistanla Qarabağ arasında genişləndirilmiş dəhlizin açılmasını və Dağlıq Qarabağın statusunun hər iki tərəf üçün məqbul olan referendum yolu ilə müəyyən edilməsini nəzərdə tutur. 
Serj Sarkisyan bildirib ki, R.Hoqlandın bəyanatı ilə Soçidə Dağlıq Qarabağ probleminə dair aparılan müzakirələr arasında əlaqənin olması haqda deyilənlər inandırıcı görünmür. Ermənistan prezidenti amerikalı həmsədrin təkliflərini onun istefaya hazırlaşması, yəni Endryu Şafferlə əvəz edilməsi və öz fikrini daha geniş formatda ifadə etmək imkanı kimi şərh edib: "Hoqland öz postunu tərk edir. O, öz fikriniz daha sərbəst statusla ifadə etməli idi. Biri var hazırkı həmsədr ola, biri də var istefaya getməyə hazırlaşan. 

Xatırlayırsınızsa eyni hal ABŞ-dan olan əvvəlki həmsədrlərə də xas idi.Ümumiyyətlə, belə bir ənənə yaranıb.Çünki bu halda onun sözləri məcburiyyət daşımır.Sabah, yaxud birisi gün o, danışıqlarda iştirak etməyəcək, tərəflərdən heç biri də onun sözlərini sitat gətirməyəcək.Hoqlandın dediklərinə gəlincə, bunlar mənim üçün tamamilə yeni deyil.Bir çoxları da bilsin, mən düşünürəm ki, bizim əvvəlki mövqeyimiz və görüşlərimiz düzgün təhlil olunmalıdır.Həmsədr ölkələrin rəhbərləri ilə bu barədə dəflərlə danışmışıq və ümumilikdə, bu müddəalar 10 ildən artıq irəli sürülüb.Bütün bunlar ümumi gedişdir.Bu vəziyyətin həyata keçirilməsi üçün günlərlə, həftələrlə, aylarla sənədləşmə aparılmalıdır.Bu sənəddə hər bir söz, hər bir vergül çox vacibdir”.

Serj Sarkisyanın qeyd edilən açıqlaması R.Hoqlandın irəli sürdüyü prinsiplərin Ermənistanın maraqlarına cavab vermədiyini təsdiq edir.Ötən həftə xarici işlər naziri Edvard Nalbandyan da amerikalı diplomatın təkliflərinə tənqidi münasibət bildirmişdi.Nalbandyan "Amerikalı həmsədrin dediyində yeni heç nə yoxdur.Onun əvvəlki bəyanatlarına baxsanız görərsiniz ki, hamısı bir-birini təkrar edir”-deyərək həmin prinsiplərin Ermənistan üçün təhlükə doğurmadığını söyləmişdi. Həm E.Nalbandyanın, həm də prezident Sarkisyanın R.Hoqlandın fikirlərini Minsk Qrupunun həmsədri kimi fəaliyyət müddətinin başa çatması ilə əlaqələndirib. Bununla da Ermənistan R.Hoqlandı sabiq həmsədr hesab etdiyi və onun açıqladığı prinsiplərin hüquqi əsasa malik olmadığını göstərməyə çalışır. Amerikalı həmsədrin elan etdiyi şərtlər öz sələfi Ceyms Uorlikin 2014-cü ilin may ayında təqdim etdiyi 6 bəndlik nizamlanma paketi ilə demək olar ki, eynilik təşkil edir. Həmin vaxt da rəsmi İrəvan C.Uorlikin təkliflərini qəbul etməmişdi.Ancaq R.Hoqlandın prinsiplərinin elementləri C.Uorlikin hazırladığı bəndlərlə müqayisədə daha mükəmməl şəkildə müəyyən edilib.Həmin detallar isə Azərbaycan üçün əvvəlki təkliflərdən daha əlverişlidir.Hoqlandın nizamlama modeli əslində, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair "Madrid prinsipləri” üzərində qurulub.Lakin amerikalı həmsədr indiyə qədər Azərbaycan və Ermənistan arasında mübahisəli qalan müddəaların daha açıq şəkildə həll variantını göstərib.

Məsələn, R.Hoqland da "Madrid prinsipləri”ndə olduğu kimi münaqişənin mərhələli həll variantını təklif edir.Buna baxmayaraq, öz postunu E.Şafferə verməyə hazırlaşan həmsədr baza prinsiplərindən fərqli olaraq, Dağlıq Qarabağ probleminin üç deyil, iki əsas mərhələdə aradan qaldırılmasının vacibliyini qeyd edir. İkincisi, C.Uorlik ilkin mərhələdə 6 rayonun azad olunmasını və Laçın rayonunun Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz kimi saxlanılmasını təklif edirdisə, R.Hoqland Dağlıq Qarabağın ətrafındakı 7 rayonun işğaldan azad edilməsini əsas şərt kimi qoyur. Əsas diqqət çəkən məqamlardan biri isə Hoqlandın "İşğal olunmuş ərazilər” ifadəsini işlətməsidir.Bununla da ABŞ diplomatı Kəlbəcər və Laçın rayonlarının ikinci mərhələdə geri qaytarılmasını əks etdirən 5+2 formatına ehtiyac olmadığını isbat edir.Söhbət konkret olaraq, birinci mərhələdə işğal olunmuş ətraf yeddi rayonun qaytarılmasıdan, Dağlıq Qarabağa aralıq statusun verilməsindən, yekunda isə Dağlıq Qarabağın statusunun referendum yolu ilə həll edilməsindən gedir.Qeyd edək ki, ermənilər Laçın rayonunu və Kəlbəcərin bir hissəsinə dəhliz statusu verilməsinə nail olmaqla Dağlıq Qarabağla Ermənistan arasında iki rayonu nəzarətdə saxlamağa çalışırlar.

Riçard Hoqland Laçın rayonu ərazisindən ermənilərə genişləndirilmiş dəhliz verilməsini təklif edir.Bununla da Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi və məcburi köçkünlərin həmin ərazilərə qaytarılması birinci şərt kimi qoyulur.Digər tərəfdən, ermənilərin Kəlbəcərə iddiasının əsassız olduğu göstərilir.Ceyms Uorlikin 6 bəndlik təkliflər paketində Dağlıq Qarabağın hüquqi statusu Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyin edə biləcəyi referendum vasitəsilə müəyyən olunmasını nəzərdə tutur. "Madrid prinsipləri”nin indiyə qədər reallaşmasında əsas maneələrdən biri də məhz referendumun yalnız Dağlıq Qarabağda, yoxsa bütün Azərbaycan ərazisində keçirilməsi ilə bağlıdır. Riçard Hoqlandın hazırladığı prinsiplərdə isə Dağlıq Qarabağın statusunun hər iki tərəf üçün məqbul olan referendum yolu ilə müəyyən olunması göstərilib.Bu o deməkdir ki, referendum Azərbaycanın razılığı olmadan ayrıca götürülmüş bir ərazidə keçirilə bilməz.Ermənistan isə Azərbaycan ərazisində referendum müəyyən etmək səlahiyyətinə malik deyil.

Təbii ki, R.Hoqlandın irəli sürdüyü şərtlərdə boşluqların olmadığını söyləmək mümkün deyil. Yəni Dağlıq Qarabağa neytral statusun hansı müqavilə ilə verilməsi, hüquqi həddi və müddəti, referendumun keçirilmə mexanizmi, Dağlıq Qarabağdakı azərbaycanlı icmasına məxsus Şuşa, Xocalı şəhərlərinin, qəsəbə və kəndlərin taleyi ilə bağlı açıqlama verilmir. Ermənilər də öz növbəsində, Hoqland prinsiplərinə qarşı Moskvada yaşayan erməni politoloq Aleksandr Markarovun mövqeyini çıxarıb.Markarov hesab edir ki, Dağlıq Qarabağın yekun statusu hazırkı status-kvodan aşağı olmamalı və buna beynəlxalq təminat verilməlidir.Digər elementləri isə masa arxasında həll etmək olar.Aleksandr Markarovun sözlərinə görə, Dağlıq Qarabağ beynəlxalq hüququn subyekti kimi tanınmalı, onun təhlükəsizliyinə təminat verilməli, Ermənistanla quru əlaqəsi yaradılmalıdır.İstər prezident Sarkisyanın, istərsə də A. Markarovun bu mövqeyi R.Hoqlandın şərtlərinin Ermənistanı qane etmədiyini bir daha təsdiq edir.Təbii ki, Azərbaycan belə situasiyadan istifadə etməklə həmin prinsipləri danışıqların gündəliyinə salmağa israr edə bilər.Rəsmi Bakının belə mövqe ortaya qoyması amerikalı yeni həmsədri də Hoqland prinsiplərindən çıxış etməyə sövq edə bilər. Ancaq rəsmi Bakı amerikalı həmsədrin əlverişli şərtlərinə susmaqla reaksiya verdi. 

Müşfiq Abdulla