Yuxarı

Putindən İrana "gözdağı”

Putindən İrana

Səudiyyə Ərəbistanının kralı  Salman bin Əbdüləziz əs-Səud Rusiyaya rəsmi səfər edib. Ali qonağı  Rusiya prezidenti  Vladimir Putin qəbul edib.  Dövlət başçıları dünya neft bazarındakı vəziyyəti müzakirə edib. Bundan başqa, oktyabrın 7-ə qədər davam edəcək  səfər zamanı  Rusiyadan 3 milyard dollar dəyərində S-400 "Triumf” zenit raket komplekslərinin alınmasına dair tərəflər arasında  müqavilənin imzalanması nəzərdə tutulub. Lakin analitiklər hesab edir ki, Rusiya və Səudiyyə Ərəbistanında son dövrlər müşahidə olunan yaxınlaşma daha çox Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlıdır.  Ər-Riyad Suriya böhranına münasibətdə Moskva ilə mövqelərini uzlaşdırmağa çalışır. Ona görə də  Kral Salmanın Moskva Səfərinin gündəliyində Suriya və İraqdakı  vəziyyət, İranın Yaxın Şərqdə  geosiyasi və hərbi fəallığının artması, eləcə də Qətər böhranının həlli məsələləri daxildir.  

Cebhe.info xatırladır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 10-da Səudiyyə Ərəbistanına səfər etmişdi.  Lavrovun səudiyyəli həmkarı Adil əl-Cübeyr və Kral Salmanla görüşündə  Suriya problemi ilə bağlı bir sıra razılaşmalar əldə etdiyi bildirilirdi. Həmin məlumata görə, Ər-Riyad  Suriyadakı  silahlı müxalifətə dəstəyini dayandırmağa, Bəşər Əsədin keçici dövr üçün hakimiyyətdə qalmasına və Rusiyanın bölgədəki qələbəsini  tanımağa razılıq verib.  Eyni zamanda, Səudiyyə Ərəbistanı  Suriyanın İdlib əyalətində təhlükəsizlik  zonasının yaradılmasına dəstək göstərməyə  hazır olduğunu bildirib. Hətta prezident Donald Trampın may ayında  Ər-Riyada  səfəri zamanı  ABŞ-dan 10 il müddətinə 350 milyard dollar dəyərində silah alınması barədə saziş  imzalamasına baxmayaraq,  Səudiyyə Krallığının indi Rusiya ilə  "S-400” raketlərinə dair müqavilə bağlaması daha çox siyasi jest kimi başa düşülə bilər.Səudiyyə Ərəbistanı Rusiyada 25-dən artıq layihəni maliyyələşdirməyə hazırlaşır. Səudiyyə Ərəbistanına məxsus neft şirkətilə birlikdə Rusiya-Səudiyyə Enerji İnvestisiya Fondunun yaradılması qərara alınıb.Ər-Riyadın kifayət qədər siyasi və iqtisadi güzəştlərə getməsi səbəbsiz deyil. Yəni  krallığın da Rusiyadan istəkləri var. Səudiyyə bölgədə özünün birinci rəqibi sayılan  İranın Suriyadakı  və Yəməndə  fəaliyyətinə son qoyulmasında maraqlıdır. Bu baxımdan, İranın Suriyada mövcudluğunun təmin olunmasında  Rusiya mühüm rol oynayır. 2015-ci il sentyabrın 30-da Rusiya silahlı qüvvələrinin Suriyaya daxil olmasından sonra Bəşər Əsəd rejimi itirilmiş mövqelərini bərpa edə bildi. Rusiyanın  İŞİD  terror  təşkilatı və Əsəd rejiminə qarşı döyüşən silahlı qruplar üzərində qələbəsi  regiondakı  situasiyanı İranın xeyrinə dəyişib.  Səudiyyə Ərəbistanı  İranın Yaxın Şərqdə şiə dəhlizi ilə sürətlə irəliləməsindən geosiyasi mövqeyinin möhkəmlənməsindən çox narahatdır.  Sentyabrın 25-də Şimali İraqda kürd muxtariyyətinin  keçirdiyi müstəqillik referendumuna münasibətdə rəsmi Ər-Riyadın heç bir etiraz bəyanatının səslənməməsi  də məhz İran amili ilə izah oluna bilər.  Krallıq Qərbin iqtisadi sanksiyalarından əziyyət çəkən  Rusiyaya etdiyi güzəştlər müqabilində  Putin hakimiyyətinin İrana dəstəyi  geri çəkməsini istəyir. Yəni, Səudiyyə Ərəbistanı  Rusiyaya Yaxın Şərq siyasətində müttəfiq kimi  İranı əvəz etməyə hazır olduğunu inandırmağa çalışır. Kreml isə  İrandan fərqli olaraq,  ABŞ-la  strateji münasibətlərə malik Səudiyyə Ərəbistanına  lazımi qədər etibar göstərmir. Ona görə də Rusiyanın İranla müttəfiqlikdən imtina edəcəyi real görünmür. Siyasi ekspertlərin fikrincə, hazırda İranın Rusiyaya ehtiyacının artması Moskvanı xeyli qane edir. Bu, həm ABŞ-ın Tehrana artan təzyiqləri fonunda, həm Suriya münaqişəsində, son vaxtlar isə İraqda keçirilmiş referendumdan sonra  daha çox hiss olunur. Ancaq İranın Suriyada artan siyasi təsiri Moskvanı heç də qane etmir. Moskva ilə Ər-Riyad arasında artan  yaxınlaşma da bununla izah oluna bilər. Digər tərəfdən, Rusiya  Səudiyyə Ərəbistanı və Misir tərəfindən dəstəklənən Suriya müxalifətinin vahid  siyasi  təmsilçilik əsasında Suriya böhranının həllinə dair Cenevrə danışıqlarında təmsil olunmasını və Moskvanın təklif etdiyi "yol xəritəsi”nə dəstək verməsini  istəyir. Ancaq  Səudiyyə Krallığlı İran məsələsində güzəşt əldə etməyincə, uzun müddətdən sonra Moskva ilə istiləşmiş münasibətlərin tam məcraya düşəcəyi şübhə doğurur. Kral  Salmanın səfəri ilə eyni gündə İŞİD terror qruplaşmasının Suriya ordusunun nəzarətində olan  Homs şəhərinə hücuma keçərək  Əs-Suxnə şəhərini  ələ keçirməsi Səudiyyə Ərəbistanı ilə Deyr əz-Zor uğrunda şiddətli döyüşlər aparan Rusiya arasında yekun fikrə gəlinmədiyini deməyə əsas verir. Lakin Rusiya rəhbərliyi də Səudiyyə Ərəbistanının dəstəyi olmadan Suriyada terrorizmə qarşı mübarizənin müsbət nəticə verməyəcəyini  nəzərə alır.  Bu baxımdan, Kreml monarxı razı salacaq hansısa qərara gəlmək məcburiyyətindədir.

Səudiyyə Krallığı  Qərbdəki tərəfdaşları ilə münasibətlərindən raz qalsa da hesab edir ki, onlar Əsəd rejiminə qarşı lazımi tədbir görməyib.  Ər-Riyadın mövqeyinə görə,  Qərb bloku  Bəşər Əsəd üzərindən İranın  cəzalandırılmasına nail ola bilərdi. İndi onlar praqmatik addım atmaqla Qərbdəki havadarlarına qarşı açıq etirazlarını nümayiş etdirməyə çalışır.  Qərb blokunun üzvü olan bir dövlətin mövqeyinin ABŞ-dan ayrılıb Rusiya ilə yaxınlaşması isə Moskvanı qane edir.

Müşfiq Abdulla