Yuxarı

Belarusu təhlükəyə salan borc

Belarusu təhlükəyə salan borc

Rusiya Belarusa qarşı siyasi və iqtisadi təzyiqləri hərtərəfli şəkildə işə salıb. Hətta Ukrayna mediası bununla bağlı sensasion məlumat yayıb. Məlum olub ki, Rusiya bu ilin sentyabr ayında Belarusla birlikdə keçirdiyi "Qərb-2017" hərbi təlimlərindən sonra qoşunlarını bu ölkə ərazisindən çıxartmayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Təhqiqat İdarəsinin rəisi Andrey Qudz açıqlama verib. Onun sözlərinə görə, hazırda Belarus ərazisində 6 min nəfərə yaxın rus hərbçisi yerləşib. Ukrayna Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, həmin hərbi birləşmələr təlimlər zamanı Belarus ərazisinə 12 min nəfərlik birgə silahlı qüvvənin tərkibində daxil olub: "Vyanada baş qərargah rəisinin müavini, Belarus Respublikası Operativ İdarəetmə İdarəsinin rəisi general-mayor Muraveyko 12 min nəfərlik Belarus-Rusiya ortaq daimi qruplaşmalarının yaradıldığını, onların 5,8 min nəfərinin Rusiyanın təmsilçisi olduğunu dedi"-deyə Qudz bildirb. Ukrayna mediasının yazdığına görə, Belarusda Rusiya hərbi birləşməsinin qalması faktı Ukrayna tərəfindən başqa, beynəlxalq yoxlama ilə təsdiqlənib. Moskvada isə təlimlər başa çatdıqdan bir həftə sonra hərbi texnikanın sonun eşalonunun Belarus Respublikasının ərazisindən çıxarıldığını iddia edirlər.

 

Xatırladaq ki, təlimlərdən sonra Kremlin Rusiya qoşunlarına Belarus ərazisindən çıxarılmayacağını siyasi müşahidəçilər hələ bir neçə ay öncədən proqnozlaşdırırdı. Hətta Rusiyanın bu imkandan istifadə edib Belarusda dövlət çevrilişi edəcəyinə dair rəylər vardı. Ukrayna Müdafi Nazirliyinin Belarus Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yaydığı rəsmi açıqlama Rusiyanın Belarusu işğal etmək planını işə saldığını təsdiq edir. Artıq bu planın birinci mərhələsi de-fakto həyata keçirilib. Rusiya qoşunları Belarusdan çıxmaq istəmir. Görünür, Belarus prezidenti Aleksandr Lukaşenko birgə hərbi birləşmələrin yaradılmasına razılıq verməklə Rusiyanın təcavüzünü neytrallaşdıra biləcəyini güman edib. Ancaq Rusiya yaranmış imkanı əldən vermək istəməyib. İndi Putin əsas hədəfinə çatmaq üçün yəqin ki, Belarusun işğalı istiqamətində növbəti addımları atmağa çalışacaq. Bu, ilk növbədə Belarus ərazisində Rusiya hərbi bazalarının yaradılmasından ibarətdir.

Rusiya Babruyskda hərbi-hava bazası yerləşdirmək niyyətindədir. Prezident Lukaşenko hərbi bazaların təşkilinə razılıq verməsə, Kreml Belarusda hakimiyyət çevrilişi planını işə sala bilər. Aleksandr Lukaşenkonun Qərbə sürüşkən siyasət yürütməsi Rusiya rəhbərliyini qane etmir. Ona görə də Rusiyaya Kremlin diktəsi ilə hərəkət edən daha "üzüyola" bir prezident lazımdır. Aleksandr Lukaşenko isə hər cür siyasi müqavimət göstərməsinə baxmayaraq, bu təhlükənin qarşısını almaq imkanından uzaq görünür. Ona görə də hazırkı situasiyada Lukaşenkoya Qərbin siyasi dəstəyi lazımdır. Çünki Belarusun neytral mövqe tutması Ukraynanın, Polşanın və Baltikyanı ölkələrin təhlükəsizliyi baxımından Qərb üçün çox vacibdir. Bu mənada, Belarusun geostrateji əhəmiyyəti getdikcə artır. Rusiya isə Belarusu ilhaq etməklə Qərbi və NATO-nu bu təhlükəsizlik zolağından məhrum etməyə çalışır. Rusiyaya Belarusda hərbi bazaları yerləşdirməklə Ukraynanın şimalından Çernıqov istiqamətində Kiyevə hücum təşkil etmək, yaxud bu potensial təhlükəni formalaşdırmaq, NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq niyyəti güdür, Litva və Latviya sərhəddinə silahlı qüvvə yığmaq istəyir. ABŞ-ın və NATO-nun Baltikyanı bölgədə artan hərbi fəallığının qarşısını almaq məqsədilə Belarus ərazisi Kreml üçün daha əlverişli geosiyasi məkan rolunu oynayır. 

İqtisadi təzyiq

Belarusun Rusiya Federasiyası tərəfindən təqdim edilən dövlət kreditləri üzrə borclarının həcmi oktyabrın ikinci yarısına 6,5 milyard ABŞ dolları təşkil edib. Belə bir açıqlama ilə Rusiyanın baş naziri Dmitri Medvedyev Avrasiya İqtisadi Birliyi hökumət başçılarının oktyabrın 25-də keçirilən toplantısında çıxış edib. Onun sözlərinə görə, kredit öhdəlikləri ümumilikdə 6,2 milyard dollar və 59,9 milyard rubl təşkil edir. Lakin vaxtı keçmiş öhdəliklərin olmadığı bildirilir.

Hazırda Belarusa Rusiya dövlət kreditlərinin verilməsi üzrə hökumətlərarası səkkiz saziş mövcuddur. Bu vəsaitin ümumi həcmi 15 milyard dollara bərabərdir. Rəsmi Moskvanın bu iddiasını "Azadlıq" radiosunun Minsk bürosuna şərh edən Belarus Milli Bankının sabiq sədri Stanislav Boqdanoviç 6,5 milyard həcmində dövlət krediti borclarının olması və ya buna oxşar məlumatlara əvvəllər rast gəlmədiyini deyib. "Belarus maliyyə naziri tərəfindən Rusiya və Avrasiya İqtisadi Birliyi qarşısındakı öhdəliklər haqqında bəyanatlar dəfələrlə təkrarlanıb. Belə məbləğ yoxdur" - deyə Bogdankeviç məsələyə şübhə ilə yanaşıb. 

"Ümumi xarici borcun 15 milyard dollar olduğu məlumdur. Kifayət qədər iri məbləğdir. Amma Belarus üçün həddindən artıq böyük də deyil. Ölkə defoltdan uzaqdır. Borc borcdur. Belarusiya köhnəni ödəmək üçün yeni bir kredit alır, borcları yenidən maliyyələşdirir. Ölkənin qızıl-valyuta ehtiyatlarının həcmi 5 milyard dollardan 7 milyarda qədər artıb. Bunlar xarici kreditlərin köməyi ilə yaradılıb. Borclar çoxalırsa, valyuta ehtiyatları da artır. Ancaq bu, valyuta-maliyyə bazarında vəziyyətin pisləşməsi demək deyil"-deyə sabiq bankir fikrinə davam edib. 

Belarus Maliyyə Nazirliyinin sentyabrın 1-nə olan məlumatına görə, dövlət borclarının ümumi həcmi 39,61 milyard rubl və ya 20 milyard dollardan artıqdır. Bu isə ümumi daxili məhsulun 39,3 faizi deməkdir. Qeyd edilən vəsaitin 15, 652 mlrd. dollarını xarici borclar təşkil edir. Dövlət büdcəsi xərclərinin 10 faizi borcların ödənilməsinə sərf olunur. Nəticədə hökumət sosial xərcləri azaltmaq məcburiyyətində qalır. 

Yaranmış vəziyyət rəsmi Moskvaya Belarusa iqtisadi təzyiqləri artırmaq imkanı verir. Rusiyaya olan dövlət borclarının ödənilməsində problem yaşanmasa da 16 milyard dollara yaxın xarici borc çərçivəsində 6,5 milyard dollar kredit öhdəliklərinin yerinə yetirilməsi Belarus üçün heç də asan görünmür. Son dövrlər Belarus rəhbərliyinə qarşı siyasi təzyiqləri gücləndirən Putin iqtidarı iqtisadi vasitələrdən də istifadə etməyə çalışır. Bu baxımdan, baş nazir Medvedyevin AİB-nin toplantısında Belarusun Rusiyaya olan borclarını xüsusi vurğulaması daha çox xəbərdarlıq mesajı kimi başa düşülə bilər. Moskva rəsmi Minskə Rusiyanın siyasi və iqtisadi təsir dairəsindən çıxmağın qeyri-mümkünlüyünü xatırlatmağa çalışır. Ancaq Rusiya kredit öhdəliklərinin yerinə yetirilməsi məsələsində Belarusa güzəştə gedə bilər. Bunun qarşılığında isə Kreml prezident Lukaşenkodan Belarus ərazisində Rusiya hərbi bazasının yaradılmasını istəyir. 

Rusiya analoji siyasəti Ermənistanda tətbiq edib. Lakin qürurlu davranmağa çalışan Aleksandr Lukaşenko hər vəchlə "böyük qardaşa" güzəştə getmək istəmir. Belarus Moskvanın iqtisadi asılılığından xilas olmaq üçün qızıl-valyuta ehtiyatlarındakı rus rublunu Beynəlxalq Valyuta Fondunun təklif etdiyi 3,8 milyard dollar kredit vəsaiti hesabına konvertasiya etməyə, Ümumdünya Ticarət Təşkilatına üzv olmağa və öz məhsullarını Avropa bazarlarına çıxartmağa çalışır".

Müşfiq Abdulla