Yuxarı

NATO-ya qarşı yeni ordu

NATO-ya qarşı yeni ordu

Avropa Birliyində (AB) tarixi müştərək bir Avropa Birliyi Ordusu Müqaviləsinə imza atılıb. AB üzvü olan ölkələr 70 ildən sonra yeni müqavilə imzalayıblar. Müqaviləyə imza atan 23 ölkə bütövlükdə 5 milyard avroluq (5.8 milyard dollar) bir Avropa Müdafiə Fondu yaradacaq. Bu fond silah alınması və əməliyyatlarının maliyyələşdirilməsi üçün istifadə ediləcək. Araşdırma üçün bu fonda AB büdcəsindən də maliyyə köçürüləcək. Başqa sözlə, 23 ölkənin ordusundan nəhəng bir Avropa ordusu yaradılmasına qərar verilib. Digər tərəfdən, 23 ölkənin hərbi qüvvələrinin birləşdiyi nəhəng bir ordu AB-nin hərbi dəstək məsələsində ABŞ-dan olan asılılığını da azaltmaq məqsədi daşıyır.

 AB-nin Xarici Siyasət şefi Federica Mogherini müqaviləni "tarixi" sənəd kimi səciyyələndirib. Avropa Komissiyasının sədri Jan Klod Yunker qeyd edilən müqaviləni "Lissabon sammitinin yatmış gözəlliyi” adlandırıb. Müqaviləyə imza atan tərəflər Avropa Birliyinin müdafiə strurkturlarının PESKO adlananan vahid təşkilati qurumda birləşməsini nəzərdə tutan sənədi ittifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogeriniyə təqdim edib. Bu ideyanın qısa müddətdə reallaşacağını söyləmək çətindir. Ancaq yaxın perspektivdə vahid Avropa Silahlı Qüvvələrinin formalaşması istiqamətində layihələrin ortaya çıxacağı gözlənilir. Hazırda bu təşəbbüsün ən fəal tərəfdarı kimi Fransa prezidenti Emmanuel Makron çıxış edir. Makron Avropa Birliyinin vahid ordusunun yaradılmasını təklif etsə də, analitiklər bunun tezliklə baş verəcəyinə inanmır. Siyasi müşahidəçilərin rəyinə görə, AB-nin belə addım atması iki mühüm səbəblə bağlıdır. Birincisi, Breksit amilidir. Böyük Britaniyanı Avropa Birliyindən çıxmağa vadar edən əsas səbəblərdən biri bu ittifaqın müdafiə sahəsində fəaliyyətsizliyi olub. Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Ağ Evə gəlişi ilə AB-nə müdafiə sahəsində öz gücünə arxalanmağa çağıran verdiyi mesajlar təsir göstərib. Ona görə də İtaliyanın müdafiə naziri Roberta Pinotti Belçikanın xarici işlər naziri Ancelino Alfano ilə görüşündə Avropa Birliyinin vahid silahlı qüvvələrinin yaradılması məsələsinə "Bir neçə ay öncə biz son 60 ildə olduğundan daha böyük yol keçmişik”- deyə münasibət bildirb. 

Federiko Mogerini sözügedən sazişin imzalanmasını Avropanın müdafiə istiqamətində tarixi addım adlandırıb. Lakin xanım Mogerini bildirb ki, bu sadəcə olaraq, bayram günü deyil, həm də yeni tarixin başlanğıcıdır. 

İtaliya, Fransa, Almaniya və İspaniya bu müdafiə sisteminin əsas tərəfdarı və nüvəsini təşkil edir. Əgər AB bu istiqamətdə sürətli addımlar ata bilsə, irəliləyişə nail olmaq mümkündür. Ancaq Malta, İrlandiya, Danimarka, Portuqaliya və Böyük Britaniya PESKO-ya qoşulmaqdan imtina edib. Həmin ölkələrin sonradan PESKO-nu dəstəkləyəcəyi istisna olunmur. Ona görə də vahid Avropa Silahlı Qüvvələrinin yaradılmasına dair müqavilə bütün tərəflər üçün açıq saxlanılıb. Hətta Böyük Britaniyanın bu sistemdə iştirakı əməkdaşlıq sazişi əsasında həyata keçirilə bilər. Avropa Birliyi üzvü olmayan üçüncü ölkələrin də PESKO-nun layihələrində iştirakına icazə verilir. Yəqin ki, burada söhbət Ukrayna, Moldova və Gürcüstan kimi ölkələrdən gedir. Rəsmi olaraq, PESCO Avropa İttifaqı Xarici İşlər Şurasında ixtisaslı bir çoxluq tərəfindən razılaşdırıldıqdan sonra gerçəkləşəcək. Səsvermənin dekabrın 11-də keçirilməsi planlaşdırılır. Məqsəd cari ilin sonuna qədər nəzərdə tutlan işlərin başlanmasına təkan verməkdir. Qərarın qəbulu isə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ, PESKO-ya qoşulmuş ölkələrin yekdilliklə qərar qəbul edəcəyi Şuranın formalaşması olacaq. İkincisi, fərdi layihələrə həmin mərhələdə ona qatılacaq ölkələr rəhbərlik edəcək. 

Avropa İttifaqının İnkiaf və Sənaye Birliyi Avropa Müdafiə Fondunun yaradılması istiqamətində müəyyən addımlar atıb. Bunu Avropa Komissiyası da təsdiqləməlidir. İlk layihələrin maliyyələşdirilməsinə 2019-cu ildə başlanılması nəzərdə tutulur. Fonda 2021-ci ildə 1 milyard avro kvotaya çatmaq üçün 2019-2020-ci illər üçün 500 milyon avro vəsait ayrılacaq. Nəzərdə tutulan səmərəni artırmaq üçün hər il 5 milyard avro investisiya ayrılacaq. Bu ayrı-ayrılıqda hər bir dövlətin iştirakından asılıdır. Avropa Birliyi üçün digər mühüm məsələ Rusiyanın təxribatından vahid müdafiə vasitələrinin tapılması ilə bağlıdır. Xarici İşlər və Milli Təhklükəsizlik üzrə Komissarlıq hazırda üç qrupun yaradılmasını təklif edir. Bunlardan biri Şərqi Avropa, ikincisi, qərbi Balkanlar, üçüncüsü isə ərəb dünyası ilə məşğul olmalıdır. Federika Mogerini bu üç layihəyə əlavə resursların ayrılmasını təklif edib. 2018-ci ilin yanvar ayından etibarən dezinformasiyaya qarşı mübarizə aparacaq ekspertlər qrupu formalaşacaq. Avropa parlamentinin deputatı Marko Zannni bunun bir növ Ədalət Nazirliyi olacağını deyib. Avropa Birliyinin vahid silahlı qüvvələrinin yaradılması təbii ki, bölgədə geostrateji qüvvələr nisbətinə təsir göstərə bilər. Bu AB-nin həm Rusiya, həm də ABŞ-la münasibətlərinə aiddir. Avropa Birliyinin indiyə qədər mövcud olmayan müdafiə sisteminin təşkili Rusiya ilə şərqi Avropada mövcud qarşıdıurmanı artırmaqla yanaşı, Kremlin Qərbə təsir imkanlarını azaltmış olar. Ancaq AB ordusunun yaradılması eyni zamanda, ABŞ tərəfindən heç də xoş qarşılanmayacaq. 

Çünki hazırda Rusiyanın AB-yə artan hərbi və geosiyasi təzyiqlərinin qarşısının alınmasında ABŞ əsas rol oynayır. Krımın ilhaqından sonra ABŞ AB-nin təhlükəsizlik sisteminin formalaşmasını təmin edib. AB-nin ayrıca silahlı qüvvələrinin yaradılması ABŞ hərbi qüvvələrinin bu bölgədəki kontingentinin azalmasına gətirib çıxara bilər. AB-nin özünümüdafiə imkanlarının artması həmçinin, NATO daxilində mərkəzdənqaçma meyilərini sürətləndirə bilər. Ona görə də qeyd edilən müqavilənin ABŞ və NATO tərəfindən ciddi müqavimətlə qarşılanacağı istisna olunmur.

Müşfiq Abdulla