Yuxarı

Rusiyanın 24 saata işğal planı

Rusiyanın 24 saata işğal planı

Ukrayna münaqişəsi ətrafında ABŞ-Rusiya qarşıdurmasının yenidən fəallaşması müşahidə olunur. Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı fikir ayrılığı Rusiya və ABŞ arasında hələ də qalmaqdadır. Buna baxmayaraq, sülhməramlıların yerləşdirilməsinin mümkünlüyü ciddi nəzərdən keçirilir. Bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Heyzer Nauert bildirib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Moskvanın Donbasdakı vəziyyətin beynəlxalq nəzarətə götürülməsinə qarşı olmadığını, bunun yalnız tərəflər arasında birbaşa danışıqlar əsasında həll edilməsinin vacibliyini vurğulayıb. V.Putin, həmçinin, sülhməramlıların Donbasda yalnız təmas xəttində yerləşdirilməli olduğunu qeyd edib. 

Kiyev isə hesab edir ki, BMT missiyası daha geniş mandata malik olmalı və yalnız Donbasda deyil, Ukrayna Rusiya sərhəddi boyunca yerləşdirilməlidir. Moskvanın isə bu məsələdə mövqeyi fərqlənir. Sülhməramlıların münaqişə bölgəsinə dislokasiyası ilə bağlı Moskva ilə Vaşinqtonun ortaq məxrəcə gələ bilməməsi, eləcə də Kremlin Rusiya zabitlərini Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzindən çıxartması yaxın alarda Ukrayna cəbhəsində vəziyyətin yenidən gərginləşəcəyi ehtimalını artırır. Hətta Ukrayna mediasınn açıqlamasına görə, prezident Vladimir Putinin bu addımı Rusiyanın siyasi məsuliyyətdən yayınaraq "Normand dördlüyü” formatından çıxmasına hesablanıb. Belə bir şəraitdə ABŞ-ın Rusiyaya qarşı son günlər yeni sanksiyalar tətbiq etməsi, Kiyevə müdafiə məqsədilə tank əleyhinə qanadlı raketlər satması yaxın perspektivdə Şərqi Ukraynada qarşı duran tərəflər arasında münaqişənin nizamlanması imkanlarını şübhə altına alır. 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkiləri ərəfəsində Vladimir Putinin yenidən namizədliyini irəli sürməsi Rusiyanın Ukrayna məsələsində güzəştə getmək imkanlarını sıfıra endirməklə bərabər, Qərblə ziddiyyətlərin də yeni mərhələyə daxil olacağını proqnozlaşdırmağa əsas verir. ABŞ isə seçkilər ərəfəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirir. Ekspertlərin fikrincə, prezident seçkilərində Rusiya-ABŞ münasibətlərindəki gərginlik özünün ən pik həddinə çata bilər. 

Ukrayna hökuməti isə 2018-ci il yanvarın 1-dən xarici ölkələrin, ilk növbədə Rusiya Federasiyası vətəndaşlarının ölkə ərazisinə daxil olmasını sərtləşdirən qaydaların tətbiqinə başlayacaq. Yeni qaydalara əsasən əcnəbilər Ukrayna ərazisinə yalnız biometrik pasportlarla səfər edə billəcək. Beləliklə, Rusiya vətəndaşlarının daxili pasportlarla Ukraynaya girişinin qarşısı alınacaq. Rusiya hərbçilərinə Ukraynaya gəlməyə ümumiyyətlə, icazə verilməyəcək. Göründüyü kimi, ABŞ-Rusiya münasibətləri Ukrayna üzərindən yenidən pisləşir. Analitiklərin rəyinə görə, tərəflər tezliklə bir-birinə güc nümayiş etdirməyə hazırlaşır. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov qeyd etdi ki, ABŞ-ın Suriya siyasətinin fiaskoya uğramasından sonra Putinin Yaxın Şərqə səfəri, Suriyada terrorizmə Rusiya tərəfindən son qoyulması barədə görüntünün yaradılması, Suriyadakı qoşunların bir qisminin əvvəlki dislokasiya yerinə qaytarılması və Misirdə atom-elektrik stansiyasının inşasına dair rəsmi Moskva ilə imzalanan müqavilə ABŞ-ı yeni həmlələrə sövq edib: 

"ABŞ-ın illərdir Əfqanıstanda qazandığı qələbə, Rusiyanın Suriyadakı hərbi və siyasi uğurundan sonra bir növ fiasko kimi dəyərləndirilə bilər. Rusiyadakı prezident seçkilərini nəzərə alsaq, Birləşmiş Ştatlar bir neçə manevr imkanlarını gözdən keçirir. Son informasiyalara görə Rusiya 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində böyük heyətlə yeni hərbi təlimlər keçirməyi planlaşdırır. ABŞ kəşfiyyatının ortaya çıxartdığı məlumata əsasən bu təlimlərin gizli adı "Baltikyanı ölkələri və Şərqi Avropanı 24 saat ərzində işğal etmək” olacaq. 100 min nəfərlik hərbi qüvvənin cəlb olunacağı təlimlərin rəsmi adı başqa cür olacaq. Amma Rusiya hərbçilərinə verilən gizli təlimatda "Şərqi Avropanı və Baltikyanı ölkələri 24 saat ərzində” işğal etməyin təlimini keçirmək tapşırılacaq. ABŞ kəşfiyyatı bu məlumatı əldə etdikdən sonra Vaşinqton Ukrayna -Rusiya sərhəddi boyunca sülhməramlı kontingent adı altında öz silahlı qüvvələrinin yerləşdirilməsinə səy göstərir. Digər tərəfdən, həm müharibə şəraitinin davam etməsi, həm də Ukraynada siyasi sabitliyin zəif olmasından prezident Putin cəbhədə atəşkəsin pozulması üçün istifadə etməyə çalışır. Putin özünü sanksiyalardan uzaq tutmağa çalışır. Ancaq Rusiya rəsmilərinin adları insanlığa və siyasətçilərə qarşı terrorda ittiham olunaraq Maqnitski siyahısına salınır. Onların arasında Çeçenistan prezidenti Ramzan Kadırovun da adı var. Bu o deməkdir ki, ABŞ rəhbərliyi və onun nəzarətində olan media Rusiyanın hökumət nümayəndələrini və vəzifəli şəxslərini tezliklə terrorda günahlandıracaqlar. Rusiya rəsmiləri ölkədəki müxalifət nümayəndələrini və ictimai fəalları ölümlə təhdid etməkdə suçlanacaq. Qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın, FTX-nin sabiq əməkdaşı Litvinenkonun, müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi faktlarını həmin hesabatlara daxil edəcəklər. Bununla da Birləşmiş Ştatlar siyasi baxışlarına görə insanların qətlə yetirilməsinin Rusiyanın daxili strategiyası olduğunu göstərəcək. Rusiya da bundan ehtiyat edir. Çünki Rusiyanın güclü təbliğat mediası yoxdur. Lakin Suriyadakı qələbəsi Moskvaya hələlik ABŞ qarşısında manevr imkanları açır. BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı məsələnin səsverməyə çıxarılması və ondan sonrakı hadisələr 2018-ci ildə geosiyasi proseslərin sürətlənəcəyindən xəbər verir”. 

Politoloq bildirdi ki, Vladimir Putinin prezident seçkiləri ərəfəsində daxili siyasi rəyə hesablanmış bir sıra gedişlər edəcəyi gözlənilir. Bu baxımdan, Rusiyanın Ukrayna ilə cəbhədə hərbi əməliyyatları yenidən bərpa etməsi mümkündür: 

"Putin Amerikanı yeni təhdid vasitəsi kimi göstərməklə seçicilərin səslərini qazanmağa çalışa bilər. Xüsusilə də, Ramzan Kadırovdan və onun ordusundan müəyyən təxribatlar məqsədilə istifadə edəcəyi gözlənilir. Hətta seçkilər ərəfəsində Rusiyanın Moskva, Sankt-Peterburq və digər böyük şəhərlərində düşünülmüş terror aktlarının törədilməsi və ya buna cəhdlər ediləcəyi istisna olunmur. ABŞ bunu bilir və prezidentinin terrorun qarşısını aldığına görə Rusiya rəhbərliyinə təşəkkür etməsi təsadüfi deyildi. Rusiya seçkilər öncəsi Şərqi Avropada heç nə edə bilməsə də Ukrayna üzərindən Baltikyanı ölkələrə hər hansı mesajlar verə bilər”. 

Fərrux Məmmədovun sözlərinə görə, Polşa, Rumıniya, Baltikyanı ölkələrin müdafiə imkanlarını genişləndirməsi, ABŞ-ın Ukraynaya qanadlı raketlər verməsi, 2017-ci ildə proqramdan kənar bir neçə hərbi təlimin keçirilməsi Rusiyanın Şərqi Avropa istiqamətində artan fəallığının qarşısını almaq məqsədi daşıyır: 

"1949-cu ildən bəri ilk dəfə olaraq, ABŞ Avropada özünün nüvə başlıqlarını yerləşdirib. Bu da Avropanın və ABŞ-ın gələcək təhlükəsizliyini təmin etmək üçündür. Rusiya artıq bu barədə məlumata malik olduğundan qərbə-Avropaya doğru hərbi-siyasi aktilvliyini artırmağa başlayıb. Keçiriləcək hərbi təlimlərə "Şərqi Avropanın və Baltikyanı ölkələrin işğalı” adının verilməsi də birbaş buna işarədir. Açıq şəkildə müdaxilə böyük bir savaş deməkdir ki, onun da baş verməsi hələ real deyil. Lakin Ukrayna ərazisində hərbi və geosiyasi fəallığın artması müşahidə ediləcək”. 

Ekspertin qənaətincə, hazırda Rusiyanın xarici siyasət strategiyasında Suriya və Ukrayna önəmli yer tutur. Rusiya Suriyada Sovet dövründəki mövqelərini bərpa etməyə nail olub. Bu məqsədlə İranla ittifaq yaradan Rusiya "Hizbullah”a və "HƏMAS”a həm hərbi , həm də maddi-texniki dəstək verir. Putin triumf etməklə ərəb coğrafiyasına geri dönməyə çalışır. Bunun nə qədər müsbət nəticə doğuracaq bir siyasət olduğunu söyləmək hazırda çətindir. Amma Rusiya hazırda yaxın Şərqdə üstünlük qazanmasına baxmayaraq, buna Şərqi Avropada və Ukraynada nail olmaq imkanından kənardır: 

"Sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatında ciddi problemlər yaranıb. Sadəcə olaraq, Rusiya Sovet İttifaqının siyasətini davam etdirir. Daxildə gizllilik və xarici təhqiramiz formada tənqid etmək. Putinin son mətbuat konfransı da bunu göstərdi. Putinin çox böyük problemləri var. Çünki dünya bazarında neftin qiymətinin aşağı olması və sanksiyaların sərtləşməsi Rusiya rəhbərliyini əlavə gəlir mənbələri axtarmağa məcbur edib. Bu gün Rusiya hərbi təlimlər keçirmək üçün Çindən maliyyə dəstəyi alır. Belə davam edərsə, Rusiya yaxın gələcəkdə ciddi maliyyə çatışmazlığı problemi ilə üzləşəcək. Bu isə "Soyuq müharibə” dövründə ABŞ prezidenti Reyqanın SSRİ-ni silahlanmaya daha çox pul ayırmağa sövq edən siyasətinə bənzəyir. Məlumdir ki, bu siyasət SSRİ-nin dağılmasına gətirib çıxartdı. İndi də ABŞ-ın məqsədi Rusiyanın iqtisadi və maliyyə ehtiyatlarının çöküşünə nail olmaqdır. Ancaq ABŞ Şərqi Avropada Rusiyaya güzəştə getməyəcək. Çünki Avropanın təhlükəsizliyi ABŞ-ın təhlükəsizliyi deməkdir”.

Müşfiq Abdulla