Yuxarı

Qafqazın ən güclü ordusu

Qafqazın ən güclü ordusu

2017-ci ildə dünyanın ən güclü ordularına sahib olan ölkələrin adları açıqlanıb. Siyahıda 125 ölkənin hərbi gücü analiz edilib. Hərbi gücünə görə zəif ölkə hesab edilən Mərkəzi Afrika Respublikası (MAR) siyahının son pilləsində - 125-ci yerdə qərarlaşıb. Azərbaycan siyahının 60-cı pilləsində yer tutur. Hərbi gücünə görə Azərbaycan İraqdan bir pillə geridədir. Azərbaycanın münaqişədə olduğu, daha doğrusu, torpaqlarını işğal edən Ermənistan 94-cü pillədədir. Yəni, Azərbaycandan 34 pillə geridir. Bu ölkə Qətərlə Livanın arasında yer tutur. O cümlədən, digər qonşumuz Gürcüstan da bizdən 20 pillə geridə qərarlaşıb. Siyahının ən üst pillələrində ABŞ, Rusiya, Çin, Hindistan kimi dövlətlər var.

İrəvanı xofa salan aprel zəfəri

Beynəlxalq təşkilatların son illərdəki bütün hesabatlarında Azərbaycanın hərbi güc baxımından Ermənistanı qat-qat üstələdiyi təsdiqlənir. İki il əvvəl (aprel 2016-cı il) tərəflər arasında baş vermiş gözlənilməz döyüşdə də bu, rəsmi qaydada sübut olundu. Söhbət 4 günlük aprel müharibəsindən gedir.

2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş 4 günlük müharibə Dağlıq Qarabağ münaqişəsində vəziyyəti dəyişdi. Ordumuzun həmin dönəmdə Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindəki silahlı birləşmələrinin təxribat cəhdinə tutarlı cavab verməsi, "dondurulmuş” münaqişəni beynəlxalq gündəmin ən üst səviyyəsinə qaldırdı. Təxribatı yenidən özlərinin törətməsinə baxmayaraq, Ermənistan tərəfi döyüşlərdə ağır itkilər verərək geri çəkildi. Bunu həmin və sonrakı dönəmlərdə işğalçı tərəfin rəsmi siyasi- hərbi dairələri də etiraf etdilər. Savaşın ən qızğın zamanında Ermənistan prezidenti Serj Sarkisyanın kompromisə hazır olmaları ilə bağlı verdiyi açıqlama bura qədər uzun müddət idi ki, diplomatik masadan qaçan işğalçının öz dilindən edilən acı məğlubiyyətin etirafı idi. Sarkisyanın açıqlaması o vaxta təsadüf edirdi ki, erməni KİV-ləri Azərbaycan ordusunun təkcə strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini yox, işğal altında olan Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarını da 2 saatın içində geri qaytardığını iddia edirdilər. Bu iddia, yaxud ehtimal özünə rəsmi cavab tapmasa da, görünən bu idi ki, Azərbaycan ordusu savaşın başlamasından keçən cəmi 1 saat içində Ermənistan tərəfinin işğal edilmiş ərazilərdəki mövqelərini darmadağın edib. Həmin vaxt Azərbaycan ordusunun Xankəndini nəzarətdə saxlaya biləcək postları tərkisilah edərək, geri qaytardığı haqda da məlumatlar yayılırdı. İrəvan xof içində idi, siyasi müxalifət iqtidarı bacarıqsızlıqda suçlayır, xalq müharibə istəmir, hakimiyyət çıxış yolu axtarırdı. 

Cəbhə xəttindən Azərbaycan ordusunun qələbəsinə dair ard-arda gələn xəbərlər Rusiya, Türkiyə, Almaniya, ABŞ və dünyanın bir çox nüfuzlu KİV-lərində "Ermənistanın 1 saatlıq canı olan ordusu darmadağın edildi” başlıqları ilə özünə başqa rənglər qatırdı. Başqa sözlə, Azərbaycan 4 günlük savaşda kimin hansı gücə sahib olduğunu təkcə Ermənistana və işğalçının havadarlarına yox, həm də bütün dünyaya göstərdi. Ermənilərin özləri üçün uydurduğu "məğlubedilmızlik” mifini darmadağın edən Azərbaycan ordusu sübut etdi ki, hansısa xarici müdaxilə olmasa, düşməni işğal edilmiş ərazilərindən qovmaq və az qala 30 il işğal altında olan torpaqlarımız işğaldan azad, Azərbaycan dövlətinin isə ərazi bütövlüyü bərpa etmək üçün bir neçə gün vaxt lazımdır. 

Dünyanı "silkələyən” 4 günlük müharibə 

Azərbaycan Silahlı Qüvvələrinin 4 günlük əməliyyatı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı tarazlığı dəyişdi. Bu gözlənilməz savaşın həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət və münaqişədə müəyyən mənada öz maraqları olan supergüclər - Rusiya və ABŞ üzərində də ciddi psixoloji təsirləri oldu. Həmin vaxt Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyadan dəstək almaq səylərinin nəticəsiz qalması da, Azərbaycan dövləti və rəhbərinin nüfuz məsələsi idi. KTMT üzvü olan Qazaxıstan və Belarusdan Azərbaycana ötürülən dəstək mesajları həm bu ittifaqın lideri Rusiyanı, həm də Ermənistanı məyus etdi. Hadisələr o fonda baş verirdi ki, Ermənistan daxilində Sarkisyan hakimiyyətinə qarşı etirazlar baş qaldırmışdı. Yəni, aprel məğlubiyyəti Sarkisyana qarşı yerli müxalif və narazı elektoratın əlini və sıralarını gücləndirdi. Həmin vaxt növbəti seçkilərdən sonra prezident seçkilərində iştirak etmək üçün limiti dolmuş və buna görə də yoluna baş nazir kimi davam etmək istəyən Serj Sarkisyana həm Rusiya, həm də Ermənistan cəmiyyəti tərəfindən güzəşt edilməyəcəyi kimi fikirlər gündəmə gəldi. Əlbəttə, Ermənistanda Sarkisyanın son dərəcə zəifləməsinə, cinayətkar rejimin illərlə davam etməsinə son qoyan əsas faktor Azərbaycan ordusunun təxribata qarşı gözlənilməz həmləylə düşmənə vurduğu sarsıdıcı zərbə oldu. O vaxtadək Azərbaycanın Ermənistan tərəfindən edilən təxribatları niyə susqunluqla qarşılaması İrəvanda sual yaratmışdı. Lakin bu suala atəşlə verilən cavab düşməni ayıltdı. Bu, Ermənistanda hər gün dərinləşən siyasi böhranın əsasını qoymaqla yanaşı, Azərbaycana da xüsusi imtiyaz qazandırdı. Azərbaycan tərəfi bu 4 günlük müharibədən sonra diplomatik masa arxasında daha əlverişli mövqedə oturmaq hüququnu bərpa etdi. Həmin dönəmdə münaqişənin həllində "açar” hesab edilən, Ermənistan üzərində böyük təzyiq rıçaqlarına malik olan Rusiyanın baş naziri və xarici işlər nazirinin ard-arda bölgəyə səfər etmələri də göstərdi ki, Azərbaycan ordusu təkcə Ermənistanı yox, nəhəngləri də "silkələyib”. ABŞ da prosesləri susqunluqla izləmədi. Bəlkə də ilk dəfə idi ki, ABŞ-ın rəsmi dairələri açıq formada Ermənistana müraciət edərək işğal edilən Azərbaycan ərazilərindəki hərbi birləşmələrini geri çəkməyə çağırdılar. Başqa sözlə, 4 günlük savaş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini gündəmə gətirdi. 

Milyardlıq hərbi büdcəyə uduzan erməni ordusu

Təəssüf ki, aprel savaşından sonra yenə də Azərbaycanın həm işğalçı tərəfi, həm də beynəlxalq ictimaiyyəti, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunu (Fransa, Rusiya və ABŞ) problemi sülhlə həll etməyə məcbur etmək səyləri nəticə vermir. Hələ də düşmənin ara verməyən təxribat cəhdlərinə, Xocalı soyqırımı, 1 milyondan çox qaçqın və məcburi köçkünün taleyinə, ərazilərimizin işğal altında qalmasına göz yumulur. İrəli sürülən təzadlı, çox vaxt da düşmənin lehinə olan həll variantları və Minsk Qrupunun nəticəsiz cəhdləri vəziyyəti müharibə həddində saxlayır. Nə Rusiya, nə də digər həmsədr dövlətlər işğalçı Ermənistana təzyiq edir. Böyük güclər Azərbaycanın müharibə yoluyla öz ərazilərini işğaldan azad etmək cəhdlərini əngəllədikləri halda hər iki tərəf - həm Azərbaycan, həm də Ermənistan silahlandırma yarışını sürətlə davam etdirir. Lakin bu "sürət marafonu”nda Ermənistan Azərbaycana dəfələrlə uduzur. İqtisadi problemlər içində boğulan Ermənistanın gücü təbii ki, Azərbaycanla müqayisə oluna bilməz. Azərbaycan iqtisadi gücünə görə Ermənistanı dəfələrlə üstələyir və bu, ordunun müasir silahlarala təchiz olunmasında da özünü göstərir. Beynəlxalq təşkilatların son hesabatları da təsdiq edir ki, Azərbaycan hərbi güc baxımından Ermənistanı müqayisə edilməz dərəcədə üstələyir. Azərbaycan ordusunun üçdə bir hissəsi qədər gücü olan Ermənistanın döyüşə hazır vəziyyətdə olan 39 minlik canlı qüvvəsi və 900 milyonluq hərbi büdcəsinə qarşı Azərbaycanın müharibə vəziyyətində poliqona çıxara biləcəyi 130 mindən çox canlı qüvvəsi və xərcləyə biləcəyi milyardlarla dollarlıq hərbi büdcəsi var. Güc balansındakı tarazlıq quru qoşunları ilə yanaşı, hərbi hava qüvvələri sahəsində də Azərbaycanın lehinədir. Pakistan, İsrail, Rusiya, Türkiyə və digər dövlətlərdən alınan qırıcı təyyarələrin sayını 200-ə çatdıran Azərbaycana qarşı Ermənistanın səmaya qaldıra biləcəyi cəmi 1 ədəd "MİG-25”, 15 ədəd "SU-25” və 35 ədəd Rusiya istehsalı təlim təyyarəsi var.

"Sürət marafonu”nun önündə

Son illərdə Pilotsuz Uçan Aparatların (PUA) ordunun arsenalına daxil edilməsi məsələsində ciddi addımlar atan Azərbaycan İsraildən alınmış 200-dən çox ("Hermes-450”, "IAI Searcher”, "Orbiter” və "Areostar”) PUA-ya sahibdir. Ermənistanın sahib olduğu PUA-ların hamısı Rusiya istehsalıdır və məhdud saydadır. Azərbaycan İsraillə birlikdə Bakıda qurulmuş zavodda öz PUA-larını istehsal edir. Digər tərəfdən, Azərbaycanın tanklar və zirehli maşınları Ermənistanın sahib olduğu bu texnikalardan 3 dəfə çoxdur. Ordunun raketlər və raket hücumlarından müdafiə sistemləri ilə gücləndirilməsində də Azərbaycan Ermənistandan qabaqdadır. Hər iki tərəfin ordusunun əsas silahlı "Qrad” və "S-300”lər olsa da, Ermənistanın istənilən raket hücumlarını zərərsizləşdirə biləcək "Günbəz” sistemləri yoxdur. Azərbaycan isə İsraildən sonra bu sistemə sahib yeganə ölkədir. İsraildən bu sistemin Azərbaycana satılacağı ilə bağlı xəbər dəqiqləşən kimi Ermənistan "İsgəndər M” hədəsini dövriyyəyə buraxdı, sonradan bunun İrəvanın ən böyük yalanlarından biri olduğu faktlarla üzə çıxdı. 2016-cı ildə - aprel məğlubiyyətindən sonra İrəvanda keçirilən paradda nümayiş edilən "İsgəndər M”-lərin parad başa çatdıqdan sonra Rusiyanın Ermənistandakı hərbi bazasına aparılması bu ölkənin vətəndaşlarında da "başgicəllənmədən” sonra şok effekti yaratmışdı. Azərbaycanın Rusiyadan "S-400” raket sistemləri alacağı ilə bağlı son günlərdə yayılan xəbərlər və bununla bağlı Bakı və Moskva arasında danışıqların aparıldığına dair İrəvana çatdırılan məlumatlar işğalçı tərəfi ciddi narahat etməyə başlayıb.

Dünya diqqətsizdir, amma Azərbaycan...

Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətsizliyinə və Ermənistanın davam edən işğal siyasətinə qarşı silahlı qüvvələrini daha da gücləndirməyə həm də məcbur qalıb. İqtisadi gücü imkan verdiyindən Azərbaycan bu problemi öz istəyinə uyğun həll edir. Rəsmi Bakının silah alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, Cənubi Afrika Respublikası (CAR), Serbiya, Avstriya, Polşa, İordaniya və Pakistan kimi ölkələrlə müxtəlif anlaşmaları var. Ermənistan isə dağılmış iqtisadiyyatla, böhran həddində olan büdcəylə nəinki ordusunu silahla, heç ərzaqla belə təmin edə bilmir. Ermənistanda orduda baş verən problemlərin arealı o qədər böyüyüb ki, artıq ordudaxili qarşıdurmalar, "dedovşina”, ordudanqaçma kimi hallar adi hal alıb. Bir sözlə, Ermənistan ordusunda böhran yaranıb və prezidentin bütün manevrləri bu böhranı önləyə bilmir. Sarkisyan rejimi silah almaq üçün Rusiyanın ayıracağı kreditlərə bu ölkənin özündən silah ala biləcəyinə ümid edir. 

Arsenalındakı silahların hamısı Rusiyaya aid olan Ermənistanı narahat edən digər amillərdən biri də İsraillə Azərbaycan arasında imzalanmış və hər il yenilənən müqavilələrdir. İndiyədək Azərbaycanın İsraildən aldığı silahlara xərclədiyi pullar Ermənistanın hazırkı dövlət büdcəsindən bir neçə dəfə çoxdur. İsrail və Azərbaycanın silah istehsalı, ən modern hava hücumundan müdafiə sistemlərinin alınması, kəşfiyyat təyyarələrin alqı-satqısı və istehsalının təşkilinə dair anlaşması Ermənistanı təxribatçı addımlar atmağa məcbur edir. İrəvanın Təl-Əvivdən Azərbaycana silah satışını dayandırması üçün etdiyi xahiş də nəzərə alınmır. 

22 ildən sonrakı müqayisə

Ermənistan ordusu texnika, silah və canlı qüvvə baxımından müqayisə edildikdə Azərbaycandan bir neçə dəfə geridə qalır. Hazırda Ermənistan öz ordusuna yox, hərbi sahədə işbirliyini genişləndirməyə çalışdığı Rusiya və bu ölkənin öz ərazilərindəki hərbi bazasına arxalanır. Lakin hər iki tərəfin ordusuna dəstək verən Rusiya da Ermənistanla müqayisədə Azərbaycanla hərbi sahədə əməkdaşlığa daha çox önəm verir. Çünki maliyyə resursları tamamilə məhdud olan Ermənistan yalnız Moskvadan aldığı kreditlər hesabına öz ordusunu gücləndirirsə, Azərbaycan bunu öz gücü, başqa sözlə öz pulu hesabına edir. Sanksiyalar içində boğulan Rusiyaya isə həm də pul lazımdır. Azərbaycanın bölgənin güc dövləti statusunda olmasını aprel döyüşlərindən sonra işğalçı Ermənistanın özü də etiraf etdi. Lakin bu məqamda sual verilə bilər ki, əgər Azərbaycan bölgənin supergücüdürsə, o zaman güc baxımından qat-qat geridə olan Ermənistan niyə indiyə qədər torpaqlarımızı boşaltmayıb? Əlbəttə, ötən əsrin 90-cı illərin əvvəllərində - Dağlıq Qarabağ üzərində Ermənistan və Azərbaycan arasında elan edilməmiş müharibə başlayanda vəziyyət indiki kimi deyildi. 

Moskva "silahların bölüşdürülməsi” adı altında SSRİ-dən yenicə ayrılmış Azərbaycanı silahsızlaşdırır, əksinə Ermənistandakı silahlı qüvvələrini gücləndirir, işğalçı ölkəni silahlandırırdı. Şübhəsiz ki, rus silahları ilə gücləndirilmiş və beynəlxalq arenada belə Rusiyanın "forpost”u sayılan ölkə qarşısında Azərbaycan zəif hərbi güclə heç nə edə bilmirdi. Bundan əlavə bir sıra daxili və xarici səbəblər də mövcud idi. Vahid hərbi komandanlığın olmaması, hərbi qüvvələrin siyasi münaqişələrə cəlb edilməsi də ciddi problemlər yaradırdı. Digər tərəfdən işğalçının arxasında İran kimi görünməyən güclər də vardı. Qarabağda birinci müharibənin başa çatmasından 22 il sonra - 2016-cı ilin aprel ayında Ermənistanla təkbətək və heç bir kənar gücün iştirak etmədiyi 4 günlük savaş isə göstərdi ki, Ermənistanın "ələbaxan” silahlı birləşməsi Azərbaycan ordusu üçün rəqib deyil. Sübut edildi ki, arxasında heç bir gücü olmayacaq Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında cəmi bir neçə saat tab gətirmək gücündədir və müharibə yenidən alovlansa, bu, əvvəlki kimi 5 il yox, bəlkə də 5 saat davam edəcək.

İlham Əliyev dönəmində ordu quruculuğu

1994-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sürətləndirildi və Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın haqlı mövqedə olduğu halda işğalçı Ermənistan qarşısında haqsız çıxarılmaq səylərinə qarşı ordusunun gücü və hərbi kadrlarının peşəkarlıq səviyyəsinin artırılması prosesi İlham Əliyevin prezidentliyi dönəmində xüsusi diqqətdə saxlanıldı. Bu gün dövlətin əsas prioritet hesab etdiyi məsələ sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğudur. Ona görə də milli ordumuzun möhkəmlənməsinə daha çox diqqət ayrılır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına imkan verib. Hərbi-sənaye potensialının gücləndirilməsi də bu işlərin tərkib hissələrindən biridir. 

"Cümhuriyət” Analitik Qrupu