Yuxarı

Deputatların Qarabağ səfərinin gizlinləri

Deputatların Qarabağ səfərinin gizlinləri

Ermənistanda siyasi münasibətlərin gərgin vəziyyətdə olduğu bir vaxtda bütün fraksiyaları təmsil edən deputat qrupu mayın 5-də Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

Xatırladaq ki, Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla Xankəndində keçirilmiş görüşdə Serj Sarkisyanın sədrlik etdiyi Respublika Partiyasının deputatları ilə yanaşı, "Tsarukyan”, Daşnaksütyun və hətta ölkədə məxməri inqilab etmiş Nikol Paşinyanın "Yelk” (Çıxış) fraksiyalarının nümayəndələri iştirak ediblər. Görüşdən sonra ERP-nın deputatı Qagik Melikyan Dağlıq Qarabağın təhlükəsizliyi və Ermənistandakı daxili vəziyyətin müzakirə olunduğunu bildirib. 

Lakin B.Saakyanın "Dağlıq Qarabağın təhlükəsizliyi Ermənistandakı daxili vəziyyətdən asılıdır”-deyə açıqlama verməsi söhbətin daha çox baş vermiş hakimiyyət dəyişikliyi ilə bağlı olduğunu göstərir. Belə ki, Ermənistanda Qarabağ klanının hakimiyyətdən salınması Xankəndində ciddi narahatlıq yaradıb. Yeni baş nazir N.Paşinyanın Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış edəcəyi isə hələ qəti müəyyənləşməyib. Ona görə də siyasi ekspertlər Bako Saakyanın Ermənistandakı siyasi qüvvələrdən təhlükəsizlik məqsədilə təminat almaq istədiyini bildirir. 

Politoloq Fikrət Sadıqov hesab edir ki, erməni deputat qrupunun Xankəndinə səfəri Dağlıq Qarabağ separatçılarında yaranmış narahatlığı aradan qaldırmaq məqsədi daşıyır: "Kütləvi etiraz aksiyaları başlayanda və bir neçə gün ərzində nümayişlər sərt şüarlarla Serj Sarkisyan hakimiyyətinə qarşı yönələndə Bako Saakyan qorxu içərisində İrəvana gəlmişdi. O, İrəvanda keçmiş prezidentlər Levon Ter-Petrosyanla və Robert Koçaryanla görüşdü. Yəni Bako Saakyan özünə bir dayaq nöqtəsi axtarırdı. Hadisələrin pik nöqtəsində Saakyanın İrəvana gəlməsi təsadüf deyildi .

O, nələrin baş verdiyini və bu proseslərin Dağlıq Qarabağa necə, hansı formatda təsir göstərəcəyini başa düşmürdü. Təbii ki, eks-prezidentlər danışıqlarda öz fikrini bildirib. Amma görünür, Saakyan həmin müzakirələrlə kifayətlənməyib. Sonradan Ermənistan parlamentindəki fraksiyaların nümayənədələri çox güman ki, onu sakitləşdirmək üçün Xankəndinə gediblər. Erməni deputatlar Dağlıq Qarabağdakı separatçıları narahat olmamağa çağırıb və bildirib ki, hansı partiyanın hakimiyyətə gəlməsindən asılı olmayaraq onları müdafiə edəcəklərinə dair vəd veriblər. Yəni ki, Dağlıq Qarabağ məsələsinin bütün ermənilərin ümummilli problemi olduğunu diqqətə çatdırıblar”. 

Buna baxmayaraq, siyasi ekspert bildirdi ki, Qarabağ klanının Ermənistan hakimiyyətindəki mövqeyini bərpa etməsi yaxın perspektiv üçün real görünmür: "Çünki xalq onları hakimiyyətdən tamamilə qovaraq uzaqlaşdırıb. Xüsusilə, gənc nəsil onların əlindən bezib. Ona görə də gənclər etiraz aksiyalarında çox fəal şəkildə çıxış edirdilər. Onlar açıq şəkildə bəyan etdilər ki, biz sizin hakimiyyətinizdən yorulmuşuq və ölkənin rəhbərliyinə yeni qüvvələr gəlməlidir. Yəni Qarabağ klanının rəhbərliyinə son qoyuldu. Bu prosesin uzun müddət davam edəcəyini söyləmək çətindir. Ancaq yaxın gələcəkdə Qarabağ klanının yenidən hakimiyyətə qayıdacağı inandırıcı görünmür. Bir həqiqəti də inkar etmək olmaz. Gərək Paşinyanın rəhbərlik etdiyi yeni hökumət elə bir siyasi kurs götürsün ki, Qarabağ klanı və ya köhnə hökumət onu arxadan vura bilməsin. Paşinyanın azacıq səhvi yenidən həmin qüvvələrin hakimiyyəti ələ keçirməsi ilə nəticələnə bilər. Fikrimcə, Qarabağ klanının üzvləri indi daha çox özlərinin gələcək siyasi taleyi haqqında düşünür.

Çünki onların gələcəyi məlum deyil. Yeni hakimiyyət onlara qarşı maliyyə, iqtisadi, korrupsiya problemləri ilə bağlı bir sıra iddialar qaldıra bilər. Onlar hakimiyyətdə olduğu müddətdə güclü korrupsiyaya, talançılığa yol vermiş adamlardır. İndi təmizləmə prosesi gedəcək. Onlar qorxu içindədir. Onların gələcək vəziyyəti Paşinyanın siyasi kursundan asılı olacaq. Əgər düzgün kurs həyata keçirilərsə, səhvlər az olsa, onların hakimiyyətə qayıtmaq şansı olmayacaq. Paşinyan hökuməti təmizləmə işinə başlayacaq. Müəyyən dövr keçməlidir ki, Qarabağ klanı yenidən hakimiyyətə gəlmək barədə düşünsün. Məncə, bu, yaxın gələcəyin işi deyil”.

Müşfiq Abdulla