Yuxarı

ÜST susur, nümayəndəsi isə peyvəndlə bağlı çağırış edir...

ÜST susur, nümayəndəsi isə peyvəndlə bağlı çağırış edir...

ÜST susur, nümayəndəsi isə peyvəndlə bağlı çağırış edir...

Dünyanın bir neçə ölkəsindən koronavirus peyvəndinin tətbiqi ilə bağlı xəbərlər gəlməyə başlayır.

Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı hər hansı bir ölkənin istehsalı olan vaksinlə bağlı rəy verməyib, ölkələrin bu prosesə start verdiyi bildirilir. Azərbaycanda da bu prosesə start verilə bilər. Hələlik bununla bağlı çağırışlar səslənməkdədir. Amma vətəndaşların peyvəndlə bağlı mövqeyi birmənalı deyil. Eləcə də bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi ilə bağlı suallar yaranmaqdadır.

Belə ki, bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmançı çağırış mahiyyəti daşıyan açıqlama verib:

"Koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda Azərbaycana da peyvəndin gətirilməsinə başlanacaq".

O bildirib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir:

"Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq "işıq görünür". Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi xəstəliyin bitməsi olmayacaq. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan, qorunma tədbirlərinə riayət edilməsi vacibdir".

Qeyd edək ki, bu sözləri hər hər hansı bir peyvəndlə bağlı müsbət rəy verməyən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi deyir. Sual yaranır - Qurumun təmsilçisi belə bir çağırış edirsə, onda niyə ÜST peyvəndlə bağlı rəyini açıqlamır.

Əgər qurumun rəy bildirməsinin əhəmiyyəti yoxdursa, onda Azərbaycan niyə peyvəndin tətbiqinə başlamır?

Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dünyada koronavirus kimi xəstəliklər ya məqsədyönlü olaraq ya da ekoloji pozğunluqların - qida, su, havanın korlanması nəticəsində yaranır:

"Bütün həkimlər, dövlət xadimləri vətəndaşları maska taxmağa, məsafə saxlamağa çağırır. Amma insanlar buna əməl etmir, xəstəliyin çoxalmasının səbəbi də budur. Peyvənd məsələsində mənim mövqeyim belədir ki, əvvəlcə peyvənd hazırlayan ölkələr zəhmət çəksinlər bunu öz əhalisinə tətbiq etsinlər. Bunu görüntü xatirinə - dövlət başçılarına, tanınmış şəxslərə etməklə yox, kütləvi formada tətbiq etsinlər. Yüksək faiz dərəcəsi ilə peyvəndin nəticəsi olsun, Ümumdünya Səhiyyə Təşkilatı da buna icazə versin, bundan sonra biz də istifadə edək. Bu şəraitdə peyvəndin tətbiqinə icazə vermək olar. Hansısa ölkənin bundan istifadə etməsi haqqında məqsədli formada yayılan məlumata inanmaq lazım deyil. Bu cür məsələlərin - keyfiyyətsiz dərman idxalının çox şahidi olmuşuq”. Aydın Əliyev hesab edir ki, peyvənd məsələsində Ümumdünya Səhiyyə Təşkilatının rəy verməsi vacibdir: "Çünki hər bir ölkə baş tutan ekspermentlərin nəticələrini ora göndərirlər. Təşkilat da bunu dünyaya bəyan etməlidir ki, proses məsələn, Rusiyada, Çində, Böyük Britaniyada nə qədər müsbət, nə qədər mənfi effektlə nəticələnib. Biri də var ki, iki dövlət bu məsələni öz aralarında həll etsin, bu zaman risk artmış olur. Belə olacaqsa, onda beynəlxalq təşkilatlar nəyə lazımdır. Azərbaycanda da peyvənd tətbiq olunarsa, bu işi həyata keçirən adamlar cəmiyyətə hesabat verməlidir ki, nə qədər tətbiq olundu, neçə faizində müsbət effekt verdi və s. Bununla bağlı statistik məlumatlar daim verilməlidir. Əgər keyfiyyətli peyvənd tətbiq olunarsa, mən də 100 faiz bunun tərəfindəyəm”.

ÜST-nin rəy verməsi, həm də təşkilatın məsuliyyəti öz üzərinə götürməsi demək deyilmi? Farmakoloq alim məsuliyyət məsələsinin böyük əhəmiyyət daşıdığını dedi:

"Bu 100 faiz belədir. Biz o məsuliyyəti niyə öz üzərimizə niyə götürməliyik. Kimlər ki öz üzərinə götürür, hesabat verməlidir. Gətirmək şərt deyil. Prezident hər gün xalqa hesabat verir, bu məsələdə də hesabat verilməlidir. O zaman mən - farmokoloq müəllim də müraciət edəcəm ki, o peyvəndi mənə də eləsinlər”.

Həkim farmakoloq hesab edir ki, hazırkı peyvəndləmə düzgün hesablanmamış, çoxsaylı müsbət effektləri alınmamış dərmanlarla kütləvi silah vasitəsidir:

"Maska, məsafə saxlamaq, gigiyenik vasitələrdən istifadə etmək lazımdır. Təmizlik bizim "Quran” - dan gəlir, o zaman hələ elmlər inkişaf etməmişdi. Digər vacib məqam isə immun sistemin gücləndirilməsidir. Nə qədər ki, immun sistem zəifdir, biz cürbəcür xəstəliklərə tutulacağıq. İmmun sisteminin əsasını isə mədə-bağırsaq sisteminin düzgün işləməsi təşkil edir. Öz ölkəmizin ərzaqlarını yeməli, suyunu içməliyik. Xaricdən məhsul idxal edəndə də keyfiyyətə önəm verilməlidir”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları