Yuxarı

2020-ci ilin Azərbaycan mətbuatı: Qələbə xəbəri ilə tarixə düşdü - BİZİM SORĞU

2020-ci ilin Azərbaycan mətbuatı: Qələbə xəbəri ilə tarixə düşdü - BİZİM SORĞU

2020-ci ilin Azərbaycan mətbuatı: Qələbə xəbəri ilə tarixə düşdü - BİZİM SORĞU

Bu il Azərbaycan böyük tarixi uğura imza atdı.

44 günlük Vətən müharibəsindən qalib çıxan ölkəmiz regionda söz və nüfuz sahibi olduğunu təsdiqlədi.

Digər tərəfdən, Azərbaycan həm də dünyanın çarpışdığı pandemiya ilə mübarizəyə səfərbər olunub.

Əlbəttə ki, bu il Azərbaycan mediası üçün çətin və ağır dövr kimi xarakterizə edilir.

Bəs media kapitanlarımız 2020-ci ili necə qiymətləndirirlər?

"Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanovun sözlərinə görə, bu il pandemiyanı nəzərə almasaq, bütünlükdə ölkəmiz, dövlətimiz üçün çox uğurlu il oldu:

"Qarabağ 30 illik işğaldan azad edildi. Qəhrəman əsgərlərimiz Ali Baş Komandanla birgə şərəf tariximizi yazdılar. Mediamızın da bu qələbədə payı var. İnformasiya müharibəsində mediamız da iştirakçı oldu və bacardığımızı etdik... Təxribatlara yol verilmədi, cəmiyyətə doğru və düzgün informasiya, müharibə xəbərlərini çatdırdıq. Ən əsası isə qələbə xəbərlərini... Şanlı Azərbaycan ordusunun uğurlarını dünyaya çatdırmağa çalışdıq. Məncə, nail ola bildik. Dünya mediasında Azərbaycan ordusunun möhtəşəmliyindən yazıldı. Bunda mediamız da pay sahibidir. Ən mühümü isə mediamız ruhumuzun şəhəri Şuşanın azadlığını manşet verə bildisə, bundan böyük uğur, ən yaddaqalan daha nə ola bilər?! Bizə bu şanlı tarixi yaşadan hər kəsə minnətdarıq. Ona görə bu ili mediamız üçün də uğurlu hesab etmək olar. Pandemiya işimizə, fəaliyyətimizə əngəl törətsə də, yorulmadıq”.

"APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızının fikrincə, 2020-ci il mediamızın inkişafı baxımından stabil il oldu:

"Amma ümumən hamımız üçün qələbə xəbərlərinin yazıldığı il olaraq çox əlamətdardır. Tarixdə mediamıza ən çox istinad olunacaq illərdən biri, yəqin ki, birincisi 2020-ci ildir. Bu il bütün xalqımız və mediamız üçün böyük və yaddaqalan il oldu. Media sahəsində isə sosial media daha da ölkə içində yayıldı və ictimai rəyə təsir baxımından əsas vasitəyə çevrildi. Məncə, gələn il də bu tendensiya davam edəcək”.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 2020-ci ildə mediamızın ən çox həmrəyliyə nail olduğunu deyib:

"Xüsusilə də 44 günlük Vətən Müharibəsi ərzində... Yeni nov koronavirus pandemiyası ilə bağlı da eyni nəticənin əldə olunduğunu deyə bilərik. İlin ilk günlərindən başlayaraq, medianın inkişaf perspektivləri ilə bağlı açıq müzakirələrin şahidi olduq ki, bunun da faydalı olduğu qənaətindəyəm. Bütövlükdə, bütün çatışmazlıqlara baxmayaraq, 2020-ci ilin mediamız üçün uğurlu olduğunu düşünürəm”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid medianın bu il baş verən bütün proseslərdə fəal rolunu qeyd edib:

"2020-ci ildə mediamız qarşısında nəyəsə nail olmaq məsələsi qoyulmamışdı. Sadəcə olaraq, proseslər 2020-ci il üçün mediayaya yeni şəraitdə işləmək vərdişlərini aşıladı. İlin əvvəlindən başlayan pandemiya, bir çox qurumların, eləcə də medianın onlayn qaydada fəaliyyət göstərməsinə səbəb oldu. Jurnalistlərdə oturaq, yəni evdən işləmək vərdişləri aşılandı. Bu, media üçün yeni bir şərait idi. Vətən müharibəsində isə mediamız həddindən artıq həmrəylik nümayiş etdirdi, məsuliyyətli şəkildə bu prosesdə fəal rol oynadı. Elə bilirəm ki, hər iki sınaqdan da mediamız yaxşı çıxdı. Arzu edirəm ki, gələn il Azərbaycan mediası dünya mediasına inteqrasiya baxımından daha da inkişaf etsin. Həm ölkəmizin mənafelərinin müdafiəsi, həm quruculuq işlərinin işıqlandırılması, həm də dünyada davam edən informasiya müharibəsində Azərbaycanın haqq işini müdafiə etmək baxımından öz lazımlı və vacib rolunu davam etdirsin” .

Alçina Amilqız





Həftənin ən çox oxunanları