Yuxarı

Nərimanov kim idi: Xain, yoxsa xilaskar?-MÜSAHİBƏ

Nərimanov kim idi: Xain, yoxsa xilaskar?-MÜSAHİBƏ



Tarixi şəxsiyyətlərə verilən qiymət təəssüf ki, dəyişkən olur.

Bəzən həmin qiymət onların göstərdikləri xidmətə adekvat olmur, bəzən zamanın tələblərinə uyğunlaşdırılır, bəzən isə bu qiymət hansısa arzu, istəkdən asılı olaraq məqsədli olaraq formalaşdırılır. Dekabrın 30-da dünyaya gəlişinin 150-ci ildönümü qeyd olunacaq ictimai- siyasi və ədəbi xadim Nərimanov Nərimanov da belə şəxsiyyətlərdəndir.

O, vaxtilə qəhrəman səviyyəsinə yüksəldilmiş, indi isə hətta "xalq düşməni” kimi qələmə verilə də bilir. Nəriman Nərimanov əslində, kim idi?

"Cümhuriyət” qəzeti doğum gününün ildönümü ərəfəsində onun şəxsiyyəti və siyasi fəaliyyətini AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevlə birgə araşdırıb:

- Hər kəs Nəriman Nərimanovu ittiham edir. O sistemə inan bir şəxsiyyət idi, amma rejimin içərisində rejimə qarşı mübarizə aparan və öz xalqının maraqlarını qoruyanlardan biri idi. O, rusları Azərbaycana gətirməkdə ittiham olunur. Əslinə qalsa yeni imperiya qurulmuşdu və həmin imperiyanın maraqları var idi. Azərbaycan o maraqların qurbanı olacaqdı. Nərimanov situasiyadan istifadə edərək, Azərbaycan xalqının həyatına, neçə-neçə insanın təhsil almasına, universitetlərin açılmasına dəstək oldu. Qeyd olunmur ki, Nəriman Nərimanov Azərbaycanın ərazi bütövlüyünü qoruyan bir şəxsiyyətdir, Naxçıvanın, Dağlıq Qarabağın ölkə ərazisində qalmasının böyük səbəbkarlarından biri də Nəriman Nərimanov olub. Demirəm ki, bu təkcə onun xidməti olub, amma o bu məsələdə xidməti olan şəxslərdən biri olub.

- Nərimanovun həm də bir sıra tarixi şəxsiyyətləri qoruması ilə bağlı məqamlar var..

- Nərimanov Məhəmməd Əmin Rəsulzadənin, Əliağa Şıxlınskinin, Səməd bəy Mehmandarovun, neçə-neçə musavatçı və cümhuriyyətçilərin, Hacı Zeynalabdin Tağıyevin həyatını xilas edib. Hacı Zeynalabdin Tağıyevin imarətini özünə qaytarıb və ona dəstək olub. Onun xilas etdiyi və dəstəklədiyi insanlarla bağlı böyük bir araşdırma var.

-Dağlıq Qarabağ ərazisinin Azərbaycanda qalmasında Nərimanovun rolunun olduğunu dediniz. 1921-ci ildə Ermənistan hökuməti "Dağlıq Qarabağ Ermənistan SSRİ-nin tərkib hissəsi kimi” adlı dekret qəbul etmişdi. Nərimanov belə bir dekretin həyata keçirilməsinə necə mane oldu?"

- Əliheydər Qarayev başda olmaqla bir qrup Dağlıq Qarabağın Ermənistana verilməsinin tərəfində idilər, amma Nərimanov Nərimanov buna yol vermədi. Bununla bağlı faktlar var, onları oxumadan Nərimanovun şəxsiyyətini alçatmaq olmaz. O böyük bir şəxsiyyət olub.

- Nəriman Nərimanov Zəngəzurun Ermənistana verilməsində də ittiham olunur ki, bu məsələ, indi işğal altında olan ərazilərimizin azad edildiyi bir vaxtda xüsusilə aktualdır. Amma sözügedən bəyanat imzalanmazdan əvvəl 1919-ci ildə, həmin ərazilərdə erməni silahlı birləşmələrinin yerləşdirildiyi və buranın daşnakların idarəçiliyində olduğu da bildirilir.

- Zəngəzurun taleyi artıq cümhuriyyət dövründə həll olunmuşdu. ABŞ-ın Naxçıvanda nümayəndəliyi var idi. 1919 - cu bu nümayəndəlik Azərbaycan Ermənistan arasında görüş təşkil etdi. Həmin görüşdən sonra Ermənistan Azərbaycan Ordusunun Zəngəzurdan çıxmasını tələb etdi. Danışıqlar aparılmışdı və Azərbaycan ordusunu da 1919-cu ildə Zəngəzurdan çıxaran ABŞ-ın nümayəndəliyi oldu.

- Belə demək olarmı ki, sadəcə sənədə qol çəkmək qalmışdı və bu da 1920-ci ildə Nərimanovun üzərinə düşdü?

- Bəli, sənədə qol çəkmək zərurətdən yaranmışdı. Çıxış yolu yox idi, Ermənilər orda yerləşmişdi, yeni qurulan dövlət də öz daxilidə müharibə istəmirdi.

- Nəriman Nərimanov Azərbaycan Xalq Cümhuriyyətinə qarşı fəaliyyət göstərməkdə də ittiham olunur.

- Nərimanov cümhuriyətin əleyhinə olmayıb. AXC dövründə o Dərbənddə olub. Hansısa sənədə cümhuriyyətin əleyhinə onun bircə kəlmə sözünə rast gəlinməyib. Nərimanov sadəcə rus qoşunlarının Azərbaycana hücum etdiyini görüb və prosesə qoşulub. Mən arxiv sənədləri çıxarmışam. O vaxtkı təhlükəsizlik xidmətinin arxiv sənədlərinə görə, Sovet Azərbaycanının qurulmasını istəyib, amma bu dövləti müstəqil olaraq görüb. Bunun üçün də musavatçılarla, millətçilərlə 4 görüşü olub. O zaman onlara əks-inqilabçılar deyirdilər və onlar nəzarət altında idi. Azərbaycanın o zamankı düşmənləri Əliheydər Qarayev, Dadaş Bünyadzadə, Rasim Musabəyov, Həbibə Sultanova, Ayna Sultanova idi. Nəriman Nərimanov baltalamaq doğru deyil. Bəli, Nərimanov səhv etmişdi. Səhv edib, yeni yaranan hökumətə inanırdı. İnanırdı ki, onlar milli ideyalar əsasında sosialist yönümlü bir respublika quracaqlar. Sonradan Leninlə Stalin fikrini dəyişdilər və Nərimanovu Kremldə zəhərləyib öldürdülər.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları