Yuxarı

Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...”

Tufeylilər qeydiyyata alınacaq:

Tufeylilər qeydiyyata alınacaq:

Paytaxtda tufeyli həyat tərzi keçirənlər hüquq-mühafizə orqanlarını narahat etməyə başlayıb. Onların qeydiyyatı aparıla bilər.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində bu barədə bildirilib.

Narahatlıq doğuran məsələlərdən biri kimi paytaxtın rayonları üzrə tüfeyli həyat tərzi keçirən şəxslərin müvafiq qeydiyyata alınması üçün yerli daxili işlər orqanları ilə birgə müvafiq profilaktik tədbirlərin görülməsindən ötrü rayon prokurorlarına göstərişlər verilib.

Maraqlıdır, tufeyli həyat tərzi keçirən şəxslər kimlər hesab olunur? Onların müəyyənləşdirilməsi hansı amillər əsasında aparılır, bu cür şəxslərin qeydiyyata alınmasının hansısa mexanizmi varmı?

Digər tərəfdən ölkəmizdə əvvəldə mövcud olan və pandemiya şərtlərinin də ağırlaşdırdığı ciddi işsizlik probleminin mövcud olduğu durumda işsiz insanların da belə bir kateqoriyaya aid edilib edilməyəcəyi sual doğurur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2015-ci ildə yeni redaksiyada qəbul olunmuş İnzibati Xətalar Məcəlləsində "avaraçılıqla məşğul olma” ilə bağlı xüsusi maddə var:

"Bu maddənin qeyd hissəsində "avara” sözünün izahi verilir. Əgər şəxs işsiz kimi qeydiyyatdadırsa və iş axtarırsa, o "avara” sayılmır. Dilənçiliklə, xırda xuliqanlıqla məşğul olanlar bu cür şəxslər sayılır. Prokurorluq bunu özbaşına etmir. Çox güman ki, şübhəli görünən şəxsləri müəyyənləşdirmək üçün edirlər, yoxsa indi ölkədə işsizlik baş alıb gedir. Hamını tutub cərimə etmək olmaz ki..”

Sahib Məmmədov kimin tufeyli, kimin tufeyli olmamasını müəyyən edəcək sərhədin olmadığını deyir:

"Qərb ölkələrində - eləcə də ABŞ-da küçələrdə 100 minlərlə insan yaşayır. Bizdə əgər kimisə evi yoxdur və küçədə yaşayırsa, ona nə edəcəklər. Sadəcə qeydiyyatını aparmaq olar. Çünki onların arasında risk qrupunda olan şəxslərin olması mümkündür. Məsələn, xəstəlik daşıyıcıları, xırda xuliqanlıq edə biləcək şəxslər”.

Hüquq müdafiəçisi qeyd olunan kateqoriyaya daxil olan şəxslər üçün 50-100 manat arasında cərimənin nəzərdə tutulduğunu dedi:

"Risk qrupuna daxil olduğundan onların qeydiyyatının aparılması kriminogen vəziyyətə nəzarət etmək baxımından yaxşıdır. Amma bir adam ki, avaradır, yaşamağa pulu yoxdur, onu cərimə edib, neyləyəcəklər axı.. Pulu olsa, ailəsinə yemək alar da..”

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları