Yuxarı

Biləsuvar sakini məmurlardan narazıdır: "Qanunsuz pul tələb edirlər”

Biləsuvar sakini məmurlardan narazıdır:

Biləsuvar sakini məmurlardan narazıdır:

Biləsuvar sakini Xudaverdi Allahverdi oğlu Bədirov rayon polis əməkdaşlarının qanunsuz əməllərindən narazıdır.

"Cümhuriyət” qəzetinə müraciət edən X.Bədirov bildirib ki, hüquqlarının pozulması, əmlakının oğurlanması səbəbi ilə şikayət etdiyinə görə onu susdurmağa çalışırlar. Təhdid edir, hər formada şantaja baş vururlar:

"Mən 2005-ci ildə adıma həyətyanı torpaq sahəsi götürmək üçün Bəydilli kənd bələdiyyəsində qeydiyyata alınmışam. Mənə qeydiyyata alınmağım haqqında sənəd verilib. Bu məqsədlə dəfələrlə Biləsuvar rayon İcra Hakimiyyətində oldum. O vaxtdan bu günə qədər bir neçə icra başçısı dəyişib. O zamandan indiyədək mənim torpağımı verməyiblər. Oğlanlarım hərbi xidməti başa vurub qayıtdıqdan sonra 4 uşağı yerbəyer etmək çətinləşdi. Mən torpağımı almaq üçün rəsmi dövlət qurumlarına şikayət etdim. Mənə kömək etmələrini istədim. Buna görə də Biləsuvar rayon İcra Hakimiyyətindən məni müxtəlif formalarda sıxışdırmağa başladılar”.

"Həyətimdən oğurluq oldu, şikayətimə baxılmadı”

X.Bədirov bildirir ki, bundan sonra mənə qarşı olan qanunsuzluqlarla bağlı rayon polis şöbəsinə konkret dəlillərlə nə qədər şikayət etsə də polis orqanları bunu görməzdən gəlirlər:

"Elə hər şey də bundan sonra başladı. İlk öncə qaz və su sayğaclarıma əsassız borc vurdular. Bunun səbəbini izah edərkən mənə "hamıya necə, sənə də elə” sözündən başqa heç bir əsaslandırma gətirmədilər. Lakin hər kəs bilir ki, bu məntiqsiz yanaşma səbəb ola bilməz. Bunun üçün aidiyyati qurumlara dəfələrlə şikayət etsəm də şikayətim qanuni əsaslarla təmin olunmadı. Bundan sonra həyətimdən ev tikmək üçün tökdüyüm daşlar oğurlandı. Polisə şikayət edib daşları kimin oğurladığı barədə müəyyən məlumat da verdim və qanunun tələbi nədirsə, ona uyğun qərar qəbul etmələrini istədim. Lakin üzərindən aylar keçməsinə baxmayaraq, şikayətim öz həllini tapmayıb. Həyətimdən qoyunlarımın, tikinti materialı olan armaturlarım (30 ədəd, 12 sm qalınlıqda, 6 m uzunluqda) oğurlandı, şikayət etdim, baxılmadı. Həmin armaturlardan 4 ədəd yerində qalmışdı (10 sm qalınlığında, 6 m uzunluğunda). Dövlətin əkin üçün verdiyi 1,5 hektar pay torpağımın 35 sotunu Biləsvur sakini Əliyev Cəlal illərlə qanunsuz olaraq əkib-biçib. Bələdiyyə orqanları gəlib ölçüb- biçdikdən sonra həqiqətən də torpağımın Əliyev Cəlal tərəfindən qanunsuz şəkildə illərdir əkildiyini təsdiqlədilər və hal şahidlərinim imzası ilə protokol tərtib edildi. Mən qanuni şəkildə təzminat hüququmun təmin olunmasını tələb etsəm də, polis orqanları bunu da təmin etmədi. Əksinə, rayon polis idarəsinin rəisi, polkovnik Nəsib Məmmədov mənə təklif etdi ki, sənə oğurlanan daşlarının pulunu ödəyirəm, sən də 35 sot torpağın Əliyev Cəlal tərəfindən qanunsuz əkildiyi məsələsini bağla. Mən isə razılaşmadım və qanuni həll yolunu tələb etdim. Bundan sonra nə daş məsələsi ilə bağlı, nə də əkin sahəmin qanunsuz əkilməsi haqqında hüquqlarım təmin edildi. Görünür, qarşı tərəfdən pul alınmışdı. Bunun ardınca polis orqanları hər dəfə müxtəlif bəhanələrlə həyətimə gəlib məni təhdid etməyə başladılar.

Baş leytenant Nicat Şirinov həyətimdə məni təhdid edərək "Sən mənim gücümü bilirsən də”- deyir. Ölkəmizin haqq müharibəsini nəzərə alaraq dövlətin işsizlər üçün sosial müavinət kimi ayırdığı 190 manat yardımdan da ailəmlə birlikdə imtina etdim. Pandemiyanın, işsizliyin və qışın çətinliyinin hökm sürdüyü bir vaxtda da mənə yaşamağa imkan vermir, ailəmlə birlikdə ölümə məhkum edirlər. Ailəmi dolandırmaq üçün min çətinliklə qurduğum təsərrüfatı inkişaf etdirməyimə icazə verilmir. Bələdiyyədən təsərrüfat üçün torpaq istədim, hətta onlara istifadəsiz olan dərə və təpə yerləri də göstərib, orada mənə təsərrüfatı inkişaf etdirmək üçün şərait yaratmalarını xahiş etdim. Bu müraciətimə də baxılmadı. Növbəti dəfə müraciət etdim ki, heç olmasa mənim 4 övladımın hərəsinə 20 sot olmaqla yan-yana torpaq verin ki, həm orada təsərrüfatı inkişaf etdirim, həm də yetkinlik yaşına çatan övladlarımı evləndirim. Yalnız bütün bunları dövlətin qanunları əsasında, tələb olunan rüsumu ödəməklə istədim. Amma bunun əksinə olaraq, məni susdurmağa və bu kimi tələblərimdən əl çəkdirməyə çalışdılar. Digər tərəfdən isə bəzi öyrədilmiş şəxslər vasitəsi ilə məqsədli şəkildə qoyunlarımı dövlətin çəkdiyi yoldan keçirməyə qoymurlar. Təsərrüfatımı saxlamaq üçün də torpaq verilmir. Bəs mən necə yaşayım? Axı ölkə başçısı Cənab İlham Əliyev çıxışlarında xalqın maraqlarını qorumağı, kiçik təsərrüfatların inkişaf etdirilməsini və fərdi təsərrüfatların inkişafına hər cür şərait yaradılmasını tələb edir. Lakin polis əməkdaşları hər dəfə bir bəhanə ilə məni və övladlarımı polis idarəsinə çağırıb təhdid edir və qanunsuz əsaslarla ittiham edirlər. Övladlarımı məndə uzaqlaşdırıb, didərgin salmağa, məni isə tək qoymağa çalışırlar. Lakin hər dəfə mənim haqlı olduğum, qarşı tərəfin isə haqsız ittihamlarla məni idarəyə çağırdığı nəticəsinə gəlinir”.

"Ailə üzvlərimə təzyiq edirlər”

X. Bədirov ona təsir imkanlarını artırmaq üçün kommunal xidmət idarələri tərəfindən yaşlı qohumunun sıxışdırıldığını, polis əməkdaşlarının əsassız iddialarla övladlarını həbs etməyə çalışdıqlarını bildirir:

"Məni sadaladığım qanunsuz yollarla susdura bilmədiklərini gördükdə ailə üzvlərimə və yaxın yaşlı qohumuma təzyiq göstərməyə başladılar. Belə ki, yaxın qohumum 65 yaşlı Zərnigar Əzizovanın suyunu və qazını kəsdilər. Halbuki o tək yaşayır, yaşlı və yataq xəstəsidir. Bundan sonra isə polis əməkdaşları tərəfindən öyrədilmiş şəxslər övladlarıma böhtan ataraq əsassız iddialarla şikayət ediblər. Lakin bu şikayət işi haqqında araşdırılmadan oğlum Rüfət Bədirlinin əleyhinə qərar qəbul olunub. Halbuki həmin ərazidə müşahidə kamerası var və polisdən həmin kameraya baxıb işi araşdırmasını tələb etmişəm. Lakin nədənsə polis əməkdaşları bu məsələdə maraqlı deyil. Hadisə isə belə baş verib. Oğlum Rüfət Bədirli qoyunlarımızı dövlətin çəkdiyi yolla otlaq sahəsinə apararkən yol üstündə mağaza açmış qonşu (qadın olduğu üçün adını çəkmirəm) yola çıxaraq heyvanlarımı vuraraq, burdan keçməyin deyir. Qadın olduğu üçün heç bir şey deyə bilmirik. Lakin buna baxmayaraq, həmin yoldan istifadə edirik. Ona görə də həmin qonşu oğlum Rüfətə, guya onu vurması bəhanəsi ilə şər ataraq polisə şikayət edib. Lakin bir daha deyirəm, ərazidəki müşahidə kamerasında bütün bu ittihamların yalan olduğu əks olunub. Bundan sonra baş leytenant Nicat Şirinov, bu işi bağlamaq üçün oğlum Bədirli Rüfətdən pul tələb edib və bildirir ki, əgər pulu gətirməsən səni tutduracam”.

"Məndən qanunsuz pul tələb etdilər”

Rüfət Bədirli bildirir ki, baş leytenant Nicat Şirinov ondan qanunsuz pul tələb edib və vermədiyi üçün məhkəmə ilə hədələyib:

"Dekabrın 30-da evdə çörək yediyim zaman Nicat Şirinov mənə zəng edərək dedi ki, pulu gətirirsən? Dedim yox. Dedi onda 31 dekabrda saat 9:00 məhkəmədə ol. 31 dekabr və 1 yanvarda polis şöbəsinə gedib Nicat Şirinovla əlaqə saxlasam da, məni qəbul etmədi. Mənə qapıda duran növbətçi vasitəsi ilə təkrar dedi ki, 5 yanvarda məhkəməyə gələrsən. Bu barədə səs yazısı telefon danışığında da qeydə alınıb. Aidiyyati orqanlar istəsələr, səs yazısını da çıxartdıra bilərlər”.

"Məni qəbula buraxmadılar”

Xudaverdi Bədirov qeyd edir ki, bundan sonra rayon polis rəisinin qəbuluna iki dəfə getsə də, pandemiyanı əsas gətirərək qəbula buraxmayıblar: "Müşahidəmə əsasən, deyə bilərəm ki, həmin vaxt məndən başqa gələn hər kəs qəbula buraxılırdı. Bundan başqa öyrədilmiş bir qrup şəxslər- Qafarov Fəxrəddinin oğlu Elməddin və onun əmiləri Qafarov Şayətdinin, Ələddinin oğlanları, ən nəhayət, Fəxrəddinin dayısı oğlu Rövşən, onun oğlu, həmçinin dayısı qızı, təxminən 30 nəfərlik dəstə şəklində həyətimin çəpərindən keçərək oğlum Bədirli Qəhrəmanı və məni döydülər. Lakin döyülən mən və oğlum olmasına baxmayaraq, şikayət vermədik. Elə həmin gün onların şikayəti əsasında məni polis bölməsinə çağırdılar. Məni və oğlumu polis şöbəsindən Rəşad adlı polis əməkdaşı dindirdi. Ona dedim ki, axı həyətinə hücum olunan və döyülən bizik. O da əsəbi halda dedi ki, bəs niyə şikayət etmədin? İzah etdim ki, şikayəti özümə sığışdırmadım. O isə danışıqlarım əsasında nələrsə yazıb mənə məcburi şəkildə, övladımı həbs etmək hədəsi ilə imzalatdırdı. Bu hadisə qarşı tərəfin mənim əmlakımı məhv etməsinə övladımın normal etirazı ilə başlamışdı. Mən polis şöbəsində tələb etdim ki, hadisə yerinə, yəni mənim həyətimə baxılsın. Çünki orada hücum edən dəstənin talançılıq fəaliyyəti və palçığa batan ayaqqabıları qalmışdı. Təkrar həyətimə girişlərinə imkan vermədiyim üçün ayaqqabılarını sonradan götürə bilməmişdilər. Lakin polis şöbəsində mənim tələbimə baxılmadı. Bunun yerinə isə qanunsuz və araşdırılmadan tərtib edilmiş bir sənəd qəbul edilib. Sənəddə guya mənim 1.5 hektar yonca sahəsini qamarladığım və ev tikdiyim yazılır. Halbuki həmin ərazidə, ümumiyyətlə, 1.5 hektarlıq yonca sahəsi yoxdur. Bu fakt bir daha hadisə araşdırılmadan qanunsuz yolla qərar qəbul edildiyini göstərir. Bu və bunun kimi bir sıra əsassız ittihamlarla məni təhdid edirlər. Yuxarı icra orqanlarına hər dəfə də şikayət ərizəsi yazıram, bunlar da cavab olaraq onlara bildirirlər ki, Bədirov Xudaverdinin şikayəti təmin olunub. Halbuki heç biri təmin olunmayıb”.

Ümid edirik ki, aidiyyati qurumlar bu məsələni diqqətdə saxlayacaq və ədalətli qərarlar verəcəklər.

Əli Bədir





Həftənin ən çox oxunanları