Yuxarı

Yeni dünya: Ağ Ev ucuz dollarla bazarı fəth edəcək

Yeni dünya: Ağ Ev ucuz dollarla bazarı fəth edəcək

Yeni dünya: Ağ Ev ucuz dollarla bazarı fəth edəcək

2021-ci ilin ilk günləri ABŞ dollarının mövqeyində zəifləmə müşahidə olunur.

Ekspertlərin fikrincə, bu qlobal iqtisadiyyatın bərpasına olan ümidlərin riskli aktivlərə tələbatı artırması ilə bağlıdır. Satınalma menecerlərinin Avropada və Asiyada sənaye fəaliyyətinin sürətlənməsi barədə sorğularından sonra dollar əsas valyutalara qarşı mövqeyini itirib və son üç ildə onun indeksi ən aşağı səviyyəyə düşüb . Avro dollar qarşısında 0.7 faiz bahalaşıb. Avropa Birliyi valyutası sonuncu dəfə iki il öncə dollar qarşısında belə möhkəm olub.

Dollar həmçinin, Çin yuanı qarşısında 2018-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə enib. Koronavirusun sürətlə yayılması ilə bağlı narahatlıqların azalması bazarda qızıla və səhmlərə tələbatı artırıb. Koronavirusa qarşı peyvəndin başlaması investorları həvəsləndirib və iqtisadi fəallığın genişmiqyaslı artımı üçün stimul yaradıb. Bu isə ABŞ valyutasının təhlükəsizlik yastığı olması barədə arqumenti aradan qaldırır. Ona görə də dolların kursunda 2017-ci ildən bəri ən çox enmə halı qeydə alınıb. "Bloomberg”in məlumatına görə, dolların indeksi 2018-ci ilin fevralından bəri 0,5 faizə düşüb ki, bu da ən aşağı səviyyə hesab olunur. 2020-ci ilin fevral ayında isə bu göstərici 5,5 faizə enmişdi.

"Futures” Əmtəə Ticarət Komissiyasının məlumatına görə dekabr ayının son həftəsində valyuta satmaq üçün spekulyativ yanaşmalar son on ildə ən yüksək həddə çatıb.

Honqkonqdakı "Canadian Imperial Bank of Commerce”in mütəxəssisi Patrik Bennetin fikrincə, gəlirlərin azalması və kəsirin ikiqat artması ilə əlaqədar zəifləməsi dollara təzyiq göstərir. Bu halda ABŞ valyutası üçün Çin yuanı benifisiar ola bilər. Artıq 2018-ci ilin iyun ayından bəri ilk dəfə olaraq, Çin yuanının məzənnəsi ABŞ dollarına nisbətdə 1,1 faiz yüksəlib. Yuanın dollar üzərindəki gəlir üstünlüyü, kapital axınını da stimullaşdırır. "Bloomberg”in 63 beynəlxalq şirkət, strateq və treyder arasında keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ-ın yeni pul emissiyası 2021-ci ildə risk həvəsi yaratmaq üçün həlledici amil olacaq. ABŞ qanunvericiləri dünyanın ən böyük iqtisadiyyatını canlandırmaq üçün yanvar ayında 1 trilyondan 2 trilyon dollaradək təkliflər paketini təsdiq edəcək. Dünyanın ən böyük maliyyə qruplarından biri olan "Morgan Stanley”nin qlobal strateqi Ruçir Şarmanın sözlərinə görə, ABŞ-ın böyük borc və büdcə kəsirləri ilə əlaqədar dollar dünyanın ehtiyat valyutası statusunu itirir.

"Bitcoin” tədricən beynəlxalq ödəmələrdə və "ehtiyat yastığı” kimi onu əvəz edir. "Deutsche Bank”ın mütəxəssisləri hesab edir ki, "Bitcoin”nın dəyərindəki anormal artım və ona olan kəskin tələb investorların saxladıqları vəsaiti yalnız böhran itkilərindən deyil, həm də ABŞ-dan və AB-də gələn inflyasiya təhlükəsindən qorumaq istəyi ilə bağlıdır. 2020-ci il dekabrın 1-də adıçəkilən kriptovalyutanın məzənnəsi 19 829 dollara bərabər idisə, 2021-ci il yanvarın 6-da prezident Trampın ABŞ Konqresinin binasına hücumundan sonra "Bitcoin”un dəyəri 36 min dolları ötüb. Halbuki, mart ayında koronavirus pandemiyası başlayanda "Bitcoin” 4783 dollara satılırdı. Buna baxmayaraq, ABŞ dolları dünya valyutaları sırasında aparıcı yerini saxlayır. 2020-ci ilin 11 ayının məlumatına görə, ABŞ dolları dünya valtuya ehtiyatının 62 faizini təşkil edir. Bu, 6,9 trilyon dollar deməkdir. 2019-cu ildə bu göstərici 63 faiz olub. İkinci sırada isə avro yer alır. Beynəlxalq valyuta ehtiyatının 20 faizi avroda saxlanılır. Qeyd edilən vəsaitin həcmi 2,28 trilyon dollara bərabərdir. 2019-cu illə müqayisədə avronun mövqeyində dəyişiklik baş verməyib.

Üçüncü yeri isə 5,75 faizlə Yaponiya ieni tutur. Bu 648 milyard dollara bərabərdir. Dördüncü pillədə 4,46 faizlə Britaniya funt sterlinqi qərarlaşıb. Bu, ABŞ valyutası ekvivalentində 500 milyard dollar təşkil edir. Çinin dünya valyuta ehtiyatında payı isə 2,05 faiz və ya 230 milyon dollar həcmindədir. Dolların mövqeyinin zəifləməsinə təbii ki, ABŞ-da keçirilmiş prezident seçkilərinin təsiri də az olmayıb. Donald Trampın prezidentliyi dövründə dolların möhkəmlənməsi rəqiblərə qarşı aparılan ticarət müharibəsinin əsas elementlərindən biri idi. Lakin Trampın bu siyasəti böyük investisiya şirkətlərini qane etmirdi. Ona görə də Baydenin iqtisadiyyatda vəd etdiyi islahatların tərkib hissəsi kimi ucuz dollar sərmayə kimi xarici bazarlara ayaq aça bilər. Co Baydenin prezident seçkilərindəki qələbəsindən sonra analitiklər dollar siyasətində yunşalmanın gözlənildiyini təxmin etməyə başladılar. Amerika valyutasının ucuzlaşması bir il ərzində avroya nisbətən 10 faizə çata bilər. Ancaq müşahidəçilər hesab edir ki, bu fikri konsensus adlandırmaq olmaz. Co Bayden administrasiyası zəif dollarla inkişaf etməkdə olan bazarlara daha çox investisiya axını etməyə üstünlük verir. Bayden Trampdan miras qalmış büdcə kəsirini aradan qaldırmağın yolunu vergiləri artırmaqda görür. Tramp administrasiyası dövründə ölkədə biznes qurmağa təşviq edən vergi güzəştləri var idi.

Prezident Bayden isə vergilərin artırılmasını təklif edir. Beynəlxalq iqtisadçıların rəyinə görə, bu halda xarici investisiyalar ABŞ-ı tərk edəcək və nəticədə dollar zəifləyəcək. "Renaissance Capital”ın baş iqtisadçısı Çarlz Robertson hesab edir ki, pandemiya inkişaf etməkdə olan bazar valyutaları üçün səkkiz il düşmə tendensiyasını bərpa etməyə kömək edə bilər. O, qeyd edir ki, 2021-ci ildən etibarən ABŞ-a birbaşa xarici sərmayə axınının dayandırılacaq və 2022-ci ildən etibarən dünyanın digər bölgələrinə yönəldiləcək. İkinci amil Çinlə ticarət müharibəsidir. Mütəxəssislər Baydenin bu savaşı tamamilə dayandıracağına inanmır. Bu, inkişaf etməkdə olan ölkələrin valyutaları üçün artım və dollar üçün təzyiq amilinə çevrilə bilər. Üçüncü səbəb avronun dollara nisbətdə bahalaşmasıdır. Co Bayiden bu trendə töhfə vermək üçün AB ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları