Yuxarı

Hande Harmançının "yumşalma narahatlığı”: "Onlara qalsa, Azərbaycan daim karantində yaşayar”

Hande Harmançının

Hande Harmançının

"Dünyada hər kəs pandemiyadan qurtulmadıqca tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Hazırda Azərbaycanda vəziyyət stabilləşib və yumşalmalara gedildi. Lakin bunu unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitib".

Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

"Yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Pandemiyanın dinamikası belədir.

Belə ki, qapanmalara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma saylarında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik”, - o bildirib.

Məlumdur ki, ötən ilin mart ayından etibarən ölkəmizdə koronavirus pandemiyasının yayılması ilə bağlı müxtəlif formalı karantin rejimləri tətbiq olunur. Tətbiq olunan məhdudiyyətlər əhalinin maddi durumuna ciddi olaraq təsir edir, vətəndaşların gəlirləri azalır. Vətəndaşların bir qrupu isə ümumiyyətlə çıxılmaz vəziyyətə düşür.

Hökumətin pandemiyanın sosial təsirlərini önləmək üçün gördüyü tədbirin isə əhalinin kiçik bir qrupunu əhatə etdiyini demək olar. Ümumdünya Səhiyyə Təşkilatının mövqeyinə gəldikdə isə, qeyd etmək olar ki, pandemiyanın dünyada vüsət almağa başladığı ötən ilin mart -aprel aylarından fərqli olaraq indi təşkilat tərəfindən heç də ciddi qapanmalar, karantinlə bağlı çağırışlar edilmir ki, bu yanaşma da təbii qəbul olunur. Yalnız təşkilatın Azərbaycan nümayəndəliyinin mövqeyi dəyişməz olaraq qalmaqdadır.

Həkim terapevt Rasif Bağırov da məhdudiyyətlərə ehtiyac görmür.

O, "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, yalnız maska taxılması ilə bağlı qaydalara ciddi nəzarət olmalıdır:

"Maska taxılması ilə bağlı cərimələr qalmaqla digərləri ləğv olunarsa, ciddi artım olmayacaq. Bəlkə yoluxma indiki səviyyədən də aşağı düşəcək. Virusa yoluxanlar da sağalacaq və məsələ bitəcək. Burada əsas rol oynayan maskadır. Bir də insanların həddindən artıq yaxın oturduqları tədbirlər problem yarada bilər - məsələn, toylarda stolları o qədər bir-birinə yaxın qoyurlar ki, insanlar ağız-ağıza oturur”.

Terapevt tətbiq olunan bəzi məhdudiyyətlərin məntiqli olmadığı qənaətindədir:

"Məsələn, marketlərdə sıxlıq yaranır, insanlar kassaların qarşısında növbəyə dayanır, amma ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilmir. Əslində, ticarət mərkəzlərində marketlərdəki qədər sıxlıq olmur.

"Mollar”da nə qədər sıxlıq yaranacaq ki? Camaatın pulu var, gedib nəsə ala...Digər tərəfdən metronun bağlanması tamamilə səhv addımdır. Sadəcə insanları metrosuz qalmağa öyrəşdirirlər, bilinmir ki, bunda məqsəd nədir. Sadəcə intensivlik təmin edilməlidir - qatarlar 2 dəqiqədən yox, 1 dəqiqədən bir gəlsin. Uşağa da məlumdur ki, sıxlığı aradan qaldırmaq üçün nəqliyyat vasitələrinin sayı çoxaldılmalıdır. Bizdə isə metroya qadağa tətbiq etməklə əksinə sayı azaldırlar. ÜST-nin Azərbaycan nümayəndəliyinə qalsa, Azəbaycan daim karantində qalar. Nümayəndəliyin etdiyi çağırışların heç bir əsası yoxdur. Dünyanın hər yerində şərtlərə əməl etməklə kütləvi tədbirlərə icazə verilir. Azərbaycanda stolların arasında məsafəni təmin etməklə toylara da icazə vermək olar. Şadlıq saraylarına nəzarət etməklə buna icazə vermək olar”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları