Yuxarı

DYP: "Əlillərin sürücülük vəsiqəsi olmasa, onlar avtomobil idarə edə bilməz"

DYP:

masin ƏƏSMN: " Yararsız halda olan, istismar müddəti bitən avtomobillər əlillərdən geri alınmır "   Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlili və onlara bərabər tutulan 100 nəfər şəxsə minik avtomobili təqdim edib. İndiyədək ölkədə dövlət büdcəsi hesabına 5550 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. Onların 1.733 nəfərinə məhz 2014-cü il və bu ilin ötən dövründə minik avtomobili təqdim edilib. Son bir ayda 200 nəfər müvafiq şəxsə minik avtomobili verilib. Təkcə oktyabrın ayında minik avtomobili ilə təmin olunanların 54 nəfəri Qarabağ müharibəsi, 9 nəfəri Böyük Vətən müharibəsi  əlilidir. Onlardan 15 nəfəri  Çernobıl və 1 nəfəri 20 Yanvar əlilidir. “Cumhuriyət” qəzeti əlillərin minik avtomobili ilə təmin olunması prosesinin qanunla necə tənzimlənməsini, əlilliyi olan şəxslərə sürücülük vəsiqələrinin verilməsi, bu maşınları alan şəxslərin bu hüquqlara malik olub-olmadığını, eləcə də bu qəbildən olan bir sıra suallarla bağlı dövlət qurumlarının rəsmi şəxsləri ilə söhbət aparıb. Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyir ki, nəqliyyat vasitəsini idarə etmək istəyən, sükan arxasında olan istənilən şəxsin nəqliyyat vasitəsi idarə etmək üçün sürücülük hüququ olmalıdır: “Bu hüququ təsdiq edən sənəd sürücülük vəsiqəsidir. Əlillərin sürücülük vəsiqəsi olmasa, onlar avtomobil idarə edə bilməz. Sürücülük vəsiqəsinin alınması üçün şəxs mütləq tibbi arayış təqdim etməlidir. Əgər səhiyyə orqanları hər hansı bir şəxsə müvafiq kateqorialı nəqliyyat vasitəsi idarə etməyə icazə verən tibbi arayış verirsə, təcrübi və nəzəri imtahanlardan sonra, o sənədin əsasında həmin şəxsə müvafiq kateqoria üzrə sürücülük vəsiqəsi verilə bilər. Burda göstərilmir ki, şəxs müharibə əlilidir və ya anadangəlmə əlildir. Hansısa avtomobili idarə etməyə qadir olmasını təsdiq edən tibbi arayış varsa, həmin şəxslər sürücülük vəsiqəsi almaq üçün imtahana buraxıla bilər. Əlilliyi olan şəxslərə avtomobil veriləndə ona, o, avtomobili satıb-satmamaq haqqında icazə verilməsi qeyd olunub”. Dövlət Sosialı Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, əlillərə verilən avtomobilin sənədləşməsində yazılır ki, özəlləşdirilə bilməz: “Etibarnamə ilə avtomobili kiməsə idarə etməyə verə bilər, ancaq kiminsə adına keçirilə bilməz. Yararsız halda olan, istismar müddəti bitəndən sonra avtomobillər geri alınmır, onların istifadəsində qalır. Nəzərdə tutulmuşdu ki, bu il növbəyə duranların hamısı avtomobillə təmin olunandan sonra, onların yenilənməsi məsələsi qaldırılsın. 2014-cü ilin yanvar ayında növbəyə duran əlillərin hamısı avtomobillə təmin olundu. Biz gözləyirdik ki, yenidən müraciət edən olmayacaq. Amma çoxlu sayda yenidən müraciət edənlər oldu. Növbəyə duranlar bitməlidir ki, istismar müddəti başa çatan avtomobillərin yenilənməsi məsələsinə yenidən baxılsın. Hazırda istismar müddəti başa çatan avtomobillər istifadədir. Avtomobili yararsız hala düşənlər, yenidən növbəyə durmurlar”. Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyir ki, əlillərin hüquqları haqqında Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş müvafiq konvensiya var: “Qanuna əsasən sağlamlığı məhdud olan insanlar üçün elə şərait yaradılmalıdır ki, onlar özlərini başqalarından fərqli olduqlarını hiss etməsinlər. Bu sənəd birbaşa dövlətin üzərinə vəzifə qoyur ki, o şəxslər sosial nemətlərdən istifadə etməklə yanaşı, hətta əlil olduqlarını heç vaxt hiss etməsinlər. Azərbaycan qanunvericiliyinə görə, əlilliyi olan şəxslərə avtomobil bağışlana bilər. Buna uyğun olaraq Nazirlər Kabinetinin, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarında kimlərə və hansı meyyarlar əsasında əlillərə avtomobil verildiyi göstərilir”. Ekspertin fikirlərinə görə, yol hərəkəti qaydaları baxımından əlillərin avtomobil idarə etməsində heç bir problemi yoxdur: “Əgər əlilin sağlamlıq imkanı sürücülük üçün yayarlıdırsa, o da hamı kimi təhsil alır, imtahan verib sürücülük vəsiqəsinə malik olur. Azərbaycanda istənilən şəxsin avtomobil idarə edə bilməsinə hüquq verən yeganə sənəd, sürücülük vəsiqəsidir. Burada heç bir güzəşt və ayrıseçkilik yoxdur. Əgər şəxs sürücülük vəsiqəsini ala bilirsə, o, avtomobili özü idarə edə bilər. Hər hansı səbəbdən sürücülük vəsiqəsi yoxdursa və yaxud şəxs özü avtomobil idarə etmək istəməsə, o, avtomobilin idarə edilməsini etibarnamə ilə istədiyi şəxsə verə bilər. Bu, onun hüququdur. Avtomobil ona hədiyyə verilib. Ərşad Hüseynov həmin avtomobillər üçün müəyyən olunmuş konkret sınaq müddəti olmadığın bildirib: “Şəxslər həmin avtomobilləri qeydiyyatdan çıxarmaq istəsələr, çıxara bilərlər. Əgər avtomobil yol hərəkəti qaydalarına və texniki standartlar uyğundursa, avtomobilin idarəsi nəzəri cəhətdən mümkündür. Bu dəqiqə küçələrdə 50-ci illərin avtomobilləri var. Əgər texniki cəhətdən saz deyilsə, qeydiyyatdan çıxarıb təkrar metal emalına vermək olar”. Ekspert əlil avtomobilləri ilə bağlı kifayət qədər qəzalar baş verdiyini də vurğulayıb: “Həmin statistikanın görünməməsinin səbəbi odur ki, Azərbaycanda əlillərə verilmiş avtomobillərin sayı, ümumi avtomobillərin sayından azdır”.   Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları