Yuxarı

“Rusiya Türkiyənin nəbzini yoxlayır”

“Rusiya Türkiyənin nəbzini yoxlayır”

[caption id="attachment_385" align="alignleft" width="260"]Elxan Şahinoğlu Elxan Şahinoğlu: “Türkiyə cənubdan da Rusiya ilə sərhəd olur”[/caption] Rusiya qırıcılarının ikinci dəfə Türkiyənin hava məkanını pozması vəziyyəti bir az da gərginləşdirib. Rusiya bunu texniki xəta kimi təqdim etsə də, Putinin son açıqlaması bunun əksini deməyə əsas verir. Putin Rusiyanın 1-ci kanalına müsahibəsində Ərdoğana xitabən belə deyib: “Suriyaya girə bilərsiniz, amma çıxa bilməzsiniz. İŞİD neçə illərdir sizinlə qonşudur və orda baş kəsir, insanları diri-diri yandırır. Türkiyə bu hadisələrə görə qəti narahat olmadı. İŞİD orda zərbə aldıqca Türkiyə narahat olur. Bilmirəm İŞİD ilə nə əlaqələri var, ya yoxdur. Açıq deyirəm, Türkiyə Suriyaya girərsə, qarşısında yalnız Suriyanı deyil, bizi də görər”. Rusiya prezidentinin bu açıqlamasından da göründüyü kimi, Türkiyə hava məkanının pozulması təsadüf hesab edilmir və bunun Türkiyəyə verilən bir mesaj olduğu daha çox ağlabatandır. Türkiyənin Xarici İşlər Nazirliyi daha öncə Rusiya hərbi təyyarəsinin şənbə günü Türkiyənin Suriya tərəfdən Hatay əyalətində Yayla dağı rayonu ərazisində hava məkanını pozduğunu bildirmişdi. Türkiyədəki Rusiya səfirliyinin press-attaşesi İqor Mityakovun sözlərinə görə, Moskvada Türkiyə səfirliyinə bu hadisə ilə əlaqədar lazımi izahat verilib. Türkiyənin baş naziri Əhməd Davudoğlu öz növbəsində hadisənin ölkələr arasında gərginliyə səbəb olmayacağını bildirib. Onun sözlərinə görə, Moskva Ankaraya Rusiya Federasiyası hərbi təyyarələrinin Türkiyənin hava məkanını yanlışlıqla pozduğunu bildirib və belə hadisələrin bir daha təkrarlanmayacağına əmin edib. RF-nın rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya aviaqrupuna bunun heç bir aidiyyatı yoxdur. O, “Hmeymim” aviabazasında bu qəbildən olan təyyarələrin olmadığını vurğulayıb. Rusiya bildirib ki, hadisə “naviqasiya xətası” ilə bağlıdır və onlar məsələni Ankaraya “izah ediblər”. Türkiyə ikinci pozuntunun bazar günü baş verdiyini bəyan edib. Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu hadisəni rusiyalı həmkarı Sergey Lavrov və NATO-dakı tərəfdaşları ilə müzakirə edib. Rusiya Federasiyası Müdafiə Nazirliyi isə Türkiyə hava məkanının pozulması ilə bağlı hadisəyə qeyri-sabit hava şəraitinin səbəb olduğunu deyib: “Belə halların təkrarlanmaması üçün bütün zəruri tədbirlər görülüb”. “Türkiyə təyyarələri vurmaq hüququna malikdir” ABŞ dövlət katibi Con Kerri bildirib ki, Türkiyə təyyarələri vurmaq hüququna malikdir. NATO, Rusiyadan “Suriya müxalifətinə və dinc sakinlərə” havadan hücumları dayandırmağı tələb edib. Son günlər Türkiyə və bəzi Qərb ölkələri Rusiyanın Bəşər Əsədin tərəfindən Suriyadakı münaqişədə hərbi iştirakını pisləyib. Britaniya baş naziri David Kameron isə bildirib ki, Rusiya İslam Dövləti (İD) qruplaşmasına zərbələr endirmir, əvəzində “Əsədin cəlladlarına” kömək edir. BBC-yə müsahibəsində Kameron bunu “qorxunc səhv” adlandırıb və Rusiya prezidentini “kursu dəyişməyə” və İD-ə qarşı mübarizədə ABŞ və Britaniyaya kömək etməyə çağırıb. Ağ Evin mətbuat katibi Coş Ernest Vaşinqtonda gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, NATO müttəfiqləri Türkiyənin hava sərhədlərinin pozulmasını aktiv müzakirə edir. "Biz Rusiya təyyarəsinin Türkiyənin hava sərhədlərini pozmasını provokasiya kimi qiymətləndiririk və bundan böyük narahatlıq hissi keçiririk” - deyən Ağ Ev sözçüsü onu da bildirib ki, Rusiyanın bu cür hərəkətləri regionu dini müharibəyə sürükləyə bilər. "Rusiya Əsəd rejiminə yardımını genişləndirir, müxalifəti isə bombalayır. Hətta Iran Silahlı Qüvvələrilə əməkdaşlığı barədə informasiyalar var. Bununla da Rusiya mülayim sünniləri özünə qarşı qaldırır. Bu isə ondan ötrü böyük risqdir. O, bu qüvvələrin hədəfinə çevrilir. Unutmayaq ki, Rusiyanın özünün də müsəlman əhalisi azlıq təşkil etmir” - deyə Ernest bildirib. ABŞ Xarici Işlər Nazirliyinin rəsmisi Mark Toner isə gündəlik brifinqdə Rusiya təyyarəsinin Türkiyə hava məkanına müdaxiləsini məsuliyyətsizlik adlandırıb. "Açığını deyim ki, biz bu hərəkəti həm təhlükəli, həm provokativ, həm də ağılsızlıq kimi qiymətləndiririk. Bu həm də pilotların həyatını riskə atmaq deməkdir” - deyə Toner bildirib. NATO Rusiyanın addımını qəbuledilməz hesab edir NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyasının Türkiyənin hava məkanını pozmasını qəbuledilməz sayır. Baş katibin mövqeyini Alyansın mətbuat xidməti açıqlayıb. “NATO üçün Türkiyənin təhlükəsizliyi çox vacibdir. Mən bu gün bölgədəki vəziyyəti müzakirə etmək üçün Şimali Atlantika Alyansının şurasını çağıracam. Rusiyanın hərəkətləri bölgədə təhlükəsizliyi və stabilliyi pozur. Mən Rusiyanı NATO-nun hava məkanını pozmamağa və Alyansla münasibətlərdə gərginliyi artırmamasına çağırıram” NATO-nun nizamnaməsinin 5-ci maddəsində belə yazılır: “Tərəflər razılaşırlar ki, Avropa və ya Şimali Amerikada onlardan biri və ya bir neçəsinə qarşı edilmiş silahlı hücum onların hamısına edilmiş hücum hesab ediləcək və nəticə etibarilə onlar razılaşırlar ki, belə bir silahlı hücum baş verərsə, onlardan hər biri BMT Nizamnaməsinin 51-ci Maddəsinə uyğun olaraq fərdi və kollektiv özünümüdafiə hüququndan istifadə edərək, hücuma məruz qalmış Tərəf və ya Tərəflərə dərhal fərdi və digər tərəflər ilə birgə Şimali Atlantika ərazisinin təhlükəsizliyinin qorunub saxlanılması və bərpa edilməsi naminə silahlı qüvvələrdən istifadə də daxil olmaqla ehtiyac duyulan tədbirlər şəklində yardım edəcək”. “Türkiyəni çox qıcıqlandırmaq olmaz” Məsələni şərh edən politoloq Elxan Şahinoğlu isə bildirib ki, Türkiyənin hava sərhədlərinin Rusiya qırıcıları tərəfindən pozulması heç də təsadüfi hadisəyə oxşamır: “Çünki qardaş ölkənin hava sərhədi iki dəfə pozulub. Bir dəfə pozulsaydı, düşünmək olardı ki, hadisə Rusiya Müdafiə Nazirliyinin bildirdiyi kimidir. Yəni havadan sərhəd pozuntusu hava şəraitindən qaynaqlanıb. Amma bu hal iki dəfə təkrarlanırsa, burada nəbz yoxlaması var. Rusiya Türkiyənin nəbzini yoxlayır. Belə çıxır ki, Türkiyə cənubdan da Rusiyaya sərhəd olur. Əgər Bəşər Əsəd Rusiya təyyarələrinin Suriyaya gəlişinə izn verirsə, bu o deməkdir ki, qardaş ölkə bundan sonra Rusiya ilə ikili qonşu olacaq. Bu həm də Rusiyanın Türkiyəyə mesajıdır. Kreml Ankaraya bildirmək istəyir ki, artıq qarşısında Rusiya ordusu da var”. Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, bu sərhəd pozuntusuna görə, Rusiya-Türkiyə münasibətləri pozula bilər. Politoloqun sözlərinə görə,  Rusiyanın özü də anlayır ki, Türkiyəni çox qıcıqlandırmaq olmaz: “Çünki bu iki ölkənin böyük ortaq enerji layihələri var. Bunların bir neçəsi tikilib, hətta yeniləri də tikilir. Ticarət dövriyyələri 100 milyard dollara çatmaqdadır. Türkiyə bunlardan imtina etsə, ən böyük zərbə elə Rusiyanın özünə və iqtisadiyyatına dəyəcək. Ona görə də Rusiya çalışmalıdır ki, bu hava pozuntuları sonuncu olsun.  Axırıncı olmasa, Türkiyə baş nazirinin də dediyi kimi, reaksiya çox sərt olacaq. Hətta Rusiya təyyarəsi vurula bilər. NATO da bu məsələdə Türkiyəyə tam dəstək verir”. Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl isə “Trend”ə deyib ki, Türkiyə və Rusiya arasında fikir ayrılığı əsl problemə çevrilir. P.Qobl bildirib ki, Rusiyanın hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması bunun ilk sübutudur. Ekspertin fikrincə, mövcud vəziyyət Azərbaycana Türkiyə və Rusiyaya münasibətdə balanslaşdırılmış siyasət yürütməyə maneə törədir: "Türkiyənin Rusiyadan ayrıldığı bir vaxtda Azərbaycan Rusiya ilə yaxınlaşır". Cavad





Həftənin ən çox oxunanları