Yuxarı

Ailədə uşağın istəyi nəzərə alınmalıdır

Ailədə uşağın istəyi nəzərə alınmalıdır

[caption id="attachment_1208" align="alignleft" width="261"]lale mehrali Lalə Mehralı: “Uşaqların nəzərində səhərdən axşamadək işləyən valideynləri hissiz-duyğusuz robotlardır”[/caption] Zaman irəlilədikcə, elm və texnologiya inkişaf etdikcə, yaşam tərzimiz də dəyişir, insanlar fərqli ampluada doğulur, yaşlanır. İşləyən valideynlər və belə ailələrdə böyüyən uşaqlar indi ən çox müzakirə olunan mövzudur. Düzdür, qadınların cəmiyyətdə önəmli yer tutması həmişə alqışlanmalıdır, amma bu mövqe körpənin gələcəyini mənfi mənada formalaşdıracaqsa, bir az düşünmək lazımdır. Körpə doğular-doğulmaz onu ya dayəyə, ya da qohumlardan birinə əmanət edən analar bizim cəmiyyətimizdə az deyil. Bunun nəticəsində dağılan ailələr var. Lakin bu problemlərin həlli üçün psixoloq məsləhətinin vacibliyi bizdə çoxlarının ağlına gəlmir. Hətta psixiatrla psixoloqu qarışdıran da çoxdur. Ailə institutu, ailə-cəmiyyət münasibətləri, uşaq tərbiyəsi kimi vacib məsələlər, bu sahədə yaranan problemlər və onların həlli yolları ilə bağlı psixoloq Xatirə Səfərova ilə müsahibəni dəyərli oxucularımıza təqdim edirik.   - Xatirə xanım, valideynlərin işi ailə xoşbəxtliyinin axsamasına səbəb ola bilərmi? - Aparılan araşdırmalara görə, uşaq dunyaya gəldikdən 6 saat sonra beynində “mən güvəndəyəmmi?"-deyə bir informasiya dolaşır və bu informasiyanı ailə üzvləri sevgi çərçivəsində, ailədəki mehriban aura şəklində qarsılayırlarsa, o zaman uşaqda daxili güvən hissi yaranır. Əgər ana övladını dayəyə və ya hansısa yaxınına verib özü işə çıxarsa, uşağın beynində yaranmış bu informasiya itir və özünü tam narahat hiss edir. Körpə hərəkətləri ilə bunu açıq-aydın göstərir, Daha aydın desək, körpənin bütün həyatını etkiləyəcək güvənsizlik hissi valideyn və ətraf mühit tərəfindən aşılanır. Ümumiyyətlə, 3 yaşa qədər uşaq ananın sevgi və qayğısı il böyüməlidir. Ana bətnində 9 ay isti mühitə adaptasiya olunmuş uşaq  dunyaya gələndə də bu isti münasibəti hiss etmək istəyir. Qəti şəkildə bildirirəm ki, heç olmasa 18 ayı bitənə qədər uşağı bu sevgidən məhrum etmək olmaz. Bu səbəbdən də ailədə uşaq dunyaya gələndən sonra ana onu başqasına əmanət edirsə, elə ilk etapda uşaq psixoloji travma alır. Bu isə onun gələcəyinin strukturunun bütövlüklə mənfi enerji ilə qurulmasına səbəb olur. İşləməyə məcbur olan valideynlər bunu qəbul etməsələr də, bu, elmi araşdırmaların nəticəsidir. Uşağın psixologiyasında güvənsizlik prizması onun immun sistemini də zəiflədir və tez-tez xəstələnməsinə səbəb olur. Yaxşı olar ki, ailə modeli öncədən sağlam xətt üzərində qurulsun ki, sağlam düşüncəli və sağlam psixologiyalı övladların sayı çox olsun. - Uşağın tərbiyəsində və psixologiyasında kim daha mühüm rol oynayır - ata, yoxsa ana? - Təbii ki, ana mühüm rol oynayır. Bəli, atanın rolu nə qədər vacib olsa da, ana birbaşa övladı ilə daimi ünsiyyətdə olduğu ücün onun sağlam düşüncədə, sağlam təməllə də böyüməsində birbaşa ana mühüm rol oynayır. Bu səbəbdən də, ana hamiləlik dövründən necə sağlam qidalanmalıdırsa, eləcə də ruhunu da faydalı bəsləməlidir. Bu ən önəmli faktordur.  Sübut olunub ki, stress zamanı hormonlar ananın böyrəyindən süzülərək, qana “katexolamin”, yəni stress hormonları göndərir. Bətndəki uşağın tərbiyə və psixologiyasında mənfi xarakterlər formalaşır. Müsbət emosiyalar zamanı isə hipotalamik struktur "endorfin", yəni sevinc və sakitləşdirici hormonlar ifraz edir. Sadəcə, bu göstərici ilə uşağın tərbiyəsində və psixologiyasının formalaşmasında "Ana" faktorunun önəmli olmasının şahidi oluruq. Təəssüf edirəm ki, bizim cəmiyyətimizdə bunu anlayan analar barmaqla göstəriləcək qədər azdır. - Sağlam və problemsiz övlad böyütmək üçün müasir ailə modeli necə olmalıdır? - Ümumilikdə ailə modeli məkanından asılı olmayaraq sağlam motiv üzərində qurulmalıdır. Mental düşüncələrin həddindən artıq qatı olması insan psixologiyasına və həyatına olduqca pis təsir edir. Gəlin, Azərbaycanda qurulmuş bir neçə ailə modelinə nəzər salaq. Qaynana-gəlin münasibətləri, əri qadını döyursə və təhqir edirsə, bu təhqirlərə dözmək prinsipi, öz haqlarını qorumaqdan qorxaraq "camaat nə deyər" yanaşmaları nəinki ananın və eyni zamanda uşağın gələcəyinə də mənfi təsir göstərir. Gerçək olan budur ki, qadın ona edilən zülmün “heyfini” uşaqdan çıxır. Ya döyür, ya söyür, ya da cəzalandırır. Bu bizim cəmiyyətin gerçəkliyidir, ananı maraqlandıran cəmiyyətin onun haqqında nə düşünməsidir, övladının psixologiyası barədə isə heç düşünmür, ya da bu barədə heç anlayışı yoxdur. Uşaq gözünü açıb ailədə ananın təhqir olunduğunu görürsə, gələcəkdə hansı sağlam psixologiyadan danışmaq olar? Tipik azərbaycanlı ailəsində hər kəs öz huquqlarını qorumağı bacarmalıdır. Ən əsası ailədə sağlam davranışlar qurulmalıdır ki, uşaqlar əzab çəkməsinlər və bu, gələcəkdə narkomaniyaya, pozğun hərəkətlərə və eyni zamanda psixologiyasının pozulmasına yol açmasın. - Ata-ananı məşğul edən işlərə uşağın baxışı necədir? Uşaqlar fikirlərini necə ifadə edir və ya edə bilirmi? - Bu, bizim cəmiyyətin ən ağrılı problemidir. Uşağın istəyi nəzərə alınmır. Elə ailələr var ki, qadın da, kişi də yalnız gecələr bir-birinin üzünü görür, uşaq ya yatılı məktəbdə, ya da nənə-babanın yanında böyüyür. Uşaqlar valideynlərin davranışlarından razı qalıb və ya qalmadıqlarını sözləri ilə yox, hərəkətləri ilə göstərirlər. Uşaqlarda bu, daha çox təhlükəli yaş dövrlərində baş verir, hiperaktiv hərəkətlərlə, aqressiya, küskünlüklə, özünə qapanmaqla, digərləri ilə danışmamaqla özünü ifadə etməyə çalışırlar. Uşaqlar valideynlərini daim ətraflarında görmək istəyirlər. Heç bir uşaq səhərdən-axşamacan işləyən valideyni sevmir. Bu zaman uşaqlarda belə bir fikir formalaşır: “valideynlər işi daha çox sevir”.  Buna görə də uşaq öz mesajını bu formada davranışlarla  valideynlərinə göndərərək kömək istəyir. - Əgər ata və ana çalışmağa məcburdursa, necə edə bilərlər ki, övladlarına daha çox vaxt ayırsınlar? - Çalışmaq ailədə uşaq böyütmək ücün maneə deyil, sadəcə körpələrə mümkün qədər çox zaman ayrılmalıdır. Daha aydın desək, körpənin 3 yaşına qədər ana işləməsə daha yaxşıdır, daim uşağının yanında olmalıdır, körpəyə daha çox sevgi və qayğı göstərməlidir. Hətta valideynlər işləsə belə, evə gələndə öz yorğunluqlarını uşağa hiss etdirməməlidirlər. Bir şeyi də qeyd edim, işləyən valideynlərdən eləsi var ki, işdən sonrakı zamanının hamısını övladına ayırır, amma bu da uşağa heç nə qazandırmır. Kəmiyyət yox, keyfiyyət daha önəmlidir. Evdə ancaq konflikt və ya uşağa diqqətin az olduğu zaman uşaq daha çox depressiyada olur, sevilmədiyini düşünür. - Valideynlərin işi səbəbindən dağılan ailələrdə uşaqların gələcəyi necə olur? Onlar cəmiyyət üçün sağlam fərd ola bilirlərmi? - Uşaqların nəzərində səhərdən axşamacan işləyən valideynləri hissiz-duyğusuz robotlardır. Çünki o doğulandan ata-anasını ətrafında görmür, o yeriyəndə, danışanda, diş çıxaranda, xəstələnəndə ətrafında həmişə ya dayəsi, ya nənə-babası, ya da başqa biri olur. Çox təbiidir ki, bu zaman valideyn-uşaq ilişgisi tamamən qopur, çünki uşaq valideyn qayğısının nə olduğunu bilmir. Bu cür ailələrin sonu yaxşı olmur,  boşanmalar baş verir. Bu prosesdə daha çox zərər görənlər də uşaqlardır. Çünki dağılan ailədə uşaq məsələsi həmişə problem olub, ata və ana uşaq üzərindən dava edirlər, nə yazıq ki, uşağın psixologiyasını düşünmədən. Boşanmalar zamanı uşaq da arada qalır, hansı valideyni ilə yaşamağın daha yaxşı olduğunu düşünür. Bu cür mühitdə böyüyən uşaqlar təbii ki, normal psixologiyaya sahib ola bilməzlər.   Lalə Mehralı





Həftənin ən çox oxunanları