Yuxarı

Bəlkə sizin də övladınız hiperaktivdir?

Bəlkə sizin də övladınız hiperaktivdir?

Vaqif qarayev Dünya əhalisinin 11 faizində hiperaktivlik qeydə alınıb Hiperaktiv sözü nadinc, bir yerdə dayanmayan, həmişə hərəkətdə olan uşaqlar üçün işlədilən bir ifadədir. Bəzən onlara “diqqət pozuqluğu” olan uşaqlar da deyirlər. Övladınızın müəllimindən “uşaq dərsə qulaq asmır, fikri dərsdə olmur, həmişə nə haqdasa fikirləşir, ya da nadinclik edir” tipli şikayətlər eşidirsinizsə, o zaman övladınızda hiperaktivlik ola bilər. Mütəxəssislər hesab edir ki, hiperaktiv uşaqlar əslində, yaşıdlarına nisbətən daha zəkalı olur, lakin nadinclik onların zəkasına və dərsi qavramasına mane olur. Onlar yaşıdlarından daha çox hərəkətlidirlər, hərəkətlərini düşünmədən və istədikləri yerdə edirlər. Onları necə tanımalı? Psixoloqlar ağıllı, zəkalı olduqları halda dərsə diqqət etmədiyi üçün həmişə müəllimləri və valideynləri tərəfindən danlaq eşidən hiperaktiv uşaqların ciddi psixoloji problemlər yaşayacağını bildirir. Uşaq psixoloqu Ülkər Nəbiyeva deyir ki, hər hərəkətli uşaq hiperaktiv deyil: “Hiperaktiv uşaqlar ağıllı, zəkası inkişaf etmiş, bəzən hədsiz zəkalı, çox hərəkətli, diqqətsiz, tez bezən, növbəni sevməyən uşaqlardır. Hiperaktivliyin də növləri olduğu üçün uşaq həmişə çox hərəkətli olmaya bilər. Partada oturmayan, sinifdə gəzən, sinif yoldaşı ilə dərs ortasında söhbət edən, söz kəsən, dərs sırasını gözləməyən, arxadakı, yanındakı və ya önündəki yoldaşını dürtmələyən, israr edən, düşünmədən davranan, dərsi izləməyə çətinlik çəkən uşaqlar hiperaktivdirlər”. Psixoloq hər dəqiqə xəbərdarlıq edilən uşaqda ciddi plsixoloji problemlər ola biləcəyini istisna etmir: “Əslində, onlar yaşıdlarına nisbətən daha geniş bacarıqlara sahibdirlər. Sadəcə, fikrini dərsə verməyən hiperaktiv uşaq dərslərində əlbəttə ki, uğursuz nəticə göstərəcək. Bu tənbəllik və  dəcəllik deyil. Ona görə də həm müəllimi, həm valideyni ona qarşı bir az diqqətli olmalıdır, danlamaq, qışqırmaq həll yolu deyil. Əksinə davamlı olaraq danlaq eşidən hiperaktiv şagird depressiyaya girə bilər, altını islada, kəkələyə, dırnaq gəmirə bilər. Çalışmaq lazımdır ki, hiperaktiv uşağın valideyni ilə müəllimi əməkdaşlıq eləsin, bir-biri ilə xəbərləşsin, uşağı birlikdə dərsə yönləndirsin”. Uşaq şıltaqlığı ilə hiperaktivliyi ayırd etmək vacibdir Pediatr Vaqif Qarayevin sözlərinə görə, əslində, hiperaktivlik haqqında mütəxəssislərin yekdil rəyi yoxdur, amma bu problemi xəstəlik hesab eləməyənlərin sayı daha çoxdur: “Hiperaktivliyin meydana çıxma səbəbləri də müxtəlifdir, genetik meyllilik, hamilə vaxti nikotindən istifadə, hamiləlik dövründə anada infeksiyaların olması, doğuş travmaları, sosial-psixoloji faktorlar (valideynlərdə alkoqolizm, ailədə tərbiyənin düzgün qurulmaması və s.). Hiperaktiv uşaqları fərqli davranışlarla təyin etmək olur. Məktəbəqədər yaşlı uşaqlarda aqressivlik, impulsivlik, yuxu və nitq pozğunluqları, izafi hərəkətlilik müşahidə edilirsə, məktəb yaşli uşaqlarda diqqətsizlik, intizamsızlıq, yaddaş pozğunluqları, emosionallıq, hövsələsizlik, bir yerdə otura bilməmək və s. görülür. Həkim bu əlamətləri övladında müşahidə edən valideynlərə məsləhət görür ki, hiperaktivliyə qarşı dərman təyin edilmədiyi üçün ailədə bu problemi həll etməyə çalışılmalıdır: “Son vaxtlar dərman istifadəsini optimal variant hesab etmirlər, ona görə də evdə valideyn uşağa qarşı həmişə mehriban davranmalıdır. Komanda, əmr, aqressivlik qətiyyən yolverilməzdir! Uşağı həvəsi olan məşğuliyyətə həvəsləndirmək, marağını daha da stimullaşdirmaq lazimdir . Yatmırsa, zorla yarırtmaq olmaz. Oyuncaqları, evdəki əşyaları sındırırsa, acıqlanmaq, cəzalandırmaq qətiyyən olmaz. Bir sözlə, uşağın emosiyalarına çox həssas yanaşmaq lazımdır”. Vaqif Qarayev uşaqların aqressiyasını azaltmaq üçün xeyirli vərdişlərə yönəltməyi ən yaxşı variant hesab edir: “Rəqs, üzgüçülük və s. məşğuliyyət uşağın aqressivliyini azaldan amillərdir və bundan mütləq istifadə etmək lazımdır. Əgər uşağın nitqində və intellektində ciddi problemlər varsa, psixoloqa və defektoloqa müraciət etmək lazımdır. Əslində, indiki uşaqların əksəriyyətində yuxarıda sadalanan əlamətlərin hamısına rast gəlmək olar. Amma uşaq şıltaqlığını hiperaktivlikdən fərqləndirməliyik. Hamilə vaxtı və doğuş zamanı anada ciddi problemlər olubsa, daha çox hiperaktivlik haqqında düşünməliyik”.   Valideyn nə etməlidir?   Amerikada aparılan bir araşdırmaya görə, hazırda dünya əhalisinin 11 faizi hiperaktivdir. Əsasən oğlan uşaqlarında rastlanan bu vəziyyət yaxın illərdə 19 faizədək yüksələ bilər. Valideynlər evdə övladının hiperaktivliyinin fərqinə vara bilmirlər, uşaq bağçaya, məktəbə gedəndə yaşıdlarından fərqlənəndə valideynlər onların arasındakı fərqi hiss edirlər. Çünki hiperaktiv uşaqlar yaşıdlarına nisbətən çox hətəkətlidir, xəbərdarlıqlara qulaq asmır. Hiperaktiv uşağın valideynlərinin üzərinə çox iş düşür. Əvvəla, hiperaktivliyin xəstəlik yox, problem olduğunu nəzərə alın. Hiperaktivlik ailə üçün nə qədər problemlidirsə, uşağın özü üçün də bir o qədər narahatlıq doğuran amildir, sadəcə, hərəkətlərini nəzarət altına almaqda çətinlik çəkirlər. Yəni əslində onlar sakit dayanmaq istəsələr belə hərəkətdə olurlar. Övladınızın etdiyi yaxşı hərəkətlər üçün mükafat təyin edin, gəzintiyə çıxarmaq, 15-20 dəqiqəlik müddətlərə cizgi filmi izləməsinə icazə verin. Müəllimi ilə sıx əlaqədə olun, ondan hiperaktiv övladınızı nəzarət edə biləcəyi sırada oturtmasını istəyin, çünki arxa sırada oturaraq hərəkətlərinə və dəcəlliyinə görə bütün dərsi küncdə keçirən uşağa valideyn də evdə nəzarət edə bilməz. Amma nəzərə alın ki, hər hərəkətli uşaq hiperaktiv deyil. Bu diaqnozu ona pediatr və psixoloqun birgə müayinəsindən sonra qoymaq olur. Lalə Mehralı





Həftənin ən çox oxunanları