Yuxarı

Kamandar Nəsibov: “Borclu tərəfin vəzifəli şəxs olması icra məmurlarını cürətsiz edir”

Kamandar Nəsibov: “Borclu tərəfin vəzifəli şəxs olması icra məmurlarını cürətsiz edir”

kamandar nesibov

Məhkəmə və ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi, strukturların fəaliyyətinə ciddi əngəl törədən səbəblərin aradan qaldırılması haqqında dəfələrlə deyilsə də, bu sahədə ciddi islahatlar aparılmır. İllərlə yığılıb qalmış problemlər öz müsbət həllini tapmır və nəticədə vətəndaşların uzun müddətli məhkəmə mübahisələrindən sonra əldə etdikləri qərarlar kağız parçası olmaqdan savayı heç bir funksiya daşımır. Tanınmış vəkil Kamandar Nəsibov “Cümhuriyət” qəzetinə müsahibəsində bu sahədə mövcud olan çox ciddi problemlərdən danışıb:

- Ölkəmizdə məhkəmə qərarlarının icrasını icra məmurları həyata keçirir. "İcra haqqında" qanunun 2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını icra məmurları həyata keçirir. Həmin qanunun 3-cü maddəsində qeyd olunur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -Bunlar məsələnin qanuni tərəfidir, bəs əslində vəziyyət necədir? -Məhkəmələrin qəbul etdiyi qərar, qərardad və ya qətnamələrin icra olunmamasının bir neçə səbəbi var. Bu səbəblərin ən birincisi bir çox icra məmurlarının fəaliyyətsizliyi, vəzifə borclarına səhlənkar yanaşması, borclu tərəfin vəzifəli şəxs olması səbəbindən ona qarşı icra tədbirini həyata keçirməyə çürət edilməməsi və xüsusi ilə hansısa maraq naminə üzərinə düşən vəzifələri yerinə yetirməməsi ilə bağlıdır. Belə ki, icra məmurları tərəfindən icra icraatlarının təmin olunması qanunamüvafiq qaydada və müddətdə həyata keçirilməyərək qəsdən uzadılır və yaxud da ümumiyyətlə icra edilmir. Nəticədə Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarlarını icra olunmadan qalır. Məsələn, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna uyğun olaraq hüquqi yardım göstərdiyim şəxslərin müxtəlif vaxtlarda məhkəmələrdə qaldırdıqları iddia ərizələri əsasında 2013-2014-cü illər ərzində qəbul edilən və qanuni qüvvəsini almış 9 fərqli mülki iş üzrə ümumilikdə 262.566 manat, 569.590 ABŞ dolları və 303.562 avro məbləğində pul borclulardan alınaraq tələbkarlara ödənilməlidir. Lakin “İcra haqqında” Qanununun 8.2-ci maddəsinin tələbinə uyğun olaraq borclulara verilmiş 10 gün könüllü icra müdddətindən və 12.1-ci maddəsində təzərdə tutulmuş 2 aylıq icra müddətindən 2 ildən artıq vaxt keçməsinə, bu günədək borclular tərəfindən qəsdən icra olunmamasına baxmayaraq, qeyd edilən işlər üzrə bu günədək heç bir borclu məsliyyətə cəlb olunmayıb. İcra məmurları tərəfindən səbəb olaraq isə ya borclunun adına əmlakın müəyyən edildiyi, ya da borclunun yaşadığı yerin müəyyən edilə bilmədiyi göstərilir. Apardığımız söhbət zamanı icra məmurları dəfələrlə bildiriblər ki, rəhbərlik tərəfindən onlara adına əmlak müəyyənləşdirdikləri borclu barəsində cinayət işinin başlanmasına dair təqdimat veməmələri barədə şifahi tapşırıq mövcuddur. Ancaq məsələnin digər tərəfi ondadır ki, icra məmurları tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı da heç bir tədbir görmürlər. -Sizcə, səbəb nədir? -Bu “hal” şəxsi maraqları naminə icra icraatını uzada və ya dayandıra bilmələrinə imkan verdiyinə görə icra məmurlarının özlərinə də sərf edir. Bundan başqa məlum olduğu kimi qanunvercilikdə icra məmurunun borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə inzibati və daha sonra isə cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat vermək səlahiyyəti var. Lakin qanuni qüvvəsini almış məhkəmə qərarı borclular tərəfindən qəsdən icra olunmamasına baxmayaraq, icra məmurları ya borclunun adına əmlakın müəyyən edildiyini, ya da borclunun yaşadığı yerin müəyyən edilə bilmədiyini bəhanə edərək borclunun məsuliyyətə cəlb olunmasından yayınırlar. -Təcrübədə belə halla qarşılaşmısınızmı? -Nərimanov rayon icra şöbəsinin icraatında olan iş üzrə borclu Əliyev Zaur Vaqif oğlundan 37.500 manat pul və 31.500 ABŞ dolları alınaraq hüquqlarını təmsil etdiyim Səfərov Zaur Məhəmməd oğluna ödənilməlidir. Lakin borclu Əliyev Zaur Vaqif oğlu qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməkdən qəsdən yayınır. Dəfələrlə şifahi və rəsmi müraciət etməyimizə baxmayaraq Nərimanov rayon icra şöbəsinin icra məmuru borclunun yerini müəyyən edə bilmədiyini bəhanə edərək Zaur Əliyevin məsuliyyətə cəlb edilməsi ilə bağlı heç bir tədbir görmür. Sonda özümüz məcbur qalaraq hüquqmühafizə orqanlarının köməkliyi ilə Zaur Əliyevi saxlayıb icra məmuruna təhvil verdik. Lakin növbəti gün bizə məlum oldu ki, borclu Zaur Əliyev icra məmuru və onun rəhbərliyi tərəfindən sərbəst buraxılıb, barəsində heç bir inzibati tədbir görülməyib. İcra məmurundan nə səbəbdən borclu Zaur Əliyev barəsində heç bir tədbir görülmədən sərbəst buraxıldığını soruşduğumuz zaman icra məmuru borclu Zaur Əliyevin növbəti günü tezdən onun yanına gələcəyinə söz verdiyini və bu səbəbdəndə borclunu sərbəst buraxdığını bildirdi. Əlbətdə ki, borclu Zaur Əliyev növbəti gün icra mərunun yanına gələcəyi barədə verdiyi sözünü tutmadı və indiyə qədər icra məmuru yenə də Zaur Əliyevi “axtarmaqda” davam edir. Digər tərəfdən isə Polis İdarəsi borclunu saxlayaraq icra məmuruna təqdim etdiyinə görə borclunun axtarışına xitam verilməsi barədə qərar qəbul etdi və borclu Zaur Əliyevin növbəti dəfə saxlanılaraq icra məmuruna təhvil verilməsi üçün icra məmuru tərəfindən yeni axtarış qərarı verilməli olduğunu bildirir. Məhz belə hallar məni icra məmurunun borclu Zaur Əliyevi məsuliyyətdən azad edə bilmək üçün və onun məsuliyyətə cəlb olunması məsələsində vaxt qazanmaq məqsədilə buraxdığını düşünməyə vadar edir. Çünki icra məmuru polis idarəsinin saxlanılan şəxsin yenidən axtarışa verilməsi üçün ondan yeni qərar tələb edəcəyini yəqin ki, gözəl bilirdi. İcraatımda olan başqa işdə isə  Xəzər Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh Cəbiyev Zahid Əbdülhüseyn oğlundan cəmi 303.562  avro  və 50.593 ABŞ dolları alınaraq hüquqlarını təmsil etdiyim tələbkar Toğrul Rüstəmzadəyə ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş və icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilib. Lakin digər icra icraatında olan işlər kimi qeyd edilən işdə bu günədək icra olunmayıb. Bununla bağlı İcra Baş idarəsinə ünvanladığımız şikayət məktubuna Xəzər rayon İcra şöbəsinin rəisi tərəfindən verilmiş 21 sentyabr 2015-ci il tarixli cavab məktubunda tələbin borcluya məxsus avtomobillərə yönəldilməsi üçün Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət olunduğu, lakin Xəzər Rayon Məhkəməsinin 17.04.2013-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilmədiyi göstərilib. Cavab məktubu oxunan zaman elə təəssürat yaranır ki, sanki icra məmuru tələbi borclunun əmlakına yönəldilməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirərək təqdimat vermiş, lakin məhkəmə təqdimatı təmin etməyib. Ancaq əslində icra məmurunun özünə də çox gözəl məlumdur ki, o, ümumiyyətlə belə bir təqdimatla məhkəməyə müraciət etməyibmvə məhkəmə tərəfindən də təqdimatın təmin olunmaması barədə hər hansı qərardad qəbul edilməyib. Məktubda yazılan həmin sözlər rəhbərliyi, yəni İcra baş idarəsini aldatmaq üçün yazılmış yalandan başqa bir şey deyil. Çoxlu sayda belə misal göstərmək olar. Bu faktlar icra məmurlarının qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına laqeyd münasibət göstərdiyini və  qərarlarının icrasını müəyyən maraqlar çərçivəsində qəsdən icra etmədiyini bir daha sübuta yetirir. -İcra məmurlarının fəaliyyətsiliyi məhkəməyə yolu düşən hər kəsin şikayətləndiyi mövzudur. Vəziyyətin aradan qaldırılması mümkün deyil? -Əlbəttə mümkündür. Ölkədə məhkəmə qərarlarının təmin edilməsi, icrası sahəsində yaranan xoşagəlməz mənzərəni dəyişdirmək, vətəndaşları narazı salan nöqsanları aradan qaldırmaq, məhkəmə icraçılarının fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmaq üçün rayon icra şöbə rəisləri və Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin vəzifəli şəxsləri rəhbərlik etdikləri dövlət orqanlarında çalışan əməkdaşlarının xidməti vəzifə borclarının layiqincə yerinə yetirilməsi işlərinə nəzarəti gücləndirməlidirlər. Şöbələrdə ciddi intizam qaydaları yaradılmalıdır. İcra icraatı zamanı problemlərin yaranması qanunvericilikdəki boşluqlarla da bağlı olur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəməsinin qərarları və həminin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 78-ci maddəsinə görə, icra qeydləri üzrə ödəniş qanunvericiliklə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Yəni məhkəmə qərarları notariat orqanlarının icra qeydləri ilə eyni hüquqi qüvvəyə malikdir. Ancaq nəzərə almaq lazımdır ki, notarial qaydada bağlanmış müqavilədə göstərilən müddət bitdikdən sonra borclunun olduğu yer üzrə notarius tərəfindən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün verilmiş icra qeydi uzun sürən, hətta illərlə gedən məhkəmə çəkişmələrinin sonunda qəbul edilən məhkəmə qərarlarından fərqli olaraq borclunun olduğu yer üzrə notariusa müraciət olunduqdan sonrakı 1 gün ərzində borclunun olduğu yer üzrə icra orqanına göndərilir. Aşağıda sadalayacağım hallar istisna olunarsa, belə halda vətəndaşın uzun surən məhkəmə çəkişməsindən qurtularaq qısa müddət ərzində tələbinin icra qeydinə əsasən icra icraatına yöləldilməsinin daha doğru variant olduğunu düşünmək olar. Lakin bu zaman borclu icra sənədini könüllü icra etmədiyi təqdirdə vətəndaş qanunvericilikdə olan boşluq səbəbindən yeni bir problemlə üzləşir. Belə ki, icra qeydə əsasən başlanmış icra icratı zamanı borclu icra sənədini icra etməkdən imtina etdikdə icra məmurunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Ancaq məsələnin maraqlı tərəfi ondadır ki, borclu ona verilmiş yeni müddət ərzində qərəzli olaraq icra sənədini yenə də icra etmədikdə icra məmuru “İcra haqqında” AR Qanununun 82.3-cü maddəsində nəzərdə tutulmuş qaydada borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana təqdimat verə bilmir. Çünki   Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozisiyasında konkret olaraq yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə məsuliyyət nəzərdə tutulub. Notariusun icra qeydi isə məhkəmə qərarı hesab edilmədiyindən icra məmuru icra qeydi üzrə başlanmış icra icraatı zamanı haqlı olaraq borclunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunması barədə təqdimat verməkdən imtina edir. Göründüyü kimi, "İcra haqqında" Qanunun tələblərinə əsasən tək məhkəmə qərarları əsasında verilmiş icra sənədinin deyil, digər orqanların qərarları nəticəsində verilmiş icra sənədlərinin də yenidən qərəzli icra olunmamasına görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, bu barədə Cinayət Məcəlləsində göstəriş yoxdur.   Sevil Ağazadə





Həftənin ən çox oxunanları