Yuxarı

Türkəçarə öldürür, yoxsa sağaldır?

Türkəçarə öldürür, yoxsa sağaldır?

turkecare

İnsanlığın tarixi qədər təbii təbabətin də tarixi var, ilk insanın var olduğu gün elə bitkilərlə müalicə də yaranıb. Təəssüf ki, zamanla bu elm aşınmaya məruz qalaraq bizə çox cüzi hissəsi gəlib çatıb. Amma indi məlum olan təbii təbabət elmi də cılız deyil, əksinə, bu sahənin biliciləri təbii təbabəti dərya adlandırırlar. Tibb elminin sürətli inkişafı təbii təbabəti “alternativ tibb” kimi bir küncə sıxışdırsa da, bu gün dərmanla müalicəyə üstünlük verənlər qədər təbii təbabətin faydalarından yararlananlar da var.

Alternativ tibbin hünəri

Döyüş meydanında yaralanan döyüşçünün yarasına tütün tökmək, infeksiya əleyhinə olan otları əzib bağlamaq hələ 100 illər qabaqlar insanlara məlum idi. Zamanla həm daxili, həm də xarici yaralara bitkilərin gücü ilə qalib gələn insanlar bu elmin bilicilərinə çevrilirdilər. İndi bir çox məşhur xəstəliyə tibbin özü əlac edə bilməyəndə təbii təbabət köməyə yetişir. Alternativ təbabət deyildikdə, həm bitkilər, həm də bəzi həşaratların köməyi ilə aparılan müalicələr nəzərdə tutulur. Alternativ təbabət arasında ən çox yayılanı bitkilərlə müalicə hesab edilir. Dünyada yalnız Almaniyada institut səviyyəsində araşdırılan bu elm bir müalicə metodu olmaqla  yanaşı tibbin inkişafına da yaxından kömək edir. Özəlliklə son illər genetik dəyişikliyə uğramış qidaların insan orqanizmində yaratdığı fəsadları aradan qaldırmaqda müxtəlif otlardan istifadə edilir. Bütün bitkilər tərkibindəki təbii maddələrə görə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilə bilər.  İndi xərçəng, şəkərli diabet, mədə xorası, hepatit, ürək, revmatizm, on iki barmaq bağırsağın problemləri, qaraciyərin serrozu, qan-damar xəstəliklərinin müaciləsində bitklilərin köməyi ilə müalicə müsbət effekt verir. Bitkilərlə müalicənin üstün tərəfi odur ki, yalnız xəstə olanlar yox, tamamilə sağlam insanlar da ondan istifadə edərəlk sağlamlıqlarını qoruya bilər.

Bir qədər ehtiyatlı davranın

Axır illərin ən yayqın reklam çarxları olan “bitki tərkibli dərman” şüarlı təbliğatlarda hər hansı bir bitkinin hər hansı bir xəstəliyə xeyirli olmasından ətraflı danışılır. Amma bu elmin biliciləri deyir ki, bəzən tək bir meyvə, tək bir ot bir xəstəliyin sağalması üçün yetərli olmaya bilər. İmmun sistemini qüvvədə saxlamaq üçün xəstəyə müxtəlif otların kombinasiyasını içirmək lazımdır, bu qarışımlar xəstəyə özəl olaraq təyin edilməlidir. Çünki elə xəstə var ki, qan təzyiqi aşağıdır və bir çox bitkilərin qan təzyiqini aşağı salmaq özəlliyi var. Bu səbəbdən də bu cür xəstələrə təzyiqi stabil tutan otların qarışımı ilə müalicə təyin etmək lazım gəlir.

Əgər siz hər hansı bir bitki ilə özünüzü müalicə etmək fikrinə düşmüsünüzsə, əvvəlcə o bitkini yaxşıca araşdırıb hansı xəstəliklərə xeyirli, hansına əks-göstərişli olduğunu aydınlaşdırın. Yaxşı olar ki, bunu təbii təbabətin biliciləri ilə məsləhət edəsiniz. Ola bilər ki, sizin xəstəliyinizin müalicəsində bitkilərin köməyi yetərli olmasın, ona görə modern tibbin imkanlarından istifadə etməyi də unutmayın. Diaqnoz ilə hər hansı bir xəstəliyinizi dəqiqləşdirəndə tibbin köməyindən istifadə ilə yanaşı alternativ tibbi də gözdən keçirin. Ancaq unutmayın ki, modern tibb kimi alternativ tibbdə də erkən diaqnoz böyük önəm daşıyır.

Hər dərdə dərman Azərbaycan

Xoşbəxtlikdən Azərbaycan elə bir iqlim qurşağında yerləşir ki, təbii təbabət üçün lazımlı olan bütün otlar yetişir. Lap “Müsyö Jordan”nın dediyi kimi, bura tam bir bitki cənnətidir. Otundan qanqalınadək hər bitkisi min bir dərdə dəva olan Azərbaycan bu xüsusiyyətinə görə bütün dünyada tanınır, işğal altında olan gözəl Qarabağ isə şəfalı bitkilərin məskənidir.

Ümumiyyətlə, Azərbaycanda qədimdən bəri təbii üsullarla müalicə metodları mövcud olub. Təbiblər insanın müşxtəlif xəstəliklərini elə təbiətin öz gücü ilə - heyvanlar, həşaratlar, sürünənlər, bitkilərlə müalicə edib.

Amma türkəçarənin də öldürə biləcəyi insanlar, sağalda bilməyəcəyi xəstəliklər var. Qeyd etdiyimiz kimi, hardasa bütün xəstəliklərin müalicəsində təyini mümkün olan alternativ tibbi sizə tətbiq edənin bu sahədə yetərincə biliyinin olmasına diqqət edin. Modern tibb qədər alternativ tibb də düzgün təyin edilmədikdə, qarşısıalınmaz problemlərə yol aça bilər.

Daha hansı alternativlər var?

Bu gün dünyada psixoloji problem yaşayan kifayət qədər çox insan var. Bir çox Avropa ölkəsində psixi problemi olan insanlara delfinlərlə ünsiyyət məsləhət görülür, delfinlə üzmək, əylənmək insanı bütün psixotrop dərmanlardan daha yaxşı müalicə edir. Əksər şərq ölkəsində zəhərsiz və ya zəhər dişi çıxarılmış ilanları çılpaq soyunmuş pasiyentin bədəninə buraxırlar. Pasiyent ilanlardan qorxmamalı, sakitliyini qorumalıdır. Əks halda ilanlar qəzəblənə və boğaza dolanaraq nəfəs almağa mane ola, hətta pasiyenti boğaraq öldürə bilərlər. Qədim Çində, Tibetdə istifadə edilən bir başqa tibbi üsul da zəlilər idi. Zəlilər dövrün həkimlərinin bir çox xəstəliyə səbəb olduğunu düşündükləri çirkli qanı çəkmək üçün istifadə edilirdi. Müasir tibbdə, zəlilərə rekonstraktif cərrahiyyədə, iltihablı yaralar, çiban, oynaq ağrıları, sonsuzluq, qan və qan dövranı problemləri, cinsi yolla yoluxan infeksiyalar, xroniki iltihab prosesləri, ürək qüsurları, ürəyin işemik ritmi, stenokardiya, maddələr mübadiləsinin pozuntusu, osteoxandroz, uroloji, ağ ciyər, qara ciyər, mədə-bağırsaq, cinsi sfera, ginekoloji, revmatizm, dəri və bir sıra digər xəstəliklər zamanı tətbiq edilir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini də bərpa edə bilir.

Hər bitki bir dərman, hər dərman bir ömür

Təbii mirvari tozunun dəri xərçəngini yox etdiyini bilirdinizmi? Ənənəvi Çin təbabətində parçalanan mirvarilər əvvəl toz halına gətirilir, daha sonra bu toz sadə tərkibli təbii kremlə qarışdırılır və dəriyə tətbiq edilir. Mirvari tozu nəinki xərçəngi müalicə edir, o cümlədən dərini əbədicavan saxlayır. Əsl mirvari istifadə edən qadınların boyun nahiyəsində qırışların yaranmaması da məhz bu səbəbdəndir. Dövrümüzdə ən adi insan tərəfindən ev üsulu müalicə metodları istifadə edilməkdədir. Məsələn, yanıq yerinə kartof qabığı qoyulması, qızdırmanı salmaq üçün gicitkənlə, keçi piyi və sirkə ilə bədənin ovulması, ayaq altına spirt çəkilməsi, ilan zəhərinin təsirinin öldürülməsi üçün dişlənmiş bölgəyə sirkə ilə gicitkən şirəsinin qarışığının tökülməsi, babasilin müalicəsində keçi piyinin tətbiqi kimi bir çox türkəçarələr mövcuddur.

Keçmişdə taun, cüzam, vəba kimi xəstəliklər qədər təhlükəli hesab edilən, “incə xəstəlik” adı verilən və dövrümüzün də ən çox yoluxan xəstəliklərindən biri olan vərəm də limon, bal və sarımsağın qarışığından əmələ gələn xüsusi dərmanla müalicə edilirdi. Bu dərman nəinki vərəmi sağaldır, eləcə də bütün orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Bütün hallarda ciddi xəstəliyi təbii təbabətin vasitəsi ilə müalicə etməzdən əvvəl təbiblərdən lazımı məsləti almaq, otların əks-təsirlərini dəqiqliklə öyrənmək vacibdir.

Lalə Mehralı





Həftənin ən çox oxunanları