Yuxarı

Uşaqlarımıza necə ad seçək?

Uşaqlarımıza necə ad seçək?

Elcin Bayramli

Uşağa adın verilməsi hər bir valideynin öz haqqı və hüququdur. Lakin burada nəzərə alınması vacib olan bəzi məqamlar var ki, bu yazıda onlara toxunmaq istəyirəm.

Əvvəla, qeyd etməliyik ki, adlar milli mədəniyyətin əsas elementlərindən biri olmaqla yanaşı, həm də milli identifikasiya komponentidir. Hər xalqın adları onun öz ana dilində, yaxşı mənası və səslənişi olan sözlərdən seçilməlidir.

Hər hansı bir xalqda eyni adların kütləvi qoyulması o xalqın yaradıcılıq və təfəkkür səviyyəsinin lazımi həddə olmadığını göstərir. Zəngin mədəniyyətə, qədim tarixə malik xalqlarda belə hallar olmur və olmamalıdır. Məsələn, yaponlarda 100 mindən yuxarı ad var.

Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, ərəb adları milli adları sıxışdırmağa başladı, sonralar hakimiyyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu.

Sovet dövründə milli adlar yenidən canlanmağa başladı, ərəb-fars adları azaldı. Burada ədəbiyyatın, kinonun da böyük rolu oldu. Çoxlu yeni milli adlar yarandı ki, bu sətirlərin müəllifinin da adı bura daxildir.

Son vaxtlar açıqlanan adqoyma siyahılarında həm gülməli adlara çox rast gəlinir, həm də geniş təkrarlanan dini şəxslərin adlarına. Gülməli adların qoyulmasını valideynin psixi problemləri ilə rahatca izah etmək mümkündür.

İndiki geniş yayılmış dini adlara gəldikdə isə  təbii ki, burada əsas faktor din- daha doğrusu mövhumatdır. İnsanlar düşünür ki, müqəddəs şəxslərin adlarını uşaqlarına qoysalar onun üçün yaxşı olacaq. Lakin düşünmürlər ki, həyatda hər kəs hər şeyi öz zəhməti, biliyi, ağlı ilə qazanır, adının necə olması ilə yox.

Müqəddəs şəxslərin adını qoymaqla uşağın taleyi vaideynin istədiyi kimi formalaşmır. Məhəmməd, Əli, Yusif, Hüseyn, Fatma, Zəhra, Xədicə... adları qoyulmuş bəzi şəxslər böyüyüb cinayətkar, əxlaqsız adam olurlar. Bəs onda harda qaldı bu adların təsiri?

Demək, valideyn uşağa övliya şəxslərin adını verməkdənsə, ona tərbiyə, təhsil və sağlamlıq versə yaxşı olar. Ona görə də, ərəb adlarının yerinə öz milli adlarımızı qoymalıyıq. Tanrı insana adına görə qiymət vermir, əməllərinə görə qiymət verir-  dindarlar bunu anlasalar yaxşı olar.

Digər bir təsir serialarla bağlıdır. Belə ki bizim evdar qadınlar bütün günü bu seriallara baxır, serial qəhrəmanlarının təsiri ilə yaşayır və uşaqlarına onların adlarının qoyulmasını təkid edirlər. Bu da normal hal deyil. Ad dəblə yox, milliliyi və mənası ilə seçilməlidir.

Başqa bir problem müasir gənclərin bizim qədim adlarımızı köhnəlmiş hesab etmələridir. Guya ki köhnə ad pis olur, mütləq yeni qondarma, ya da süni dəbə minmiş, mənası naməlum ad qoyulmalıdır. Bu, axmaq yanaşmadır.

Əvvəla, köhnə adlar özündə mənəvi-psixoloji mahiyyət, genetik informasiya daşıyır, dövrlər, nəsillərarası əlaqəni qırılmağa qoymur. İkincisi kim və necə müəyyən edir ki köhnə ad pisdir yeni ad yaxşıdır? Yeni də olanda yenə öz ana dilimizdə olan sözlərdən yaransa, dərd yarıdır. Belə getsə yaxın gələcəkdə yeni nəsillərlə köhnə nəsillərin adları tamam fərqli olacaq- sanki eyni millətdən deyilik. Tarixi əlaqə kəsiləcək.

Uşaqlara rüsvayçı adların qoyulmasının qadağan edilməsini alqışlayıram. Ola bilsin valideyn psixi xəstədir, bu o demək deyil ki, uşaq ömür boyu lağ hədəfi olmaıldır. Lakin burada da diqqət veriıməsi vacib olan nüanslar var. Elə adlar var ki insanlar onu lağa qoyur, lakin o başqa bir etnikin dilində normal sözdür, normal mənası var, saədəc biə tələffüzü qəribə gəlir, ya da eşitmədyimiz addır deyə lağ edilik. Bu doğru deyil.

Bu prblem təkcə Azərbaycan üçün deyil, bəzi başqa ölkələr üçün də xarakterikdir. Azərbaycan və Türkiyədə buna bəzi filmlərdə belə işarə edilib və etiraz bilidirib. Məsələn, “Əhməd hardadır” və “Çalışquşu” filmlərini misal göstərmək kifayətdir.

Bizim xalqın zəngin mədəniyyəti, zəngil dili var. O qədər qədim adlarımız var ki onlar unudulub gedir. Ya da bəzi yeni adları öz sözlərimizdən yaratmaq olar. Yetər ki, sağlam düşüncə və istək olsun.

Elçin Bayramlı





Həftənin ən çox oxunanları