Yuxarı

“Mavi bəla” bu il neçə can alacaq?

“Mavi bəla” bu il neçə can alacaq?

mavi yanacaq Payızın soyuq nəfəsi artıq hiss edilir, isti sobalar, hamamda daimi yanan istilik sistemi, mətbəximizin “göz bəbəyi” olan mavi qaz payız-qış fəslində bir qədər də təhlükəli olur. Qapı-pəncərənin bağlı olduğu günlərdə dəm qazından  zəhərlənmə halları da çoxalır. Əhali qazın təhlükəli tərkibi barədə narahatdır, əlaqədar qurumlar isə əhalinin baca təmizliyinə əməl etməməsindən şikayətçidir. Qazın tərkibində nə var? Ekspertlər deyir ki, insanların qatilinə çevrilən qazın tərkibi standartlara uyğun deyil. İddialara görə təbii qazı istehlakçıya ötürməmişdən əvvəl onun tərkibinə müxtəlif növdə qatqılar vurulur. Əslində bu iddiadır, çünki iddianı irəli sürənlər bunun nə məqsədlə edilməsi barədə dəqiq nəsə deyə bilmir. Qeyd edək ki, dəm qazından zəhərlənənlər arasında tənəffüs orqanlarında problemi olan, allergik xəstəliklərdən əziyyət çəkən insanlar üstünlük təşkil edir. Həkim Sülhiyyə Mürsəlova deyir ki, dəm qazının mənzilə dolması nəticəsində bu havanı tənəffüs edən insanın ağciyəri və sinir sistemi zəhərlənir, fəaliyyətini dayandırır. Daha təhlükəlisi isə odur ki, kimyəvi adı “karbon-monoksid” olan dəm qazı qoxusuz, rəngsiz olduğundan zəhərlənən insan bunu anlamır. Məlumat üçün qeyd edək ki, qazın emalı zamanı tərkibinə “Odarant” adlı  xüsusi maye vurulmalıdır. Bu insanların dəm qazından ölməsinin qarşısını alır. Emal zamanı qazın tərkibinə xüsusi qoxu yayan maddə də qatılmalıdır ki, sızmalar baş verdiyi zaman bu qoxu insanları xəbərdar etsin. Təəssüflə qeyd etmək lazımdır ki, son illər zəhərlənmələrin sayının artmasına əsas səbəb insanların bacalarını təmizlətməməsidir. Paytaxtda elə evlər var ki, sovet illərində təmizlənən baca indiyədək əl dəyməmiş qalır. Zəhərlənmə necə baş verir? Həkim deyir ki, dəm qazı zəhərlənmələri suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının kobud pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi nəticəsində yaranır: “Eyni zamanda sobanın qapağının vaxtında bağlanmaması, yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması, tüstü çıxaran boruların və tüstü bacasının yaxşı işləməməsi, sobada və borularda çatların və nasazlıqların olması, qarajda avtomobilin işlək vəziyyətdə olması, habelə qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olması insanların dəm qazı ilə boğulmalarına səbəb ola bilər”. Statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda dəm qazı insanları əsasən hamamda yaxalayır. Bunun səbəbi hamamda qapalı şəraitdə yanan istilik cihazıdır. Havada dəm qazının miqdarı 0,08 faiz olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32 faiz olduqda 30 dəqiqə ərzində, 1,2 faiz olduqda isə 2-3 dəqiqə ərzində ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə mərkəzi tənəffüssisteminin iflici nəticəsində ürəyin dayanmasıdır. Qeyd etdiyimiz kimi, zəhərlənmələrdə kustar üsulla hazırlanmış sobaların payı da böyükdür. Vanna otağı üçün nəzərdə tutulmuş belə sobaları alarkən satiş iznini, standarta uyğunluğu barədə sənədini tələb edin. Bu səbəbi də unutmayın Çox maraqlıdır ki, mətbuatımızda dəm qazından boğulmanın ən vacib səbəblərindən biri olan plastik qapı-pəncərələr barədə demək olar ki, yazılmır. Halbuki, qazsızma zamanı yaranan dəm qazının mənzildən bayıra çıxmasının qarşısını alan başlıca səbəblərdən biri də məhz plastik qapı-pəncərədir. Diqqət etsək görərik ki, ölkəmizdə plastik qapı-pəncərənin dəb düşməsindən sonra dəm qazında zəhərlənmələrin sayı da əhəmiyyətli dərəcədə artıb. Səsdən, soyuqdan, istidən qorunmaq məqsədi ilə, bir az da estetik görünüşündən dolayı çox üstnülük verdiyimiz bu pəncərələr dəm qazının əsas “dəstəkçisi”dir desək, yanılmarıq. Bu pəncərələr evdə hava axınını məhdudlaşdırır, hava dövr etmir. PVC qapı-pəncərələrin hazırlandığı materialların sağlamlıq üçün təhlükəli qazlar yaydığını da nəzərə alsaq, vəziyyəti anlamaq çətin olmaz. Neyləməli? Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, dəm qazı ilə zəhərlənən adamın huşunu özünə gətirmək üçün ona  naşatır spirti iylətmək birinci köməkdir: “Zəhərlənən insanı təcili açıq havaya çıxarmaq lazımdır. Həmçinin isti geyindirilməli, ya da bükülmləlidir. Çünki zəhərlənmə vaxtı bədənin hərarəti aşağı düşür ki, bu da sonra ağciyərlərdə fəsadlar yarada bilər. Sonrakı mərhələdə isti şirin çay da vermək laızmdır. Həmçinin onun ağız boşluğunda selik təmizlənməli və həkimə müraciət etmək lazımdır. Dəm qazından zəhərlənmələrdə ölüm ehtimalı qapalı mühitdəki qazın sıxlığından asılıdır. Əgər  qanda zəhər 7-8 faizdən çox olursa, bu, ağır hal hesab edilir. Şübhəsiz, yardım olmasa, bu halda zəhərlənən şəxs həyatını itirir. Dəm qazından zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırılsa, onun həyatını xilas etmək müm-kündür”. Qeyd edək ki, təkcə 2014-cü ilin dekabr ayına kimi 860-dan çox dəm qazı zəhərlənməsi halları baş verib. Statistikada adınızın olmaması üçün dəm qazından özünüzü qoruyun. Yaxşı olar ki, "Carbon Monoxide Alarm” adlı cihazı alıb evə quraşdırasınız. Qiyməti cəmi 20 manat olan bu cihaz dəm qazının insanı zəhərləmək həddinə çatacağını hiss edir, həyəcan siqnalı çalır. Xarici ölkələrdə bu cihaz həm apteklərdə, həm də təsərrüfat dükanlarında satılır.   Altay Bayramlı





Həftənin ən çox oxunanları