Yuxarı

Qarabağ döyüşçüsü: "Həm veteranam, həm suçu, həm də fəhlə..."

Qarabağ döyüşçüsü:

veteran"Sənədlərim olan torbanı oğurladılar"

Ötən saylarımızdan birinə müsahibəsində keçmiş qadın döyüşçü Şamama Quliyeva 1992-ci il döyüşlərində həyatını xilas etdiyi və o vaxtdan görmədiyi silahdaşı Şahin bəydən söhbət açmışdı. Və sözügedən müsahibəinin əsasında əməkdaşımız həmin Şahin bəyi tapıb,keçmiş döyüşçülərin görüşünü təşkil edib. Ağdamın Kolqışlaq kəndinə köhnə məktəb binasının  qazanxanasında yaşayan Şahin Şamama Quliyevanın onu axtarıb tapdığına inana bilməyib. Bir neçə dəqiqə bir-birinə sarılan silahdaşlar təəssüratlarını "Cümhuriyət" qəzetinə danışıblar. Qəhrəmanımız Şahin Hüseynov yaşadığı çətin şəraitdən utana-utana qonaqları hərəsini bir tərəfdə oturtduqdan sonra suallarımızı cavablandırıb.

-Şahin bəy, gəlin, müsahibəmizə özünüz haqda məlumatdan başlayaq.

Quliyev Şahin Qara oğlu, 1977-ci ildə Ağdam rayonunun Abdal-gülablı kəndində anadan olmuşam. Orta məktəbə doğulduğum kənddə getmişəm. Həmin məktəbin 8-ci sinifini bitirdikdən sonra Ağdam rayon 50 nömrəli peşə məktəbində sürücülük, traktorçu və mexanik peşələri üzrə təhsil almışam. Ağdam və Bərdə rayonlarında bitirdiyim ixtisaslar üzrə çalışmışam. 1992-ci ildə Qarabağ müharibəsinə könüllü olaraq yazılmışam. əsasən “Qatır Məmməd”in batalyonunda vuruşmuşam. 1996-cı ildə rayonun Mirəşelli kəndindən olan Hüseynova Qumru Bəhrəm qızı ilə ailə qurmuşam. Üç qız bir oğul atasıyam. Böyük qızım Tavat onbirinci, Şəlalə səkkizinci, Şəhanə dördüncü, oğlum Oruc isə birinci sinifə gedir.

-Şamama xanımla Illər sonra yenə görüşdünüz... Nələri xatırladınız?

- Çox sağ olun ki, gəlib bizi yad eləmisiniz. O ki qaldı mənim səngər yoldaşıma, mən buna xanım deməzdim. Döyüş zamanı, post növbəsində olanda biz heç vaxt buna xanım kimi baxmamışıq. Bu bizim qardaşımız idi. (Şamama xanımın əllərini sıxır. Onlar bir-birlərinin üzünə qururlar baxıb gülümsəyirlər.)

veteran1Şamama bacımı görərkən ilk xatırlayacağım xatirəyə... Mən bayaq qapıda onunla görüşəndə, ilk olaraq, 92-ci ilin iyun ayının 24-ü xatırladım. Həmin tarixdə biz post növbəsində idik. Ermənilər hücum eləmişdi, döyüşdə yanıma əl qumbarası atdılar. Mən ağır yaralandım. Bax ondan sonrasını o qədər də yaxşı xatırlamıram. Amma bildiyim tək şey odur ki, məni göydə Allah, yerdə də bu xanım xilas edib. Dəhşətli şəkildə qan itirirdim. Biz “sanitarka” ilə qospitala gedirdik, o, mənim qanımın dayanmadığını görüb, öz şalı ilə yaramı təkrar sarıdı. Qospitaldada yaralarım tam sarınana qədər yanımda oldu. Tanrı sanki həyatımı xilas etmək üçün göndərmişdi bu xanımı. Düzdür, digər döyüş yoldaşlarımın da rolu böyük idi. Indi onlardan rəhmətə gedəni də var, yaşayanları da. Məni atəş nöqtəsindən çıxarmaqda onların da böyük rolu oldu. Çünki güllə ətrafımıza yağış kimi yağırdı. Amma mən düz qospitala qədər, o odun-alovun içindən çıxana qədər haçan başımı qaldırdımsa, bu xanım mənim yanımda idi.

Müharibə zamanı acılı-şirinli çox xatırələr olub. Danışdıqca bitməz. Amma “Pis gün yaddan çıxmaz” deyib atalar. Bax, elə ona görə də Şamama xanımı görən kimi ilk xatırladığım həmin gün, həmin tarix oldu.

-Necə oldu ki, ordu sıralarına getdiniz?

-Hamı necə. mən də elə... Qaçıb gizlənəsi deyildim ki?! Gördüm ki ,Vətənə əsgər lazımdır, mən də getdim. Bəs yaxşı, mən getməyim, o getməsin, kim vuruşmalı idi?

-Hansı döyüşlərdə olmusunuz?

-Orduya yazılandan batalyonumuz harda olub və məni hara göndəriblər, orada da olmuşam. Xoramurd, Şelli, Qaradağlı, Qasımlı, Bağbanlar, Boyəhmədli, Muradlı və Abdal-Gülablı kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak eləmişəm. Döyüşlərdə iki dəfə kontuziya, bir dəfə də, bayaq dediyim kimi, kürək və çiyin nayihəmdən ağır qəlpə yarası almışam. Amma müalicə olunandan sonra dərhal ön cəbhəyə qayıtmışam. (onun “kontuzya” alması söhbət zaman bədən və baş hərəklərindən, həddindən artıq aqresiv danışmağından açıq-aşkar hiss olunurdu)

-Ağır döyüş yolu keçmisiniz. Fiziki sağlamlığınızı itirmisiniz. Bəs indi ətrafınız üçün Şahin kimdir, müharibə veteranı yoxsa?...

-Həm müharibə veteranı, həm suçu, həm də fəhlə Şahin. (gülür). Qardaş mən bəziləri kimi bütün günü çayxanalarda oturub müharibədə olanların üstunə beşin qoyub danışan adam deyiləm. 4 balam var onların çörəkpulunu çıxarmaq üçün bütün günümü əkin sahələrində suçu, tikintidə fəhlə işləməklə keçirirəm. Güya gedib çayxanada qışqırsam ki, ay camahat, mən belə vuruşmuşam... mən belə olmuşam... Onda kim gətirib mənim ailəmə çörək verəcək?! Heç kim!

Ona görə də, olan-olub, keçən-keçib... Əgər yaşayırıqsa, Tanrı bizə yaşamaq şansı veribsə, onda biz də işləyib, çalışıb, min bir əziyyətə qatlaşmaq bahasına olsa da, ailə saxlayıb, layiqli övlad böyütməliyik. Heç istəmirəm də məni müharibə əlili Şahin kimi tanısınlar

-Səbəb?

-Yalançının şahidi yanında olar. Əgər bir kəlmə yalan deyirəmsə, desin... (Şamama xanımı göstərir)  Müharibə başlayandan bitənə qədər soyuq səngərlərdə olmuşam. Güllə yarası bir yana soyuq səngərdə yaş paltarla yatmaqdan tamam yarımcan olmuşam. Digər döyüş yoldaşlarım kimi əziyyətli, zülmlü günlər görmüşəm. Peşman deyiləm, xalqım üçün eləmişəm. Amma indi mənim uşaq böyüdüb ailə saxladığım yerə bax!... (əli ilə çürük taxta çərçivələri olan və həngamasından sınaraq içəri əyilən pənçərəni göstərir. Pəncərənin şüşəsi olmadığından kartonla örtülüb, yağış suları icəri sızaraq divarda ləkələr əmələ gətirib) Cəmi bir otaqda, 3 qız uşağı olmaqla dörd övlad saxlayıram. Evə aldığım iki çörəyin az qala yarısını çurumuş döşəmələrin arasında yaşayan siçovullar daşıyıb yeyir. Bax bu vəziyyətdəyəm... Ona görə də isdəmirəm ki, gələcək nəsil məni müharibə əlili Şahin kimi tanısın. Elə qoy fəhlə Şahin, yoxsul Şahin kimi tanısınlar!

-Mənzil almaq üçün kiməsə müraciət eləmisiniz? Axı siz həm də məcburi köçkünsünüz.

-Dəfələrlə müraciət eləmişəm. Amma bir məhəl qoyan olmayıb. Dəfələrlə qəbullara getmişəm, bəzi adamları evimə dəvət eləmişəm ki, gəlib şəraitimlə tanış olsunlar. Hər dəfə də yalan vədlər verərək məni başdan ediblər. Kimsəyə inamım qalmayıb. Acından ölsəm də, qardaşıma da çörəyə görə ağız açmamışam. Amma gün keçdikcə uşaqlarım böyüyür. Ən azından, üç qız atasıyam. Yəqin başa düşdünüz nə deyirəm. ( üzünü sıra ilə çarpayının üstündə oturub qardaşlarını qucaqlarında yatırtmağa çalışan qızlarına çevirir. Özünəməxsus aqressivləşib yumruğunu sıxır...)

-Bəs indi necə, icra başçısına müraciət eləmisiniz?

-Bəli onun da vəziyyətdən xəbəri var. Bir dəfə məni qəbul edib problemlərimi dinləyib. Söz verib ki, yeni qəsəbə salınan kimi məni evlə təmin edəcək. Raqub müəllim sağ olsun, şəhid ailələrinə, əlillərə, veteranlara xüsusi diqqət göstərir. Bir dəfə səhhətimlə bağlı ciddi problemim var idi. Eşidən kimi məni Rayon Mərkəzi Xəstəxanasında müayinə elətdirib, bir neçə gün orada müalicə altında saxlatdırdı, bir dənə dava-dərmana pul xərcləməyimə imkan vermədi. Kişi olanı deyər, niyə danım ki, o bir neçə dəfə mənə pul yardımı da edib.

-Dediniz ki, həm suçu işləyirsiz, həm də fəhlə... qazancınız ailəni dolandırmağa yetir?

-Bilirsiniz ki, əkin sahələrində iş mövsümi olur. Həmişə olmur. Əkinçilik mövsümü olmayan vaxtda da tanış ev ustalarına fəhləlik edirəm. And olsun Allaha ki, oradan da qazandığım heç dava-dərmanımın pulunu ödəmir.

-Bəs əlilliyə görə pensiya almırsınız?

-Heç veteranlıq pulu ala bilirəm ki, əlillik pulu da alam... O vaxt sənədlər düzələndə məni çox get-gələ saldılar. Mənim də əsəbim tab gətirmədi... Sonra da bütün sənədlərimi yığıb Bakiya getdim. Orada tanış adam var idi, o söz vermişdi ki, düzəldəcək. Mən də evdən bütün sənədlərimi yığdım qospital kağızından tutmuş düz muharibə şəkillərimə kimi hamısını bir qovluğa yığıb torbaya qoymuşdum. Həmin adamla “Neftçilər” tərəfdə görüşməli idim. O ərazidə yerləşən dönərxanaların birində oturub dönər alıb yeyirdim. Torbanı da yanımdaki boş stulun üstünə qoymuşdum. Birdən baxdım ki, torba yoxdur. Kimsə elə bilib puldu, götürüb aparmışdı. Dəfələrlə elan verdirmişəm. Axtarmadığım yer qalmayıb. Fürsətdən istifadə edib sizədə deyirəm ola bilər ki, bir yalnışlıqla səhv salıb götürərlər. Qaytarsalar pis olmaz. Oradan mənə sənəd-mənəd lazım deyil. Mənə vacib olan müharibə zamanı əsgər yoldaşlarımla çəkdirdiyim şəkillərdir. O şəkillərdə elə insanlar var ki, şəkil çəkiləndən bir neçə gün sonra şəhid olub və ya yanımda ayaqüstə dayanıb əllərində silah tutan insanlar indi əlil çəliklə gəzir. (gözləri dolur... əlləri əsməyə başlayır. Söhbət zamanı Şamama xanımda döyüş yoldaşına nə qədər təskinlik versə də, bir faydası olmadı.)

Bax, bu cür oldu hər şey. Indi müharibədə olduğuma dair məndə yalnız qəlpə yaralarının bədənimdə açdığı yarıqlar, bir də bax, belə silahdaşlarım qalıb. Hərənin bir qisməti var, məndə də belə imiş. (onun danışdıqca daha çox əziyyət çəkdiyini görüb söhbətimizi yekunlaşdırmağa çalışdım)

-Təkrar müharibə olsa əgər...

-(Başını qaldırıb bizə diqqətlə qulaq asan ailəsinin üzünə baxır, daha sonra gözlərini yaşadığı otağın cadarlanmış divarlarında və səliqəsiz şəkildə çəkilmiş elektirik naqillərində gəzdirdı. Daha sonra yaşla dolmuş gözlərini döyüş yoldaşına zilləyərək dodağının altında piçildadı).

-Bəli... gedəcəm! Əsirlikdə olan şəhid məzarları illərdir bizi gözləyir.

Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları