Yuxarı

“Qadınlar məscidi” qalmaqalda

“Qadınlar məscidi” qalmaqalda

qad;n mƏmircan qəsəbəsində 100 ildən artıq yaşı olan Binyətlilər məscidi ətrafında qalmaqal yaranıb. 1904-1905-ci ildə Mirzə Malik Abbasquluzadə tərəfindən tikilən qədim abidə təkcə qəsəbədə yox, bütün Bakıda qadınlar məscidi kimi tanınır. Məscidi təmir etdirmək və ibadətin məsciddə keçirilməsinə nail olmaq üçün bir qrup qadın təşəbbüslə çıxış edib. Onlar məscidin nəzdində icma yaradaraq, tarixi abidənin bərpasına nail olmaq üçün müxtəlif instansiyalara müraciət ediblər.

Ancaq bu zamana qədər edilən müraciətlər heç bir nəticə verməyib. İcma üzvlərinin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinə məsələ ilə bağlı ünvanladıqları məktuba müsbət cavab alıblar. Nazirlik icmaya dəstək olacağını bildirib. Ancaq bunun üçün bəzi hüquqi prosedurlardan keçmək lazımdır. Buna rəğmən, icma nümayəndələri yerli icra orqanlarının bu prosesi bilərəkdən yubatdığını deyir. Konkret olaraq, Əmircan qəsəbə nümayəndəliyinin məscidə ünvan verməkdən yayındığı bildirilir.

“Xurafatın qarşısını almaq istəyirik, amma...”

Məsciddə yaradılan icmanın rəhbəri Afət Rzayevanın sözlərinə görə, istəklərinə nail olmaq üçün məsciddə icma yaradılması qanuniləşdirlməlidir, ancaq buna imkan verilmir: “Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, rayon icra hakimiyyəti- bir sözlə, bütün qurumlara müraciət etmişik. Hər yerdə bizi normal qarşılayırlar, istəyimizin həm də haqqımız olduğunu bildirirlər. Çünki biz burda xüsusən qadınlar arasında xurafatın, başqa meyllərin yaranmasının qarşısını almaq üçün dini təhsili olan müəllimin məscidə gəlməsini istəyirdik. Bununla bağlı müraciət etdikdə bizə bildirildi ki, ancaq icma yaratmaqla bunu etmək mümkündür. Müəllim bizim qadınlara təmənnasız dərs keçəcəkdi, özü də savadlı qadındır, İslam Universitinin müəllimidir. Ancaq o da narahatdır ki, razılıq olmadan gəlsə, onun üçün problem yarana bilər. Buna görə də ancaq icma yaradılıb qeydiyyatdan keçdikdən sonra məsciddə dərs keçməyə razıdır. Biz istəyirik ki, qadınlarımız burda kor-koranə ibadət etməsin, dinin əsaslarını bilsinlər ki, sonra təkcə özləri yox, uşaqları da xurafata meyl edərsə, onun qarşısını ala bilsinlər. Amma buna imkan verilmir”.

Abidə “qorunanlar” siyahısına salınmayıb

Həmsöhbətimiz deyir ki, məscidin təmiri ilə bağlı Heydər Əliyev Fonduna da müraciət edilib: “Fonda məktub yazandan sonra  Mədəniyyət və Turizm  Nazirliyindən gəlib məscidə baxdılar. Nazirlikdən bu il iyunun 25-də bizim məktubumuz da cavablandırılıb. Məktubda bildirilir ki, bu abidə 2 avqust 2001- ci il tarixli 132 nomrəli Qərara əsasən dövlət tərəfindən qorunan abidələr siyahısında yoxdur. Buna görə də yerli icra orqanına məsələ ilə məşğul olmaq tapşırılıb. Ancaq ünvan verilməsi məsələsi hələ də yubanır, buna görə də məscidin təmiri mümkün olmur. Halbuki, bura o qədər də böyük vəsait tələb edimir. Qadınlar onsuz da cümə günü məscidə ibadətə gəlirlər. Hərəmiz evimizdən bir şey gətirib məscidin zəruri ehtiyaclarını ödəməyə çalışmışıq.  Bir az kosmetik təmir aparılsa, qadınlarımız xurafata meyl etməkdənsə, dinlə bağlı bilmədiklərini burda ali savadlı müəllimdən birbaşa öyrənə bilərlər. Amma qəsəbə icra nümayəndəsi ünvan məsələsinin həllinə çalışmır.”

“Niyə qadınları hər yerdə ayaqlayırlar?”

Afər Rzayevanın sözlərinə görə, əsas səbəb qadınların fəallaşmasının qarşısını almaqdır: “Bizə icra nümayəndəliyində bəhanə gətirirlər ki, 50 nəfər bir yerə toplaşsa, o məscid uçar. 100 ildən artıq yaşı olan məsciddir, onu Bintəylilər nəsli məhəllə məscidi kimi tikdirib. İndi də bu nəsildən olan yaşlı qadın hər gün məsciddə oturur, öz gücümüzlə saxlamağa çalışmışıq.

Qadınlarımız gedib ibadət edirlər. Məsciddə oturan həmin qadını da bizim icmaya qarşı qoymaq istədilər, güya biz məscidə sahib çıxmaq istəyirik. Amma sonra onunla da danışdıq, bildirdik ki, məscidi heç kəs özününkü etmək istəmir, sadəcə qadınların ibadət üçün toplaşacağı, xurafatdan uzaq olacağı yer istəyirik. Anlamırıq ki, niyə qadınları hər yerdə ayaqlayırlar? Niyə bizim qarşımızı kəsirlər? Deyilənə görə, bu məsciddən başqa Bakıda qadınlar məscidi yoxdur. Niyə yeganə olan bir şeyi qoruyub saxlamağa çalışmırlar? Əgər bu məsciddə dinlə bağlı həqiqətlər öyrədilməsə, əsil ibadət üçün imkan yaradılmasa, başqa meyllər arta bilər. Guya 20-30 qadın cümə günü məscidə toplaşıb bir yerdə ibadət eləsə, müəllim həftədə bir dəfə onlara dərs keçsə, nə baş verəcək? Əslində, qadınlar dini savad alacaq, xurafatdan uzaq duracaq, çünki bizə dərs deyəcək xanım da savadlıdır, bayaq qeyd etdiyim kimi islam Universitetinin  müəllimidir.

 Baxın, qəsəbədəki Nizaməddin məscidinə. İndi qapısına qıfıl vuruldu, çünki ora müxtəlif düşüncəli adamlar gedirdi. Normal ibadətə şərait yaratmasalar, əvəzində belə müxtəlif fikirli insanlar meydana çıxa bilər. Bu isə çox təhlükəlidir”.

“Biz getməkdən yorulduq, onlar yorulmadı”

İcma nümayəndəsinin sözlərinə görə,  qəsəbə  nümayəndəliyinə getməkdən yorulub, ancaq hələ də məsələ həllini tapmayıb: “Biz getməkdən yorulduq, onlar yorulmadı. Bütün instansiyalardan bizim müraciətimizə cavab olaraq bildirilir ki, məsələni qəsəbə icra nümayəndəliyi həll etməlidir, ünvanı o verməlidir ki, daha sonra başqa prosedurları yerinə yetirmək mümkün olsun. İcra nümayəndəliyi isə ünvan vermək məsələsini həll etmək istəmir, sanki qadınlardan qorxurlar.

Sonuncu dəfə bununla bağlı Suraxanı rayon İcra Hakimiyyətində olanda dedim ki, biz daha qəsəbə nümayəndəliyinə getməyəcəyik. Məsələnin həlli ilə bağlı hüquqi müstəvidə mübarizə aparacağıq”. Suraxanı rayon İcra Hakimiyyətinin Əmircan qəsəbəsi üzrə nümayəndəliyindən isə məsələyə münasibət bildirmək istəməyiblər. Nümayəndəliyin özünü təqdim etməyən əməkdaşı bildirib ki, qadınların icma yaratmaq və məscidə ünvan verilməsi ilə bağlı müraciətləri araşdırılır.

Sevil Ağazadə

 





Həftənin ən çox oxunanları