Yuxarı

Dəbdəbəli qəbir daşları: Milyonları “yeyən” ənənə

Dəbdəbəli qəbir daşları: Milyonları “yeyən” ənənə

Seyid Camal Əzimbəyli: “Atamın qəbirdaşı üçün toplanılan vəsaiti kasıblara payladıq”[/caption] Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilirki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır.

Əhalinin ən çox hissəsi islam dininə etiqat etdiyinə görə, mərasimlər də islam dininin qanunlarına uyğunlaşdırılır. Amma bəzən isə heç də dində göstərilməyən, hətta islam dininin qanunlarına zidd mərasimlər həyata keçirilir. Bunlardan biri də dəbdəbəli qəbir daşlarının ucaldılması, büstlərin və qəbir üzərində bahalı tikililərin tikilməsidir ki, bu da nə şəriət qanunlarında, nə də İslam dinində öz əksini tapmayıb. Bəzən kasıb insanlar belə öz doğmalarının məzarını dəbdəbəli tikmək üçün bankdan  kredit götürməyə, borca girməyə məcbur olurlar. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət etsək də,  sualımızı cavablandırmaq istəmədilər.

IMG_8938Məsələyə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının nümayəndəsi, şərqşünas Seyid Camal Əzimbəyli dedi ki, İslam sülhməramlı dindir və İslamda israfçılıq, həddi aşmaq birbaşa olaraq haram buyurulur: “Haqqın rəhmətinə qovuşmuş insanlara dəbdəbəli məzarların tikilməsi, heykəl və büstlərin qoyulması haramdır. Bu məsələ ilə bağlı dəfələrlə mətbuata, televiziyalara ətraflı müsahibələr versək də, insanları, cəmiyyətimizi maarifləndirsək də, insanlarımızın dəbdəbə, şan-şöhrət aşiqliyi o həddə gəlib çatıb ki, bunun heç də qarşısını almaq mümkün olmur. Əksinə, dəbdəbəli məzar daşlarının qoyulması daha da kütləviləşir. Dəbdəbəli qəbir daşlarının qarşısını almaq üçün Dini Qurumlar üzrə Dövlət Komitəsi  Nazirlər Kabinetinə layihə təqdim edib. Layihə təsdiq edilərsə, bu tip halların qarşısının alınması istiqamətində ciddi tədbirlər görüləcək”. Seyid Camal hesab edir ki, bu məsələdə məsuliyyət birbaşa olaraq dövlətin üzərinə düşür, lakin vətəndaş olaraq biz də digərlərinə örnək olmalıyıq: “2005-ci ildə atam rəhmətə getmişdi. Atamın dostları, ziyalı insanlar qərar verdilər ki, böyük bir məzar, büst ucaltsınlar. Lakin mən öz etirazımı bildirdim. Heç cür razı ola bilməzdim ki, ehtiyacı olan yüzlərlə kimsəsiz, fəqir-füqəra varkən mən atamın məzarı üzərində böyük abidə ucaldım. Və təşəbbüsümüzlə həmin məbləği kimsəsizlərlə, fəqirlərlə paylaşdıq. Mən əminəm ki, atamın ruhu da şad oldu. Həmçinin biz özümüz də bu və ya digər şəkildə örnək olmalıyıq, çalışmalıyıq ki, ətrafımızdakılar bizim hərəkətlərimizdən ibrət götürsün.

Bu proses artıq ənənə halına düşəndən sonra tədricən israfçılığın qarşısı alınacaq”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları