Yuxarı

Eneolit dövründə türk mədəniyyəti

Eneolit dövründə türk mədəniyyəti

eneolit

Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə başlayan Eneolit dövrü eranızdan əvvəl Vl - lV minillikləri əhatə edir. Mis yumşaq metal olduğundan daş alətləri bütünlüklə sıradan  çıxara bilmədiyi üçün sözügedən dövrə Mis - Daş dövrü deyilir. İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişikliklər doğuran bu dövrdə cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur. Əkinçilik və maldarlıq daha da inkişaf edir, tayfalararası əlaqələr genişlənir, sinifli cəmiyyətlər üçün zəmin yaranır. Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər: bıçaqlar, iynələr, bizlər və sairə, həmçinin bəzək əşyaları hazırlanmışdır. İnsanlar mis külçəsinə əvvəllər daşın bir növü kimi baxmışlar.

Bu külçələrin daşdan fərqləndiyi onlara yalnız Vl minilliyin sonlarında məlum olmuşdur. Misin yüksək istidə əriməsi, müxtəlif formaya düşməsi, soyuyarkən yenidən bərkiməsi və sairə daşdan fərqləndirilməsinə əsas vermiş, ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə imkan yaratmışdır.

Eneolit dövrünün yaşayış məskənləri əsasən hündür təpələr formasında olub müxtəlif ölçülüdürlər. Bu məskənlərə həm düzən, həm də dağətəyi zonalarda təsadüf edilir. Həmin məskənlər mədəni təbəqələrin qalınlığı ilə səciyyələnir. Bu isə özlüyündə oturaq həyat tərzinin güclü olması ilə bağlıdır. Azərbaycanda qədim oturaq əkinçilik və maldarlıq mədəniyyətini öyrənmək üçün mövcud abidələri tədqiqatçılar iki qrupa bölürlər. Naxçıvanda öyrənilmiş  l  Kültəpənin alt təbəqəsi, Mil - Qarabağ və Muğan düzlərindəki yaşayış məskənləri birinci qrupa aid edilir. İkinci qrup abidələrə Kiçik Qafqaz dağ silsiləsi ilə Kür çayı arasında yerləşən yaşayış məskənləri daxildir.

Yaşayış sahələri 0,5 - 2 hektar ərazini əhatə edirdi. Eneolitin ilk mərhələsində evlər möhrə və ya kərpicdən dairəvi formada tikilirdisə, son mərhələdə dördbucaqlı evlər də tikilməyə başlamışdır. Bundan başqa qazma tipli evlər də mövcud olmuşdur. Yaşayış binaları 10-15 kvadratmetr, bəzən 24 - 28 kvadratmetrə kimi sahəyə malik, təsərrüfat tikililəri isə kiçik ölçülü idi. Vahid planda deyil, pərakəndə halda tikilən yaşayış binalarının davamlılığını artırmaq üçün evlərin divarların qarşısında xüsusi dayaqlar hörülürdü.

Eneolit dövründə Azərbaycanın bütün ərazisində vahid mədəniyyət mövcud idi...

Eyni dövrə aid eyni mədəniyyətin izlərinə Şərqi Anadolu və Cənubi Azərbaycanda  da  rast  gəlinmişdir. Bu  baxımdan cənubda Urmiya gölü bölgəsində və Təbriz yaxınlığında öyrənilmişYanıqtəpə, Dolmatəpə, Göytəpə, Anadoludakı Çatal - Hüyük və sairə Eneolit dövrü məskənlərini misal çəkmək mümkündür. H. Cəfərov yazır ki, həmin dövrdə gön - dəri emalı və bununla bağlı sahələrin də inkişaf etməsi nəticəsində aşılanmış dəridən ayaqqabı, paltar və sairə də hazırlayırdılar. Maraqlıdır ki, dilimizdə işlənən başmaq sözü məhz bizim dilimizdən İran, Dağstan və slavyan xalqlarnın da dillərinə keçmişdir. Bu isə dəridən tikilmiş ilk başmaqları ilk istehsal və istifadə edənlərin məhz türklər olduğunu sübut edir. Alimin sözlərinə görə,hələ Eneolit dövründə təşəkkül tapmış toxuculuq sənəti daha da inkişaf etmişdi. Azərbaycanın bir sıra Eneolit abidələrindən - Kültəpə 1, Hacı Firuz, İlanlıtəpə, Babadərviş, Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları, habelə Əliköməktəpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.

Eneolit dövrü ev sənətkarlığının müxtəlif sahələri içərisində dulusçuluq daha kütləvi istehsal xüsusiyyətləri ilə fərqlənirdi. Neolit dövrünün bəsit və kobud qablarından fərqli olaraq Eneolit dövründə istehsal olunmuş saxsı qablar həm forma, həm də hazırlanma texnologiyasına görə diqqəti cəlb edir. Əhalinin artan tələbatına uyğun yeni qab növlərinin istehsalı mənimsənilirdi.

Onların davamlılığını artırmaq  və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan istifadə olunurdu. Bu dövrdə ən mühüm yeniliklərdən biri saxsı qabların bişirilməsi üçün dulus kürələrinin meydana gəlməsidir. Kültəpə, Şomutəpə, İlanlıtəpə, Əliköməktəpə, Çalağantəpə yaşayış məskənlərində dulus kürələri qalıqlarına da çox təsadüf edilmişdir. Burada dulus kürələri əsasən iki qatlıdır. Alt qatda ocaq qalanır, üst qatda isə saxsı qablar yığılırmış. Əliköməktəpə və Leyletəpə abidələrində dulus kürələri yaşayış yerinin kənarında cəmlənmişdi.

Tədqiqatçıların fikrincə, bu faktı eramızdan əvvəl  5-ci minilliyin axırı və 4 - cü minilliyin əvvəllərində meydana çıxan “icma sənətkarlığının” varlığı kimi qiymətləndirmək lazımdır. Maraqlıdır ki, bu abidələrdə tapılmış saxsı qabların bir qismi sadə quruluşlu dulus çarxında hazırlanmışdır.

Azərbaycanda edilmiş kəşflər...

Öncələr elə hesab edilirdi ki, Azərbaycanda dulus çarxı yalnız son Tunc dövründən tətbiq edilməyə başlamışdır. Dulus çarxının kəşf və ilk dəfə tətbiq edildiyi yerin isə qədim Şumer ərazisi olduğu hesab edilirdi. Ölkəmizin ərazisindən əldə edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib, tətbiq edildiyi məkanın məhz Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu, məhz son Eneolit dövründə baş vermişdir. Maraqlıdır ki, qədim yunan müəllifləri dulus çarxının kəşfini  iskitlərə, başqa sözlə, türklərə aid etmişlər. Məsələn,Posidoniy və  Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus çarxını iskit Anaxarın icad etdiyini yazmışlar.

Tarixçi alim Hidayət Cəfərovun  yazdığına görə, həm ilk gil qabların istehsalı, həm də ilk toxuculuq məhsulları təqribən eyni dövrdə ortaya çıxmışdır. Alim yazır ki, ilk gil qab istehsalı texnologiyası da toxuma sənəti ilə birbaşa bağlı idi. Yəni öncə samandan qabın forması toxunur, sonra isə onun üzərinə gil çəkilirdi. Maraqlıdır ki, bu ilkin texnologiya türk terminologiyasında da çox maraqlı bir şəkildə öz əksini tapmışdır. Məsələ burasındadır ki, əski türk dilində "əyirmək", "əyrilmiş sap", "saman" "zülf", "tel" kimi mənalara gələn "küzük", "küzək " sözləri, eləcə də "toxuculuq aləti" mənasında olan "küzək" ifadəsi olmuşdur. Bundan başqa bu gün Azərbaycan dilində "kuzə" (dolça, su qabı) şəklində işlənməkdə olan bir "küzəc" sözü də  olmuşdur ki, gil qabların xüsusi bir növünün adıdır. "Kasa" sözü də eyni qəbildəndir. Bütün bu sözlərin semantik bağlılığı göz qabağındadır və bu bağlılıq sözügedən ilkin texnoloji prosesin türklərə məxsus kəşf olduğunu sübut etməkdədir.

Belə olmasa idi, bir texnologiyadan digərinə keçid və onlar arasındakı bağlılıq dilimizdə özünü bu qədər qabarq şəkildə göstərməzdi. Maraqlıdır ki, "küzəc" // "kuzə" və "kasa" kəlmələri İran dillərinə, o cümlədən fars dilinə də keçmişdir.

Xalçaçılıq sənətinin ən qədim kökləri...

Mütəxəssislər toxuculuq sənətinin başlanğıcını Neolit, yəni yeni Daş dövrü ilə bağlayırlar. Xalçaçılq sənətinin də məhz həmin dövrdə formalaşmağa başladığı hesab edilir. Nəzərə alsaq ki, ilk kömürləşmiş xalça qalıqlarının və gil qablarda əksi qalmış toxuma izlərin tapıldığı yer  Şərqi Anadolu və Azərbaycan ərazisidir,  bu ərazilərdən tapılan keramika və divar naxışları ilə türk xalça naxışları eynilik təşkil edir, eləcə də elmə məlum ilk xalça e.ə.V əsrə və qədim türklərə aid Pazırık kurqanından tapılmışdır, tam qətiyyətlə söyləmək olar ki, bu sənətin də baniləri əcdadlarımız olmuşlar. Bunu xalçaçılıqla bağlı terminologiya da tam təsdiq edir. Bu barədə bir qədər sonra söhbət açacağıq.

Xalçalardan və xalçaçılıqdan söhbət açan ilk yazılı mənbələrə gəlincə, onlar erkən orta əsrlərə aiddir və onların, demək olar ki, hamısında Sasanilər dövründən və fars - Sasani şahlarının saraylarından söhbət açılır. Bu da bir çoxlarında sözügedən sənətin farslar və İranla bağlı olduğu barədə yanlış təsəvvür yaratmışdır.

Sözügedən mənbələrin, demək olar ki, hamısı barədə Lətif Kərimovun "Azərbaycan xalçaları" kitabının ikinci cildində ətraflı məlumat verildiyindən onları təkrar etmək istəmirik. Fəqət Lətif Kərimovun gözdən qaçırdığı çox qiymətli bir yazılı mənbə də bulunmaqdadır ki, məhz həmin mənbə fars - Sasani şahlarının öz saraylarını bəzədikləri və qiymətli hədiyyə kimi ərməğan etdikləri toxuculuq məmulatlarının məhz türklərə aid olduğunu birmənalı şəkildə sübut edir. Söhbət  Feofilakt Simokattanın qələmə aldığı çox önəmli bir məlumatdan gedir. Həmin məlumatdan belə aydın olur ki, Sasani şahı ll Xosrov Suriyadakı məbədlərin birinə hun əl işi olan ipək toxuma məmulatı hədiyyə etmişdi. Hadisə Vl əsrin sonları-Vll əsrin əvvəllərində baş vermişdir. Lətif Kərimovun misal çəkdiyi mənbələrdə də məhz həmin dövrlərdən söhbət açılır. Azərbaycanda xalçaçılıqla bağlı ilk yazılı mənbələrə gəlincə, onlar sonrakı əsrlərə aiddirlər və bu mənbələr də sözügedən müəllifin sözügedən kitabında yer almaqdadır.

Xalçaçılıqla bağlı terminlər onun sırf türk sənəti olduğunu təsdiq edir...

İndisə bilavasitə xalçaçılıqla bağlı terminologiyaya keçək. Öncə qeyd edək ki, fars və digər İran dillərində əksər xalça növləri "fərş" adlanır ki, bu kəlmə də ərəb kəlməsidir və mənası "ev əşyası" deməkdir. Ərəblər bu kəlmə ilə bütün ev əşyalarını ifadə edir, bu sözü ərəblərdən almış farslar isə yalnız xalça - palaz mənasında işlədirlər. Eyni zamanda, türk mənşəli "qali" və "qaliçe" kəlmələri də yayğındır ki, bu terminlər  "qalın" və "qalınça" terminlərinin fars dilində azacıq təhrifi  ilə ortaya çıxmışdır.

Avropa dillərində yayğın olan "karpet" kəlməsinə gəlincə isə, bu termin də ayrı - ayrı türk ləhcələrində "qarvud", "karvud", "karput", "karpot" kimi adlandırılan və tərəkəmələr tərəfindən toxunan  xüsusi xalça növünün adından qaynaqlanır. Lətif Kərimovun yazdığına görə, bu kəlmənin əsli  "karpot"  şəklindədir. O, "kar" (qarışıq) və "pot" (əyrilmiş sap) sözlərindən yaranmışdır ki, hər iki söz təmiz türk mənşəlidir. Bu kəlmə erməni dilinə də "karpet" (xalça) formasında keçmişdir. Elə bu faktlar da bu sənət növünün bilavasitə bizə aid olduğunun əlavə və təkzibedilməz sübutlarıdır.

Metallurgiyanın da əsasını ulu babalarımız qoymuşlar...

Maraqlıdır ki, Eneolit, yəni Mis - Daş dövrünün başlamasına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birinciliyi iskitlərin, yəni türklərin ayağına yazmışlar. Məsələn, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir. Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır.

Bu yaxın zamanlara qədər rus dilində işlənmiş "bulat" (polad), bu gün də işlənməkdə olan "çuqun" (çuğun) "latun" ("altun" sözündən), eləcə də əksər monqol dilinə keçmiş "timur" (dəmir) və "timuçin" (dəmirçi), fars dilindəki "pulad" (polad) kimi metallurgiya ilə bağlı türkizmlər də metallurgiya sənətinin banilərinin əcdadlarımız olduğunu sübut etməkdədir. Əldə olan məlumatlar türklərin Orta əsrlərdə də metallurgiya sahəsində öncül yerə sahib olduqlarını söyləməyə əsas verir. Təkcə İbn Fədlanın haqqında söz açdığı və dəmir ticarəti ilə məşğul olduğunu bildirdiyi türk Təkini yada salmaq kifayətdir.

Deyilənlərə onu da əlavə edək ki, 2009 - cu idə Tovuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövrünə aid bir abidədən dəmir tapılmışdır ki, bu da Dəmir dövrü ilə bağlı qəbul edilmiş əski təsəvvürləri kökündən dəyişə bilər. O da maraqlıdır ki, T. Kayler - Yanqın haqqında söz açdığı abidələrdən iskit mədəniyyətinin ən qədim nümunələri üzə çıxmşdır və bu fakt Mahan dövlətinin əsas əhalisinin və qurucularınn etnik tərkibi barədə tam təsəvvür yaratmaqda və antik yunan müəlliflərinin iskitlərin dəmirin baniləri olduqları barədə söylədiklərini bütünlüklə təsdiqləməkdədir. İskitlərin Azərbaycanın və Avrasiyann geosiyasi səhnəsində oynadıqları möhtəşəm rol, onların etnik mənsubiyyəti, dili və qədim ədəbiyyatı barədə sonrakı bölümlərdə bir qədər ətraflı məlumat veriləcəkdir.

Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları