Yuxarı

Demoqrafik tarazlıq pozulur

Demoqrafik tarazlıq pozulur

bulvar Cəmiyyət qız övladını niyə istəmir və ya oğlan sevdası nələrə səbəb olacaq?   Bu ilin 9 ayında doğulan körpələrin 53,2 faizini oğlanlar, 46,8 faizini qızlar təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Cəmiyyətin oğlan sevdası isə gender balansını ciddi formada pozur.   Vəziyyət ildən-ilə pisləşir   Cinsi ayrı-seçkilik dünyanın bütün ölkələrində  həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Valideynlər istər bilərəkdən, istərsə də bilməyərəkdən  övladları arasında fərq qoyur. Uşağın cinsiyyətinin məlum olduğu zamanlar hər valideyn ayrı cür hisslər keçirir. Doğulacaq körpənin qız olacağını öyrənən bəzi valideynlər sevinsə də, çoxları bu duruma sözün həqiq mənasında kədərlənir. Çox təəssüf ki, bir çox halda bu durum abortla nəticələnir. Elə bu səbəbdəndir ki, statistik rəqəmlərdə balans fərqi açıq-aydın gözə çarpır.   Əgər ötən ilin statistikasına baxsaq görərik ki, doğulan 170503 uşaqdan 79093-u qız, 91410-u oğlan olub. Bu da ölkəmizdə demoqrafik tarazlığın pozulması deməkdir. Hazırda bəlkə də o qədər narahatçılıq yaratmayan bu statistika gələcəkdə xoşagəlməyən bir mənzərə formalaşdıra bilər. Təbii ki,  demoqrafik göstəricilərin pozulmasına səbəb oğlan istəyən ailələrin sayının çox olmasıdır. Elə buna görə də tələf edilən uşaqların statistikası çox acınacaqlı rəqəmlər ortaya qoyur. Statistik göstəricilərə görə, Azərbaycanda hər il 20 min uşaq abort edilir. Qeyri-rəsmi statistika isə bu rəqəmi 25-27 min arasında dəyişir.   Doğum evindəki oğlan sevdası   Maraqlıdır ki, doğum evində tibb bacıları çöldə səbirsizliklə gözləyən kişiyə içəridəki xanımının oğlan doğması barədə daha canfəşanlıqla xəbər verirlər və qızların doğum xəbəri ilə müqayisədə oğlan muştuluğu və ya nəməri daha “ağır” olur. Oğlan analarının doğum evində qaldığı müddətdə xərclədiyi pul da bir az artıq olur. Belə ki, körpəyə qulluq edən tibb bacıları gedib-gəlib “hörmət” gözləyirlər. Evə gəlişi xüsusi təmtəraqla qeyd edilən oğlan övladı ailədə də daha “ağır çəki”yə sahib olur. Bu davranışın nəticəsidir ki, bizim ailələrdə daha çox oğlan uşaqları “ərköyün” olur.   Paltarın, oyuncağın, otağın- ümumiyyətlə hər şeyin daha yaxşısı oğlan övladına aid olur. Aramızda elə valideynlər var ki, işdən evə gələndə birinci oğlu ilə maraqlanır, onun hal-əhvalını soruşur, problemi ilə maraqlanır. Kənarda boynunu bükən, “sırasını gözləyən” qız övladı isə hələ uşaqlıqdan bu davranışın məhz belə olması gərəkdiyini qavrayır. Düzdür, bu davranışı hər valideynə aid etmək də olmaz, bilirik, övladlarını ayırmayan, qız və ya oğlan olduqlarına fərq qoymayan kifayət qədər valideyn var.   “Gələcəkdə ciddi problemlər yaranacaq”   Baş pediatr Nəsib Quliyevin sözlərinə görə, fizioloji normaya əsasən dünyada doğulan hər 100 qıza nisbətdə 106 oğlan doğulur: “Bu, təbiətin qaydasıdır, bunun niyə belə olduğunu heç kim bilmir. Amma sonrakı zamanlarda məlum olur ki, zaman keçdikcə oğlanların sayı ilə qızların sayı təxminən bərabərləşir. Oğlanlar xarici təsirlərə daha çox məruz qalırlar, yetkin yaşa çatanda bu faiz təxminən bərabərləşir. 50-51 faiz xanımlar olur, 49-50 faiz kişilər. Doğulan oğlanların qızlara nisbətən çox olması milli mentalitetimizdən irəli gəlir. Doğuşdan öncə cinsiyyətin öyrənilməsi mümkün olduqdan sonra oğlanların sayı çoxalmağa başlayıb. Bu, bu gün hiss edilməsə də, gələcəkdə ciddi demoqrafik problem yarada bilər”.   Sosioloq Nail Nəbinin sözlərinə görə, qız-oğlan övladını seçən valideynlər oğlanlara istənilən hərəkət və davranış üçün imkan yaradır, amma qızlara çox şey qadağan edilir: “Oğlan uşağı idmanla məşğul olmaq istəyir, istəyi yerinə yetirilir, amma qız uşağı bunu istəyəndə qadağan edilir. Bizim valideynlərdən istəyimiz odur ki, bu cür hallara yol verməsinlər. Oğlanlar məşğuliyyət seçimində azad olduqları kimi qızlara da bu imkanı yaratsınlar. Onları bir şəxsiyyət olaraq görsünlər”.   Müsahibimiz deyir ki, körpə yaşlarından qızlarla oğlanların yollarını ayırmaq gələcəkdə demoqrafik problemlərin yaranmasına təkan verir və gender bərabərsizliyini daha da dərinləşdirir: “Bizdə isə, hələ anadan olmamış qızların yolunda qırmızı işıqlar yanır, “qadağandır” işarəsi qoyulur, oğlanlara maksimum imkanlar yaradılır. Qızların əzilməsini, ikinci planda qalmasını görərək böyüyən oğlanlar gələcəyin potensial qadın düşmənləri olacaq. Arvadını, övladını əzəcək.   Çünki ona valideynləri qız övladın ikinci planda olmasını aşılayıblar”. Məlumat üçün qeyd edək ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur. Dölün cinsini müəyyən etmək üçün ultrasəs müayinəsinin qadağan olunub-olunmaması məsələsi selektiv abortun qadağası kimi mübahisəli olaraq qalır.   Altay Bayramlı





Həftənin ən çox oxunanları