Yuxarı

Qadınlar ailə planlaması haqda heç nə bilmir

Qadınlar ailə planlaması haqda heç nə bilmir

aile

Bu səbəbdən də abort statistikası gündən-günə çoxalır

Ailələrin istənilən sayda uşaq sahibi ola bilmələri üçün tətbiq olunan üsullara  “ailə planlaması” deyilir. Xüsusilə qeyd edək ki, ailə planlaşdırılması doğumun qarşısını almaq, sonsuzluq yaratmaq demək deyil. Ailə planlaması bir növ nəzarət altında olan doğuş sayı deməkdir. Bu o deməkdir ki, abort statistikasının yüksəlməsində iştirak etmirsiniz. 

Bu gün dünyada mütəxəssislər ailə planlamasını insanları övlad sağlamlığı mövzusunda məlumatlandırmaq, ana ölümlərinin qarşısını almaq və sağlamlığını qorumaq , körpələrin sağlam doğulmalarını və yaşamalarını təmin etmək, yüksək riskli və arzu olunmayan hamiləliklərin qarşısını almaq, uşaq sahibi olmaq istəyənləri tibbi kömək, valideynləri ailə planlamasının vasitələri ilə tanış etmək, daha gənc və ya ahıl yaşda istənməyən hamiləliyin qarşısını almaq kimi xarakterizə edir. Dünyanın bir çox ölkəsində ailələr ödənişsiz formada ailə planlaması seminarlarına cəlb edilir, subay və ya yeni ailə quran gənclər, artıq övladı olan ailələr belə bu treninqlərdə iştirak edirlər. Bəzi ölkələrdə doğum evlərində qoruyucu vasitələr də ödənişsiz paylanır, bu doğuşlararası müddətin tənzimlənməsi üçün vacib hesab edilir. Həkimlər bildirirlər ki, doğumlar arasında minimum 2 il müddət olmalıdır. Əgər birinci uşaqla ikinci uşağın arasındakı zaman bu qədər olmazsa, uşağın və ananın həyatında təhlükə yarana bilər. Bu cür hamiləlikdən doğulan uşaqların azçəkili, fiziki qüsurlu olmaları ehtimalı böyükdür, bəzi hallarda ölüm səbəbləri də məhz bu olur.

Ginekoloq Könül Qarayeva deyir ki, doğuşlar arasında ən az 2 il zaman olmalıdır: “Əgər doğuşlararası müddət kifayət qədər olmazsa, bu cür hamiləlikdən doğulan uşaqların azçəkili, fiziki qüsurlu olmaları ehtimalı böyük olur. Ailə planlaması bu zamanlarda qadınların köməyinə yetir. İndi tibbdə əsasən 3 qoruma vasitəsindən istifadə edilir ki, bunlar da prezervativ-örtüklər, qoruyucu dərmanlar və uşaqlıqdaxili spirallardır. Biz  ən etibarlı və zərərsiz vasitə olan uşaqlıqdaxili spiralları məsləhət görürük. Bu üsulun tətbiqi zamanı uşaqlığın ağzı bağlanır və yumurtalarla spermaların birləşməsinin və hamiləliyin reallaşmasının qarşısı 98 faiz alınır”.

Ginekoloq deyir ki, ölkəmizdəki abort statistikası qadınların hamiləliyin qarşısını almaq üçün heç bir vasitədən istifadə etmədiyini də təsdiqləyir:

“Təsəvvür edin, rəsmi statistika ildə 25 min abort olunduğunu deyir, qeydə alınmayan rəqəmləri də əlavə eləsək, ildə 30-35 min abort hadisəsi baş verdiyini düşünmək olar. Kobud dillə desək, analar öz ailə tərkiblərini istədikləri sayda saxlamaq üçün körpələrini qətl etdirirlər. Əslində, çox qadın bilir qorunmağın yollarını, amma bəzisi qorxur ki, bu vasitələr zərərli ola bilər, bəziləri həyat yoldaşının təkidi ilə imtina edir. Amma elə qadın var ki, ildə 4-5 dəfə, eləsi var 8-9 dəfə aborta gedir, bunu zərər hesab eləmir. Tibbi alətlər abort zamanı uşaqlığın divarına zərər verir və gələcəkdə qüsurlu uşaqların doğumuna səbəb olur”. Həkim deyir ki, uşaqlıqdaxili spirallar düzgün yerləşdirilərsə, zərərli deyil və qadının orqanizmində 3 il qala bilər: “Qadınlarımız  ailə planlaması barədə olduqca az məlumata malikdirlər. Bilənlər həm azdır, həm də daha çox paytaxtda və ölkənin digər böyük şəhərlərində yaşayanlardır. Rayonlarda və kənd yerlərində nisbətən az qadın bu barədə məlumata malikdir. Məlumatı olan və bunu etmək istəyən qadınlar da daha çox ailənin qınağı ilə üzləşir, ya əri, ya da qaynanası qoymur.

Bir və ya iki uşaqla kiayətlənmək istəyən qadın bunu ailədə söyləyəndə ailə böyükləri qəti etiraz edir. Qadın bunu həkimin məsləhəti olduğunu desə də, vəziyyət dəyişmir. Belə ailələrdə qadınlar ən azı 3 uşaq dünyaya gətirməyə məcburdur. Hələ uşaqlar qız olsa məsələ daha da qəlizləşir, ya abort, ya da oğlan olana qədər doğmağa davam edirlər”.

Məlumat üçün bildirək ki, Beynəlxalq Ailə Planlaması Federasiyasınının 1995-ci ildə qəbul etdiyi “Nəsil artırma və cinsi haqlar” haqqında xüsusi bildirişi var. Həmin bildirişə görə, bütün qadınların nəsil artırma zamanı sağlamlığını qorumaq üçün qoruyucu vasitələrdən istifadə etmə hüququ var. Sözügedən bildirişə görə, qadınların ailə planlaması haqqında lazımlı məlumatlarla tanış olması və olunması da zəruridir.

Lalə Mehralı





Həftənin ən çox oxunanları